Əli Kərimli İlham Əliyevin cavabını verdi

aliyev-kerimli3“Antimilli ünsürlər vəzifələrinin öhdəsindən gəlməyib ordunu ölüm konveyerinə çevirənlərdir”

“Məhz həmin o antimilli ünsürlər Azərbaycan cəmiyyətinin də, ordusunun da deqradasiyasına nail olub”

“İlham Əliyev ölkədəki situasiyanı real qiymətləndirmək imkanını itirib”

Yanvarın 15-də prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib. 2012-ci ilin sosial-iqtisadi yekunlarına həsr olunan iclasda İ.Əliyev yenə də ölkədəki yüksək templi iqtisadi inkişafdan, ordu quruculuğu istiqamətində görülən böyük işlərdən danışıb. Azərbaycan ordusunun Cənubi Qafqazda aparıcı hərbi qüvvə olduğunu deyən ölkə başçısı bəzi antimilli ünsürlərin ordumuzu qaralamasına və ona kölgə salmasına heç vaxt imkan verməyəcəklərini bildirib.

Ölkə başçısının çıxışındakı fikirlərə münasibət bildirən AXCP sədri Əli Kərimli hesab edir ki, Əliyev ölkədəki real situasiyanı dəyərləndirmək, Azərbaycanın ciddi problemlər içində olduğunu etiraf etmək əvəzinə, cəmiyyətə doğru olmayan məlumatlar çatdırıb: “İlham Əliyev iddia edir ki, Azərbaycanda ümumi daxili məhsul 2,2 faiz artıb və bu, böyük rəqəmdir. Hətta İlham Əliyev ruhlanaraq Azərbaycanı inkişaf etmiş ölkə kimi təqdim etdi. Əlbəttə, inkişaf etmiş ölkələr üçün bu, böyük rəqəm ola bilər. Çünki onlar inkişafın demək olar ki, zirvəsinə çatıblar. Söhbət, Avropa ölkələrindən, Kanadadan, ABŞ-dan, Yaponiyadan gedəndə bu belədir. Amma inkişaf etməkdə olan ölkələrdə ÜDM artımı daha yüksək rəqəmlərlə ifadə olunur. Bir neçə il bundan əvvəl Azərbaycan 30-32 faizlik artıma nail olurdu. İndi iki faizlik artımı Azərbaycanda böyük inkişaf kimi təqdim etmək tamamilə yersizdir. Təəccübə ən çox səbəb olan məqam bu oldu ki, İlham Əliyev iki məsələdə Azərbaycanın artıq uğur qazandığını iddia etdi. İlham Əliyev elan etdi ki, artıq iqtisadiyyatın şaxələndirilməsi sahəsində qarşıya qoyulmuş vəzifəyə nail olunub. Yəni guya Azərbaycanda artıq qeyri-neft sektoru inkişaf edib, neftdən aslılıq aradan qalxıb və iqtisadiyyat da şaxələnib. Bu tezis heç bir tənqidə dözmür. 2013-cü ilin dövlət büdcəsinin 60 faizi birbaşa Neft Fondundan köçürmələr olacaq. Daha 15 faizi Azərbaycan Dövlət Neft Şirkətinin və digər neft şirkətlərinin vergi ödəmələri olacaq. Beləliklə birbaşa 75 faiz neft sektoru ilə bağlı olacaq. Əlavə olaraq 10 faizə qədər gəlir də digər sektorlardan məhz neft sektoru ilə bağlı olduğuna görə əldə olunacaq. Yəni faktiki Azərbaycanın vergi gəlirlərinin yalnız 15 faizinin qeyri-neft sektorundan gəldiyini iddia etmək olar. Gəlirlərin 85 faizə qədəri neft sektorundan asılı olan bir ölkənin başçısının “artıq iqtisadiyyatı şaxələndirmişik” deməsi reallıq hissini itirməsi deməkdir. Çıxışda ironiya yaradan bir məqam da var. İlham Əliyev elan etdi ki, 2013-də regionların sosial-iqtisadi inkişaf proqramının həyata keçirilməsi artıq başa çatır. Bu proqram on il bundan əvvəl həyata keçirilməyə başladı və məqsəd, regional inkişafı təmin etmək idi. Artıq İlham Əliyev bəyan edir ki, bu proqram başa çatır. İndi hər kəs öz regionunu, oradakı vəziyyəti düşünsün. Onu da düşünsün ki, Azərbaycan hökuməti regionlar qarşısındakı vəzifəsini başa çatmış hesab edir. Təsəvvür edin, büdcə gəlirlərinin 94 faizi tək Bakının üzərinə düşür. Azərbaycan əhalisinin dörddə üçünün yaşadığı bütün rayonlar, kəndlər, respublika tabeli şəhərlər daxil olmaqla hamısı bir yerdə büdcə gəlirlərinin yalnız 6 faizini verə bilir. Baxın, Azərbaycanın regionlarının günü bundan ibarətdir. Dövlət başçısı isə deyir ki, regional inkişaf proqramını artıq həyata keçirmişik. Mən də ironiya ilə sosial şəbəkədəki hesabımda yazmışdım ki, İlham Əliyev özünə görə haqlıdır. Ölkənin hər yerində Heydər Əliyevə muzey açılıb, park salınıb və abidəsi qoyulub. Artıq İlham Əliyev hesab edə bilər ki, regional inkişaf proqramı başa çatıb. Bəlkə regionlarda yeni iş yerləri açılıb, yeni sənaye sahələri yaranıb? Bəlkə kənd təsərrüfatında inkişaf gedib? Bəlkə Azərbaycanda regional infrastruktur bərpa olunub? Azərbaycanın rayon yollarının hansı vəziyyətdə olduğu hər kəsə bəlli deyilmi? Dünyanın 20 ölkəsinə qaz satan ölkənin mühüm bir hissəsinin hələ də qazlaşmadığı hər kəsə aydın deyilmi? Azərbaycanın regionları boşalıb. Kimisi Rusiyaya, kimisi Türkiyəyə gedib, kimisi də Bakıya axışıb. Azərbaycanın dövlət başçısı da elan edir ki, on illik regional inkişaf proqramını başa çatdırırıq. Bu o deməkdir ki, dövlət başçısının yanaşmaları qeyri-realdır, situasiyaya adekvat deyil. Çıxışdan belə qənaətə gəldim ki, İlham Əliyev situasiyanı real qiymətləndirmək imkanını itirib”.

