Minimum əməkhaqqı 345 manat oldu. Bu, gəlirlərə və xərclərə necə təsir edəcək?

Azərbaycanda minimum ayılıq əməkhaqqı 345 manat oldu. Müvafiq sərəncamı Azərbaycanın dövlət başçısı imzalayıb.

“Minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilsin”, president.az saytında yayılmış sərəncamda deyilir.

Lakin bəzi iqtisadçılara görə, qərar iqtisadiyyatın bəzi sahələrinə yük yaradacaq, çünki ölkədə gəlirlərin bölüşdürülməsinə qeyri-bərabərlik mövcuddur.

Bu fikri bölüşən iqtisadçı Elçin Rəşid əmindir ki, son artım “kövrək olan qeyri-neft sektoruna”, sahibkarların xərclərini artırmaqla, “mənfi təsir edecək”.

“Sahibkarların xərcləri iki istiqamətdə artırıldı, həm əməkhaqqı formasında, həm də dövlət müdafiə fonduna ödənişlər formasında”, Elçin Rəşid deyir.

İqtisadçı Fərid Mehralızadə hesab edir ki, minimum əməkhaqqının artmasına görə şirkətin xərci artırsa, sahibkarlar da ya məhsulun qiymətini artırmalı, ya da ixtisarlar etməlidirlər. Bu isə məhsulun aşağı düşməsi və inflyasiyaya zəmin yaradır.

İndiyədək minimum ayılıq əməkhaqqı 300 manat olub. Onun təxminən 15 faiz artması, hazırkı inflyasiyanı qarşılamış olur.

Belə ki, Azərbaycan Mərkəzi Bankının ötən ilin sonunda yaydığı məlumata görə ölkədə inflyasiya 14,7 faiz təşkil edir. Adətən belə hesab olunur ki, maaşların artması və ya pul kütləsinin çoxalması inflyasiyanın güclənməsi ilə nəticələnir.

Manat

Bəs görəsən, hazırkı halda belə hesablamalar özünü doğrulda bilərmi?

Elçin Rəşid bu suala mənfi cavab verir. Onun sözlərinə görə, ödənişin mənbəyi tamamilə Neft Fondu olacaq və hazırda iqtisadiyyata gələn dollar transferlərinə görə manat güclənir.

“Hər dəfə Neft Fondundan dollar köçürüləndə manat güclənir. Manatın güclənməsi antiinflyasiya effekti yaradır”.

İqtisadçı Fərid Mehralızadə hazırkı artımın normal yaşayış üçün kifayət olmadığını hesab edir. Onun sözlərinə görə, əhalinin xərclərinin təxminən 60 faizi qidaya və ərzaq məhsullarına sərf olunur. Sırf həmin məhsullarda bahalaşma isə 22 faizə yaxındır.

“Ona görə mən 345 manatı heç bir halda minimum tələblərə yetəcək bir məbləğ hesab etmirəm. Hələ nəzərə alın ki, son bir-iki il ərzində ölkədə kommunal ödənişlər də artıb”.

İqtisadçı Azərbaycanın 2000-ci illərin ortalarında Avropa sosial xartiyasına qoşulduğunu xatırladır. Oraya qoşulanlar isə öhdəlik götürür ki, minimum əmək haqqı orta aylıq əməkhaqqının təxminən 60 faizinə bərabər olmalıdır.

“Bizdə hazırda orta əmək haqqı 830 manat ətrafındadır. Yəni bu məntiqə görə minimum əməkhaqqı ən azı 500 manata yaxın olmalıdır.”

Minimum əməkhaqqının artırılması üçün 440 milyon manata yaxın vəsaitin ayrılması nəzərdə tutulur, Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Bakıda keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, minimum əməkhaqqı artırılacaq şəxslərin 440-450 mini dövlət sektorunda çalışanlardır. Keçən il hökumət elan etmişdi ki, qərar 600 min nəfərə təsir edəcəkdir.

Minimum əmək haqqının artmasından əvvəl yaşayış minimumu də artırılıb. Bu il üçün onun ölkə üzrə məbləği 246 manata çatdırılıb və ilk dəfə olaraq ehtiyac meyarı ilə bərabərləşib.

Bbc.com