Ukrayna prezidenti Volodimir Zelenskinin administrasiyası yanvarın 17-də Aleksey Arestoviçin istefa ərizəsini qəbul edib.
Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, prezidentin müşaviri Aleksey Arestoviç istefa ərizəsi yazıb. O bu haqda Facebook-da yazıb.
“Sivil davranış nümunəsi göstərmək istəyirəm: prinsipial səhv istefa deməkdir”, – o yazıb.
Arestoviç həmçinin prezident aparatının rəhbəri Andrey Yermakın adına yazdığı ərizənin surətini də yayıb.
+++
Ukrayna parlamenti – Verxovna Radanın deputatı Aleksey Qonçarenko deyib ki, Ukrayna prezidentinin müşaviri Aleksey Arestoviçin vəzifəsindən azad edilməsi üçün tələbnaməyə imza toplanmasına başlanıb.
Deputat bildirib ki, o habelə Arestoviçin dövlətə xəyanət əməli törətməsinin araşdırılması üçün Ukrayna Təhlükəsizlik Xidmətinə (SBU) müraciət edib.
Qonçarenkonun fikrincə hakimiyyət “Arestoviçin hərbi mövzuda fantaziyalarının prezident administrasiyasının mövqeyinə dəxli olmadığına” dair rəsmi bəyanat verməlidir.
Azadlıq radiosu