Ukraynada müharibəni dayandırmaq Putinə çətindir

Britaniyalı tarixçi Ser Lorens Fridman (Lawrence Freedman) karyerasını müharibə və diplomatiyanı öyrənməyə həsr edib. Beynəlxalq münasibətlər, xarici siyasət və strategiya üzrə ixtisaslaşan alim soyuq müharibə, nüvə çəkindirməsi və hərbi əməliyyat siyasəti kimi mövzularda kitab və məqalələr yazıb. 2019-cu ildə “Oxford University Press” nəşriyyatı onun “Ukraine And The Art Of Strategy” (“Ukrayna və strategiya sənəti”) adlı kitabını dərc edib.

Müasir müdafiə və xarici siyasət sahələrində nüfuzlu şərhçi olan Fridman AzadlıqRadiosunun gürcü xidmətinin əməkdaşı Vaja Tavberidzeyə müsahibəsində Moskvanın Ukraynadakı müharibəsi, hər hansı tərəfin mütləq qələbəsi ehtimalı və Rusiya Prezidenti Vladimir Putinin nə üçün nüvə silahına əl atmayacağı haqda danışıb.

“Qazandıqlarını saxlaya bilmədilər”

Fridman öz kitablarında müharibələrin demək olar heç vaxt planlaşdırıldığı kimi getmədiyini yazır. Müharibələr planlaşdırıldığı kimi getməyəndə isə hər şey səhvlərin bədəlindən asılı olur. Lorens Fridman bunun Ukraynada apardığı müharibə kontekstində Rusiya üçün nə demək olduğu haqda sualı belə cavablandırıb:

“Bu, müəyyən dərəcədə ifrat haldır. Çoxumuz Rusiyanın müharibəyə gedəcəyinə şübhə edirdik. Heç vaxt bunu istisna etməmişəm. Ehtimalı heç vaxt istisna etmək olmaz. Ancaq buna skeptik yanaşmalar ümumən Rusiyanın necə qələbə qazana biləcəyini görməyin çətinliyinə əsaslanırdı. Ukraynanın ərazisi, əhali, ordu, insani güc, üsyanlar və müqavimətlə üzləşmək üçün … bunların hamısına ehtiyac var idi.

Rusiyanın heç Ukraynadakı ilkin hərbi əməliyyatları da uğurlu olmayıb. Bu, müharibələrin planlaşdırıldığı kimi getməməsinin, məsələn, 2003-cü il İraq müharibəsindən daha yaxşı misalıdır. Çünki 2003-cü ildə İraqda müharibənin hərbi hissəsi ilk vaxtlar plan üzrə getdi. Problem sonrakı gedişatda idi. Bu müharibədə isə onlar heç vaxt sonrakı gedişata gedib çıxa bilmədilər. Kiyevdə marionet hökumətlə nəticələnəcək bir neçə günlük müharibə əvəzinə indi bütün Ukraynanı lərzəyə gətirmiş, Rusiyanın müasirləşməsini on il [geri salmış], onminlərlə, bəlkə də 100 mindən çox insanı öldürmüş qanlı müharibəni görürük. Özü də çox cüzi qazanc müqabilində. Rusiyalılar daha çox müharibənin başlanğıcında mənfəət əldə ediblər. Onların da bir hissəsi sonradan itirildi, çünki qazandıqlarını saxlaya bilmədilər. …Əldə etdikləri [az saylı ərazilər] də proses gedişində məhv edilib. Buna görə də onların böyük aktivlər ələ keçirdiklərini deyə bilmərik. Ona görə də bu, qeyri-adi dərəcədə faydasız müharibədir”.

Azadlıq radiosu