“Freedom House” 2013-cü il üzrə dünya azadlıq indeksini açıqladı
“Azərbaycan, Türkmənistan, Özbəkistan və Belarus isə dünyanın ən repressiv rejimləri adını qorumaqdadır”
«Freedom House» beynəlxalq insan haqları təşkilatı 2013-cü il üzrə “Dünyada azadlıq” hesabatını açıqlayıb. Hesabata görə, dünyanın 195 ölkəsindən 90-ı “azad ölkələr” kateqoriyasına daxildir. “Qismən azad ölkələr”in sayı 58, “azad olmayan ölkələr”in sayı 47-dir.
Seçkiyə söykənən demokratik dövlətlərin sayı əvvəlki tək – 117 qalıb. Gürcüstan və Liviya indi bu kateqoriyaya daxil olsalar da, Mali və Maldiv həmin qrupu tərk edib.
Dörd ölkə – Lesoto, Seneqal, Syerra Leone və Tonqa «qismən azad ölkələr» kateqoriyasından «azad ölkələr» qrupuna keçib.
Daha üç ölkə – Fil Sümüyü Sahili, Liviya və Misir «azad olmayan ölkələr» qrupundan «qismən azad ölkələr» kateqoriyasına yüksəlib.
Hesabatda Azərbaycan «azad olmayan ölkələr» kateqoriyasına daxildir. Bu kateqoriyaya təməl insan haqları və vətəndaş azadlıqlarının yox dərəcəsində olduğu ölkələr daxildir.
Azərbaycan üçün həssas məqam budur ki, rəsmən onun bir hissəsi olan, ancaq indi nəzarətindən kənar qalan Dağlıq Qarabağ müstəqil dövlət yox, ərazi kimi «qismən azad» kateqoriyasına daxil edilib.
Dağlıq Qarabağ “Freedom House” təşkilatının hesabatına daxil edilən 14 mübahisə, ya da münaqişə doğuran ərazidən biridir. Beləcə, həmin ərazi bu hesabatda özəl status qazanıb.
Dağlıq Qarabağdakı separatçı rejimin “qismən azad ölkələr” kateqoriyasına daxil edilməsi bu ərazidə ədalətli prezident seçkiləri keçirilməsinə əsaslanıb. Beləliklə, “Freedom House” təşkilatının hesabatı uzaq perspektivdə ərazi bütövlüyünü ölkənin demokratikliyinə bağlayır, özəlliklə siyasi hüquqlar və vətəndaş azadlıqları prinsiplərinə önəm verir (“Azadlıq” radiosu).
Hesabatda qeyd olunur ki, dünyanın bir çox qüdrətli avtoritar rejimləri Yaxın Şərqdə və Şimali Afrikada baş verənləri narahatlıqla izləsələr də, rejimlərini daha da sərtləşdirməyə daha çox meylli olublar.
2008-2012-ci illər arasında bir çox ölkələrdə, xüsusən Rusiya və Venesuelada haqq və azadlıqlar daralıb. Vladimir Putinin hakimiyyətə qayıtması ilə Rusiyada mənfi meyllər daha da güclənib.
Hesabatda belə bir vəziyyətin daha çox Avrasiya ölkələrinə aid olduğu qeyd olunur. Məsələn, Qazaxıstan, Ukrayna və Tacikistan ötən ili, əvvəlki illərlə müqayisədə daha az azad ölkələr kimi başa vurub. Azərbaycan, Türkmənistan, Özbəkistan və Belarus isə dünyanın ən repressiv rejimləri adını qorumaqdadır.
“Freedom House” bildirir ki, Ermənistanda keçirilmiş rəqabətli seçkilər durumu bir qədər yaxşılaşdırsa, Gürcüstanda hakimiyyətin ilk dəfə seçki yolu ilə müxalifətə keçməsi baş tutsa da, hər iki ölkədə bu proseslər xoşagəlməz faktlarla müşayiət olunub. Məsələn, Gürcüstanın yeni hakimiyyəti dərhal 30-dək siyasətçinin həbsinə qərar verib.
“Freedom House” Azərbaycandan fərqli olaraq Ermənistan və Gürcüstanı “qismən azad ölkələr” sayır.