Qardaşı Səməd Pənahlı onun ölümlə hədələndiyini deyir; baş verənlərlə əlaqədar Ilham Əliyevə müraciət olundu
Məhbus siyasətçi Nemət Pənahlı yenə cərimə təcridxanasına salınıb. Bu barədə Nemət Pənahlının həyat yoldaşı Həcər Pənahlı “mediaforum”a məlumat verərək bildirib ki, onun xahişindən sonra hüquq müdafiəçilərindən bir nəfər də xəbəri dəqiqləşdirib: “Yanvarın 14-də səhər saatlarında Nemət evə zəng edib dedi ki, Mədət Quliyev 17 saylı cəzaçəkmə müəssisəsinə bir nəfər leytenant təyin edib. Həmin şəxs özü məhbuslara deyib ki, ”mən Mədət Quliyevin qohumuyam, istədiyimi edəcəm”.
Bu adam gələn kimi Nemətə deyib ki, kitablarını yığışdır, rəfləri sök. Amma onun bu göstərişi yerinə yetirməsini gözləmədən, dərhal kitabları cırmağa başlayıb, rəfləri qırıb”.
Həcər Pənahlı əlavə edib ki, yanvarın 15-də həyat yoldaşının təkrar zəng edəcəyini gözləyib: “Özü demişdi, amma günortaya qədər gözlədim, zəng olmadı. Sonra bir hüquq müdafiəçisindən xahiş etdim ki, Nemətdən bir xəbər öyrənsin. Onun araşdırması zamanı bəlli oldu ki, həyat yoldaşımı 5 sutkalıq cərimə təcridxanasına salıblar”.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov bildirib ki, Nemət Pənahlının cərimə təcridxanasına salınması haqda onlarda məlumat yoxdur: “Cəzaçəkmə müəssisələrindən xəbərlər bizə hər günün sonunda daxil olur. Biz yalnız səhər saatlarında Nemət Pənahlının cərimə təcridxanasına salınıb-salınmaması haqda dəqiq məlumat verə bilərik”.
17 saylı cəzaçəkmə müəssisəsinə təyin olunan yeni zabit və onun məhbuslara hədə-qorxu gəlməsi ilə bağlı məsələyə gəlincə, Mehman Sadıqov bildirib ki, Penitensiar Xidmətin rəisi Mədət Qulieyvin heç bir qohumu penitensiar sistemdə çalışmır: “Ümumiyyətlə, heç bir zabit məhbuslara hədə-qroxu gələ, ictimai-siyasi, dini baxışlarına görə onları aşağılaya bilməz”.
Qardaşı Səməd Pənahlı isə “Azadlıq” radiosuna açıqlamasında Nemət Pənahlının 17 saylı cəzaçəkmə müəssisəsində ölümlə hədələndiyini bildirib. Onun sözlərinə görə, qardaşı cəzaçəkmə müəssisəsində baş verən qanunsuzluqlar haqqında ictimaiyyətə məlumatlar verəndən sonra ona qarşı təzyiqlər daha da artıb: “Leytenant özünü Mədət Quliyevin yaxın qohumu kimi təqdim edir. Hər gün Neməti təxribata çəkir. Deyir ki, sən burda məhv olunacaqsan”.
Səməd Pənahlı deyir ki, qardaşını təxribata çəkmək üçün yanvarın 14-də onun yanında olan Ilqar adlı məhbusu döyüblər. Nemət Pənahlının kitablarını isə cırıblar. Bu haqda Nemət Pənahlı qardaşına zəng vurub deyib. Bundan sonra Səməd Pənahlı baş verənlərlə bağlı prezidentə müraciət edib: “Yazmışam ki, Nemətin başına bir iş gəlsə, məsuliyyəti onlar daşıyır. Inanmıram ki, prezidentin bunlardan xəbəri yoxdur. Yoxdursa, yenə yazdım ki, olsun”.