Elşad Abdullayevin videoları və müəmmalı ölüm faktı ilə bağlı isə sabah dinləmələr olacaq
Yanvarın 16-da İctimai Palatanın Koordinasiya Şurasının (KŞ) iclası keçirilib. KŞ-nin iclasına dönəm sədri Zəfər Quliyev rəhbərlik edir. Zəfər Quliyevin “Yeni Müsavat”a verdiyi məlumata görə, iclasda 12 yanvarda əsgər ölümlərinə qarşı keçirilən mitinq, orduda vəziyyət,13 yanvarda İsa Qəmbərə qarşı Lənkəranda həyata keçirilən hücum müzakirə olunub. Yaranmış ictimai-siyasi vəziyyət ciddi müzakirə edilib. Qərara gəlinib ki, 23 yanvarda saat 12-də İctimai Palatanın təşkilatçılığı ilə xüsusi bir tədbir keçirilsin. “Seçkiqabağı vəziyyət və kriminal iqtidar problemi” adlandırılan tədbirə ekspertlər, siyasətçilər, jurnalistlər, ziyalılar, hüquq müdafiəçilərindən ibarət geniş kontingent iştirak edəcək. Tədbirdə ölkədə seçki ilində yaranmış təhlükəli vəziyyət müzakirə olunacaq. “Turan” İnformasiya agentliyinin rəhbəri Mehman Əliyev tədbirdə məruzəçi olacaq.
Z.Quliyev məlumat verdi ki, iclasda 20 yanvar faciəsinin 23-cü ildönümünün İctimai Palata tərəfindən yanvarın 20-də saat 14-də Şəhidlər Xiyabanını ziyarətlə qeyd olunması barədə qərar verilib.
Z.Quliyev qeyd etdi ki, Koordinasiya Şurası İP-in gənclərin 12 yanvar aksiyasını dəstəklədiyini və əsgər ölümlərindən narahatlığı bölüşdüyünü bəyan edib: “İctimai Palatanın Koordinasiya Şurası cəmiyyətin orduda əsgər ölümlərinin artmasından narahatlığını haqlı hesab edir, bu vəziyyətə görə İlham Əliyev başda olmaqla hakimiyyətin məsuliyyət daşıdığını bir daha bəyan edir, gənclərin sosial şəbəkələrdə təşkilatlanaraq təşkil etdiyi 12 yanvar dinc kütləvi aksiyasını yüksək qiymətləndirdiyini bildirir, hakimiyyətin aksiya ilə bağlı gəncləri həbs etməsini, onların cərimə edilməsini kəskin şəkildə pisləyir, gənclərin “5 qəpik” kampaniyasıını tam şəklidə müdafiə edir. Bu gün bu kampaniyada iştirak edən bir gəncin Nizami küçəsində polis tərəfindən saxlanmasına etiraz edir”.
Z.Quliyev həmçinin məlumat verdi ki, Koordinasiya Şurası Kinomatoqrafçılar İttifaqına və şəxsən Rüstəm İbrahimbəyova qarşı qaldırılan cinayət işinə qəti etiraz edib. Hakimiyyətdən bu təzyiqlərə son qoymaq tələb olunub. Eyni zamanda Naxçıvanda İP üzvü olduğu üçün bir neçə iş adamının saxlanmasını da KŞ qətiyyətlə pisləyib.
Gündəlikdə İP-in 2013-cü illə bağlı fəaliyyət proqramının müzakirəsi olsa da vaxt çatmadığı üçün növbəti iclasa saxlanılıb.
KŞ yanvarın 17-də saat 12-də Elşad Abdullayevin videoları və Sevinc Babayevanın müəmmalı ölümü ilə bağlı keçirəcəyi ictimai dinləməyə hazırlığı da müzakirə edib.