Bu qanun xalqla düşmənçilikdir

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rafiq Manaflı

İlham Əliyev “Siyasi Partiyalar haqqında” qanunu imzaladı və bu mürtəce qanunla hədəflədiyi məqsədlər istiqamətində ilk nəticələr də əldə etdi. Demokratiya və Rifah Partiyası partiya olaraq fəaliyyətini dayandıraraq yenidən hərəkat formatında fəaliyyətini davam etdirməyə məcbur edildi.
Təbii ki, hakimiyyət olaraq siyasi rəqabət qabiliyyətin yoxdursa, rəqiblər səni siyasi spektrin bütün rənglərində şübhə yeri qoymadan üstələyirsə zordan başqa yol qalmır. “Siyasi Partiyalar haqqında” qanun isə zordan, dərəbəylikdən başqa bir şey deyil – qanun əlində, məhkəmə əlində.
Amma bu kömək edəcəkmi? Ölkə sosial uçurumun kənarındadır. İkinci Qarabağ müharibəsindən üzübəri ölkədə sosial problemlər gündəmdən çıxarılıb. Sanki Zəngəzur, koridor və ya geosiyasi gəlişmələrdən başqa bu ölkənin problemləri yoxdur. Bu məsələlərin aktuallığını qorumaq üçün hətta Brüssel sülh pəncərəsi qapadıldı. Münaqişənin tarixində ilk dəfə bizim maraqlarımızı bu qədər dəqiq ifadə edən bir müqavilədən imtina edildi. 35 ildir davam edən bu münaqişəni sülhlə bitirmək üçün bir daha belə bir imkanın yaradıla biləcəyinə inanmıram. Sonradan məlum oldu ki, hətta Makron bəhanəsi uydurma imiş. Paşinyan harada “Makron olmazsa olmaz” tələbini irəli sürdüyünü sübut edən sənəd göstərilməsini istəyib, Əliyev “mənə Hikmət Hacıyev dedi” deyə atıb günahları sözçüsünün üstünə. Və beləcə diqqəti sosial problemlərdən yayındırmaq üçün növbəti xəyanət törədilib.
Sosial problemlərdən isə qaçmaq mümkünsüzdür. Dövlətin bütün başqa işləri məhz ölkə daxilində sosial məsələlərin həllinə – xalqın həyat səviyyəsinin və təhlükəsizliyinin təmin olunmasına xidmət edir. Heç bir Zəngəzur, yaxud lider dövlət xəyalları xalqın qarnını doyuzdurmur. Ac xalqın dövlətinin lider xülyalarına düşməsi özü məzhəkədir.
İlham Əliyev və onun avtoritar rejimi göydən səbətlə düşməyib, indiyədək mövcud olmuş və indi olan yüzlərlə avtoritar rejimlərdən bəlkə də ən zəiflərindən biridir. Belə rejimlərin taleyini xalqlar, rejimlərin, o cümlədən Azərbaycan rejiminin özlərinin öz fəaliyyətləri ilə yaratdıqları xalq üsyanları həll edirlər.
Əliyevin “Siyasi Partiyalar haqqında” qanunla məhv etməyə çalışdığı partiyalar, özünün yaradacağı o seli macərasından çıxmağa imkan verməmək üçün həyati əhəmiyyət daşıyırlar. Belə qüvvələrin olmaması ölkəni uzunmüddətli idarəetmə böhranına, xaos bataqlığına çuğlayar. Bu qanunla alternativləri məhv etmək bu xalqa sadəcə düşmənçilikdir.