Badam gözlüm, aramızda nokia var!
Rza Talıbı
Qulağımda çox tük var, bəzən çaxmağla onları yandırıram, qorxuram mənə “qulağı tüklü” desinlər: tanrı hamıya bir özəllik vermiş, mənədə qulağ tüklülük!
Çaxmağın özəlliyi budur, siqaret yaxar, qulağın tükünü alar, yemək pişirməyə fayda,….oooh, çoxlu faydası var qardaş, bəzən fikirləşirəm , siqaretmi yanır, yoxsa çağmaqmı, ikisi de eyni zamanda alışır… bir, ya iki saniyə fərqləri var… görürsən, ağıl qalmıyıb bizdə…. məktub yerinə, çağmaq, siqaretə girdim…
Əziz qardaşım, sənə bir şey deyəcəyəm, bilirəm, çox uzaqdasan, şəkillərə baxıram-gözləriniz çox incədir. Uşağlıqda sizlərin hamınızı japonlu bilərdim, “cumung” diziləri var idi, onlara baxardım, amma hamısı çinli , japonlu…
Mən bir ölkədə doğuldum ki, orda hər şeyə gülərlər, gözə, qulağa, rəngə, boyaya, dilə….bu ölkədə hər şeyə ad qoyarlar, gözü incəyə japonlu, qara dəriyə, kaka siyah (qara qardaş), dili fərqli olana kəndli, öküz… Bağışla, başını ağrıdıram, amma doğurdan belədir. Bəlkə inanmayacaqsan, bizim ölkədə, türk kələməsi yasaqdır, bizə “azeri” deyirlər, mən də bilmirəm nədir. Amma bizə “qulağı tüklü” deyən çaxmağlar bu kəlməni sevirlər. Ooooh, o qədər “azeri”sözü var kitablarda, gəl görəsən, amma biz hələ kefimizdəyik; farsalar var burda, bunların dilində yazırıq, deyirlər əski sultanlarımızda bu dildə yazıblar. Hər gün mədrəsədə fars dilində marş oxuruq. Hər gün evlərimiz yıxılır, hər gün bir azeri doğulur, bir türk ölür burda qardaş. Mədrəsədə mənə gülülrər, k hərfini düzgün ifade edə bilmirəm, vallah babam belə öyrətdi mənə, yoxsa mənim bu işlərdən başım çıxmaz.
Qardaş, İran çox güclüdür. İraqı vurdu, bomba atdı, şəhərləri dağıtdı… Biz də küçələrdə belə oynardıq: biri İran olardı, biri İraq, amma ikimiz də türkcə dava edərdik!!!
Qardaş, Çin malları niyə belədilər, heç yaxşı deyillər, vallah, anam heç sevməz onları. İki dəfə mənə şalvar aldı, iki ay sürmədi, yırtıldı orası- burası, bilmirəm, bəlkə siz daha yaxşısını tapıb geyinirsiz?
Qardaş, TV-də görürdüm, orda dava olmuş, qan var, aksiya var, amma bizim TV-lər sizləri “baş qaldıran”, “üsyançı” adlandırdılar. Niyə belə edirsiniz? Oturun yerinizdə, işləyin, para qazanın, ev alın, evlənin, bankada hesab açın… Bilirəm əsəbləşirsən mənə, amma gərçəkdir, bax , qulaq as mənə, sizlərin çinnilərilə nə sorununuz var? Onlar yaxşı adamlardılar, bizə hər gün çoxlu məhsullar göndərirlər, çox da ucuz. Hamı alır, siz də başınızı salın aşağıya alın, qullanın!
Bilirəm, indiyə deyəcəksən, dilləri çox zordur. Bax, nə deyirəm: şair kitablarını oxu, sonra yabancı dilə o qədər sevgin artar ki, bilməzsən. Bizdə də elədir – qızların hamısı farsca danışan oğlanı sevər, farsca şeirlər deyər. Bəli, hələ harasını görübsən?! Farsca oxuyan müqənnilərin dəlisidilər. Gördün, dilin heç önəmi yox?!
