İdmançılardan ibarət dəstənin təminatına polis rəisləri də cəlb edilib
DIN-in nəzarətində olan 150 nəfərlik idmançı dəstəsilə bağlı yeni məlumatlar əldə etmişik. Xatırladaq ki, bu dəstənin üzə çıxması müxalifətə qarşı istifadə edilən “mülki geyimlilər”dən Nofəl adlı şəxsin ifşasından sonra baş verib. Nofəl polis işçisi deyil. Polisin adamı olduğunu yaxın çevrəsindən gizlədir. Polislə əməkdaşlığı “əsl kişiyə yaraşmayan” hal kimi qiymətləndirir. Nofelin qanun, qanunçuluğa münasibəti birmənalı neqativdir, buna işarə kimi onun telefonunun fon rəsmlərində kirminal aləmin avtoritetlərinin fotolarının olmasıdır.
DIN isə bu məsələ ilə bağlı açıqlamasında Nofəlin polis olduğunu iddia etmişdi. Lakin sonrakı məlumatlar bu iddianın əksinini ortaya qoydu. Həmin məlumatlarda bildirilirdi ki, Nofəl tək deyil. Onun kimi 150 nəfərdən ibarət dəstə var. Bu dəstədə birləşənlər idmançıdır. Dəstə DIN-in Baş Mühafizə Idarəsinin rəisi Yaşar Əliyevin müavini polis polkovniki Sabir Quliyevin tabeliyindədir. Dəstə üzvləri hər ay 500 manat alırlar. Onların maaşını Bakıda fəaliyyət göstərən iri ticarət mərkəzlərindən birinin sahibi ödəyir. Bu şəxslərin hansı polis idarəsindən və ya bölməsində çalışdığı bəlli deyil. Dəstənin sərəncamında 30 maşın var. Dəstənin evsiz üzvləri Polis Akademiyasının yataqxanasında məskunlaşıb.
Dünən əldə etdiyimiz məlumatlara görə, dəstənin şərti adı “Yarasa”dır. Polis rəislərin əhəmiyyətli hissəsi də bu dəstənin təminatı ilə məşğuldur. Məlumatlarda o da bildirilir ki, dəstə üzvlərinin yaşadığı yataqxanada Bərdədən olan iki qadın da məskunlaşıb. Onlardan birinin oğlu dəstənin üzvüdür. Adı da Ruslandır.