Ə.Kərimli İ.Əliyevin ordu ilə bağlı fikirlərində də eyni yanaşmanın hakim olduğunu deyir: “İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə orduda silsilə şəkildə müammalı əsgər ölümləri baş verir. Bu, cəmiyyətə bir sıra hallarda intihar kimi təqdim olunur, bir sıra hallarda müxtəlif xətalar – yayda istidən, qışda don vurmadan və s. kimi. Bəzi hallarda da xəstəlikdən və ya dava-dalaşdan. Mən atəş xəttində ölənləri nəzərə almıram. Məsələn, ötən il 16 əsgərimizi ermənilərlə müxtəlif lokal toqquşmalarda itirmişik. Bununla bağlı Azərbaycan hökumətinə irad tutan yoxdur. Düşmənimiz var, müəyyən münaqişələr olur və itki veririk. Amma bir ildə 80-ə yaxın əsgərimiz qeyri-döyüş şəraitində dünyasını dəyişib. Bu rəqəmlər hər il üç-beş nəfər fərqlə təkrarlanır. Azərbaycan hökuməti indiyə qədər bununla bağlı bir dəfə də ciddi müzakirə aparmayıb ki, necə olur, qeyri-döyüş şəraitində bu qədər əsgər ölür. Bu yaxınlarda “Azərbaycan saatı”na müsahibəmdə Azərbaycan ordusunun dinc dövrdə verdiyi itkiləri ABŞ-ın rəhbərliyi ilə koalisiya qüvvələrinin İraqda və Əfqanıstanda verdiyi itkilərlə müqayisə etmişəm. Azərbaycan ordusunda dinc şəraitdə itkilər həmin o ağır müharibələrdəki itkilərlə müqayisə olunacaq həddədir.

Bu uşaqların hər biri bir yox, bir çox tale deməkdir. Bir gənc müammalı şəkildə öldürülürsə, onun ailəsi də bədbəxt olur, yaxınları çox ağır zərbə alır. Amma Azərbaycan hökuməti, dövlət başçısı bu günə qədər məsələni ciddi şəkildə müzakirə etməyib. Əksinə, hökumət baş vermiş əsgər ölümlərini, ordudakı problemləri həmişə gizlətməyə çalışıb. Yalnız mətbuatın, əsgər valideynlərinin səylərindən sonra bu cür məlumatlar ifşa olunub. Birinci dəfə idi ki, cəmiyyət baş verənlərə həssas yanaşdı, çox sərt münasibət bildirdi. Minlərlə insan “Əsgərimiz ölməsin” şüarı ilə ciddi etirazlar həyata keçirdi. İlham Əliyevin münasibəti yenə qeyri-adekvat oldu. Azərbaycan cəmiyyəti bu gün əsgər ölümünə bu cür həssas yanaşırsa, ordunu, əsgəri, zabiti istədiyindən belə edir. O əsgər bizim hər birimizin qardaşıdır, övladıdır. Əsgərini sevib ona sahib çıxmaq istəyəni necə antimilli ünsür adlandırmaq olar? Əsl həqiqət ondan ibarətdir ki, məhz antimilli ünsürlərin öz vəzifələrinin öhdəsindən gələ bilməməsinin nəticəsində Azərbaycan ordusu ölüm konveyerinə çevrilib. Qeyri-döyüş şəraitində hər il yüzə yaxın gəncimizi itiririk. Çünki məhz həmin o antimilli ünsürlər Azərbaycan cəmiyyətinin də, ordusunun da deqradasiyasına nail olub. Qanunun işləmədiyi, qeyri-nizamnamə münasibətlərinin hökm sürdüyü bir mühit yaradıblar. Və bu cəzasızlıq ona gətirib çıxarıb ki, cəmiyyətin bir parçası olan orduda da həmin vəziyyət yaranıb. Bu vəziyyət də bizim minbir əziyyətlə böyütdüyümüz övladları məhv edir”.