Mayorun deyə bilmədikləri

“Ehtiyatda və Istefada olan Zabitlər” Ictimai Birliyi Azərbaycan ordusunda insan haqlarını yanvarın 15-də keçirdiyi dəyirmi masada müzakirəyə çıxarıb. Tədbirdə Müdafiə Nazirliyinin nümayəndəsi, mayorÿIbrahim Rüstəmov çıxış edib. Onun çıxışının oxucular üçün də maraqlı ola biləcək bir hissəsini diqqətinizə çatdırım. Bu çıxışda söhbət son günlər aktuallığıyla ölkə gündəminə pərçimlənmiş bir korpusdan gedir.
“Şəmkir korpusu coğrafi şəraitinə, relyefinə görə gərgin bir yerdə yerləşir. Buna görə, orada psixoloci gərginlik də yüksək səviyyədədir. Tez-tez baş verən itkilərin də birinci səbəbi budur. Uşaqlar bütün günü dağa qalxıb-enirlər. Əsas səbəb budur. Ikinci səbəb də xarakterlə bağlıdır. Gəlin, görək, xidmətə göndərdiyimiz əsgər hansı xarakterlə, hansı savadla, hansı dünyagörüşü ilə gedir əsgərliyə. Əsas da fiziki hazırlığın aşağı olması problemdir. Elə şeylər də var, deyə bilmirəm”.
Mayor nələri deyə bilməyib? Buna sonra toxunarıq. Ancaq əvvəlcə dediklərinə baxaq. Şəmkir korpusu relyefinə görə gərgin yerdədir. Olsun. Vətənin coğrafi mövqeyi belədir: Aranı, dağı var. Başqası gəlib burda xidmət edəsi deyil. Dağı da, Aranı da bu Vətənin oğulları qorumalıdır. Ordumuzun büdcəsi Ermənistanın dövlət büdcəsindən çoxdur – bunu ali baş komandan fəxrlə deyir. Qaçqınlarla görüşlərdə, həm də təkrar-təkrar. Büdcəsi böyük olan ordunun təchizatı da yüksək səviyyədə olmalıdır. Olmalıdır, ancaq olmur. Əsgərə odun aldırırlar, əsgərə elektrik qızdırıcısı aldırırlar, əsgərə yanacaq (neft, benzin) aldırırlar. Daha doğrusu, əsgərin valideyninə. Bəs hanı büdcədən ordu üçün ayrılmış pullar? Dubay, Karlovı-Varı villalarının, ofşor zonalara axıdılan milyardların bir mənbəyi də bu pullara bağlı deyil ki? Mayor bunları bilməz yəqin…
Ötən il hərbi xidmətə çağırılmış kasıb bir ailənin övladı onun andiçmə mərasiminə gəlmək istəyən valideynlərinə zəng vurmuşdu: “Andiçməyə gələndə mənə yemək-zad gətirməyin, nə qədər imkanınız çatır… bit dərmanı(!) gətirin” (yeri gəlmişkən, gərək ki, bu əsgər elə Şəmkir korpusunda xidmət edir). Bu, mayorun deyə bilmədiklərindən sayıla bilər.
Mayor əsgərlərin savadsızlığına, fiziki hazırlığının aşağı olmasına diqqət çəkir. Bəlkə bu da valideynin günahıdır? Azərbaycan məktəblərində vəziyyət hər kəsə bəllidir. Misir Mərdanovun məktəblərinin başlıca məqsədi təhsilsiz, səviyyəsiz nəsil yetişdirməkdir. Əsgərlikdəki nə qədər uşaq evlərinə məktubu başqasına – oxuyub-yaza bilən yoldaşlarına yazdırır.
Orduda xidmət etmiş zabitlərdən biri danışır ki, “politzanyat” vaxtı əsgərləri yoxlamaq üçün onlardan Cənubi Amerikanın xəritəsində Azərbaycanı göstərmələrini istəyib. Çox axtarsalar da, onlar öz Vətənlərini xəritədə tapa bilməyiblər(?!). Azərbaycanın niyə bu xəritədə olmadığını da anlatmaqda çətinlik çəkiblər. Misir Mərdanov bunu oxumaya da bilər. Mayorun öz işidir…
Fiziki hazırlığa gəldikdə, bu da ölkədəki ümumi durumun, əhalinin (kasıb əhalinin) yaşayış səviyyəsinin göstəricisidir. Analoqsuz inkişaf, regionların çiçəklənməsi, əhalinin maddi durumunun günbəgün yaxşılaşması… nağıllarının nümunəsidir. Fiziki cəhətdən daha çox sağlamlıq tələb edən hərbi hissələrə kasıb, imkansız ailələrin övladları yerləşdirilir. O ailələrin ki, onların uşaqlarını yaxşı hərbi hissələrə saldırmağa pulları olmur. Bu yaxınlarda bir valideyn danışırdı ki, uşağın davamlı həyəcan dolu zənglərindən sonra iki inəyini satıb rüşvət qarşılığında “dağdan endirib”. Indi bir qədər rahatlandıqlarını, uşağın salamat qayıdacağına ümidləndiklərini deyir. Elə bu da mayor deyə bilmədiklərindəndir. Daha bir deyə bilməyəcəyisə, yəqin ki, əsgərlərin maaşıdır. Ordudan yenicə qayıtmış bir əsgərdən nə qədər maaş aldığını soruşmuşdum. O, bunu zarafat kimi qəbul etmişdi: “Əsgərlərə maaş verirlər?!”…
Köşənin imkanlarının məhdud olduğunu görüb mayora haqq qazandırmaq istədim. Doğrudan da hər şeyi demək olmur. Sadəcə yer çatmır…