Bax, onlarla qaynaşın, birgə olun. Dili, dini, burax, bu dünya pul dünyasıdır. Bax, getdiniz aksiyada iştirak etdiniz, sonunuz nə oldu, qan, dava, aramsızlıq. Biz də bu işlərdən görüdk, 2006-cı ildə. Bizə də dedilər “tarakan xalqı”, amma sonu nə oldu, oturduq yerimizə, soğandan , toyuğdan danışdıq! Başa düşdünmü?
Bax, qardaşım İranda indi 35 miliyon Türk var, amma ha bağır, havar et, səslə, heç kimsə daduva yetişməz. Türkiyəsindən tut, ta Quzey Azərbaycanına. Çünki biz Çin malı alan, fars dili sevən amerikan uşağlarıyıq!
Obama özü dedi, siz mənim uşağlarımsınız, inan Türkiyədə elə deyirlər. Çünkü kimsə bizi uşağlığa qəbul etmir, bizdə belədir – riyakarlıq, şöhrət, məqam, mənsəb, qulluq çoxdur, alışmışıq, çünkü indi bunların zamanıdır!
Qardaşım, oturun yerinizdə, bayraq- falan, çıxartmayın, sabah dalınızda söz olar, mən dedim, özünüz bilərsiniz. Bir də başqa bir söz. Bqğışla, qarışıq danışıram, mən belə bir insanam, əngim qızışsa susmaz; bax, əgər Çin dilinin, Çin malının qədrini bilməsəz, Allah sizi də tutar, zəlzələ göndərər, hamınızı öldürər. Bizim mollalar belə deyirlər. Onlar düz danışarlar, onlar Allahın təmsilçiləridlər!
Məsələn onlar gördülər, Qarabağda küfr var, müsəlmanlıq yox, erməniləri Allah əmrilə oraya göndərdilər, ta küfrün izini silsinlər. İndi Urmuda da kürdləri göndəriblər, ta “Xəyyamı” təmizləsinlər; bilmirsən, “Xəyyam Xiyabanında”nə işlər görünür, Allah uzaq eləsin!
Əziz qardaşım, məndən demək, yenə sənə deyirəm, başqa yerlərə ümidiniz olursa, eviniz yıxıldı, çünkü sizləri hamı Çinli tanır, vallah… Bizləri hamı ya İranlı, ya Azeri tanır, qardaş. Dünyanın işi belədir, ordasan kef elə, çıxıb getsən başqa yerə, qardaşın, bacın da səni tanımaz, hələ qalsın qandaşın…
Haralardasan Əşi! Qəşəng otur yerinə, düzgün bir çinli ol, bizim kimi. Gündə Facebookda, tiviterdə yayırlar, ay belə, ay elə.. yalandı! Biz hamımız yalançıyıq. Analarımız, torpağ altında qalan insanlarımız, şairlərimiz… inan, bizlər qul olmuşuq, alış verişdəyik, ona görə bu məktuba inanma, çünkü gərçləkləri yazsaydım, məni yaşatmazdılar. İnan, gündə bir maildə, bir commentdə mənə “satqın” deyirdilər, yazardılar, amma indi hədiyyələr, mükafatlar başımdan tökülər…
Qardaş, yadımdan çıxmasın: iki simkartlı nokia cib telfonları orda ucuzdur, bir dənə mənə göndər, nə olur. Bilirsən, vallah indi hər şey puldur, qardaşlığda əski qardaşlığlar. Bu söz aramızda qalsın, çox yekə danışanlara da inanma. Mən imtahan etdim, onlar da acdılar. Qarnı toxları da var, haşa səndən, görsələr, adamın ailəsini yox edərlər. Sən də bir azeri yox, çinli türklər saytı aç, vəziyətin yaxşı olar, məndən demək, burda sizləri çinli bilirlər,bizi de azeri!
Kömür üzlü bir qardaşını unutma! Üzülmə! Çaxmağlar bir gün qaranlığı yaxacaq, sənin gözlərinə, mənim qulağıma kimsə çinli, kimsə iranlı demiyəcək. Bilmirəm, bəlkə nokiadan gələn səsimə inanmırsan?! İki simkartlı nokialar anten verirmi?