Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli
Bu dəfə o həmişə olduğu kimi şərlənərək, heç bir hüquqi əsas olmadan inzibati cəza alıb, 30 sutkanın tamamında, yəni, 22 yanvar tarixində azad ediləcək. Ona görə aydındır ki, Tofiq bəy aclığı özünə görə etmir, Binəqədi təcridxanasındakı dözülməz qeyri-insani şəraitə etiraz olaraq aclığa başlayıb.
Tofiq bəyin ailə üzvlərindən əldə etdiyim məlumatlara əsasən bilirəm ki, orada saxlanılanlara yaxınları taxta peçenye və sudan başqa heç nə gətirə bilməzlər.
Təcridxananın verdiyi yemək və çay o qədər keyfiyyətsiz, hətta iyrəncdir ki, onları yeyib-içməkdənsə, günlərlə ac qalmaq yaxşıdır.
Əvvəllər təcridxananın yaxınlığındakı dönərxanadan dönər alıb gətizditmək olurmuş, son vaxtlar o da qadağan edilib. Beləliklə də, cəzasını çəkən şəxslər bir ay, bəzənsə iki ay boyu yalnız taxta peçenye və su ilə qidalanmaq məcburiyyətində qalırlar.
Bunun özü də bir işgəncədir. Xüsusilə, bir balaca mədə-bağırsaq problemi olan insanlar orada əsl əzab yaşayırlar.
Tofiq bəy xəstədir, ciddi müalicə alır. Təcridxanada, aydındır ki, sistem qoydura bilməz, ancaq, heç olmasa dərmanlarını düzənli şəkildə qəbul etməlidir. Dərmanları ona veriblər, ancaq qəbul edə bilmir. Çünki, taxta peçenye ilə qidalanmaqla ağır dərmanlar qəbul etmək mümkün deyil, orqanizmi buna dözməz.
Qanunvericiliyə görə nəzərdə tutulan ailə görüşləri də pandemiya bəhanəsilə uzun müddətdir ki, qadağandır. Pandemiya var indi, harada görmüsünüz onu?!
Bilirəm ki, mənim statuslarımı ölkə rəhbərliyi izləyir. Bu detalları da ona görə yazıram. Binəqədi təcridxanasındakı qeyri-insani mühit aradan qaldırılmalıdır. Bunun heç kimə faydası yoxdur, ziyanı isə çox ola bilər.
Tofiq Yaqublu bəyə azadlıq!