Tofiq Yaqublunun xəstəxanaya köçürülməsi istənilir

İnzibati qaydada 30 gün həbs edilən və 7-ci gündür aclıq aksiyası keçirdiyi bildirilən Müsavat üzvü Tofiq Yaqublunun xəstəxanaya köçürülməsi istənilir.

Bu barədə yanvarın 11-də T.Yaqublu ilə görüşən həkim Adil Qeybulla AzadlıqRadiosuna danışıb. Onun sözlərinə görə, T.Yaqublunun qan təzyiqi 80/60-a düşüb, başgicəllənmələri var, özünü halsız hiss edir. “Hazırda onun xəstəxanaya köçürülməsinə çalışırıq”, – o bildirib.

Bu deyilənlərlə bağlı, hələlik, Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Dövlət Departamenti Yaqublu və Hacıyevi ‘operativ qaydada’ azad etməyə çağırır

Yanvarın 9-da ABŞ Dövlət Departamentinin təmsilçisi hazırda Azərbaycanda həbsdə olan hökumət tənqidçiləri Tofiq Yaqublu və Bəxtiyar Hacıyevin həbsinə münasibət bildirib.

“Biz Bəxtiyar Hacıyevin, Tofiq Yaqublunun həbsindən və saxlanılmasından dərin narahatlıq hissi keçiririk”, – Dövlət Departamentinin nümayəndəsi Ned Prays (Ned Price) gündəlik brifinqdə “Turan”ın sualına cavabda bildirib.

“Hakimiyyəti onları operativ qaydada azad etməyə çağırırıq”, – o, sözünə davam edib.

Yaqublu və Hacıyev hazırda həbsdə aclıq aksiyası keçirdikləri bildirilir.

Prays deyib ki, ABŞ əvvəlki kimi insan hüquqları və əsas azadlıqlara hörmətin təşviqinə sadiqdir: “Biz bir daha hökuməti öz vətəndaşlarının hüquqlarına, o cümlədən baxışlarını dinc şəkildə ifadə etmək hüququna hörmət etməyə çağırırıq”.

ABŞ Dövlət Departamentinin təmsilçisi bundan əvvəl də ictimai fəal B.Hacıyev ilə bağlı oxşar çağırışlarını dilə gətirmişdi.

N.Praysın bu açıqlamarına, hələlik, Azərbaycanın rəsmi qurumlarından münasibət almaq mümkün olmayıb. Amma rəsmilər, bir qayda olaraq, ölkədə fundamental azadlıqların qorunduğunu iddia edirlər.

Müsavat qərargahında aksiya…

Daxili İşlər Nazirliyinin (DİN) İnzibati Qaydada Həbs Olununlanların Saxlanma Məntəqəsində verilən yeməyin keyfiyyətinin artırılması tələbi ilə artıq beşinci gündür aclıq aksiyası keçirdiyi bildirilən Müsavat üzvü Tofiq Yaqubluya dəstəyin genişləndiyi deyilir. Onun başlatdığı aclıq aksiyasına qoşulan şəxslərin sayının artdığı bildirilir.

Yanvarın 9-da Müsavat Partiyasının qərargahında yeddi nəfər T.Yaqublunun müdafiəsi məqsədilə aclığa başladıqlarını açıqlayıblar. Onlar Müsavat üzvü Əziz Məmiyev, AXCP üzvləri Babək HəsənovƏlizamin SalayevTofiq MəmmədovCeyhun NovruzovSakit Məhəmmədli və Əlizamin Kazımlıdır.

T.Yaqublunun xanımı Maya Yaqublu da ərinə dəstək məqsədilə artıq dörd gündür aclıq aksiyası keçirdiyini vurğulayır.

Azadlıq radiosu