AXCP-dən cərimələrlə bağlı çağrış

Gözəl Bayramlı: «Cəmiyyəti demokratiyanın bərqərar olunması üçün mübarizə aparan insanlara yardım etməyə səsləyirik»

Əsəgər ölümlərinə etiraz olaraq yanvarın 12-də Bakıda keçirilən aksiyada saxlanılanlardan bir neçə nəfər, onlardan alınan iltizama uyğun olaraq, bu gün yenidən Səbail Polis İdarəsinə gediblər və oradan Səbail Rayon Məhkəməsinə aparılıblar. Məhkəmə onları yeni qanuna uyğun olaraq yüksək məbləğdə cərimələyib. Nəticədə 15 nəfər aksiya iştirakçısı 400-600 manat arası cərimələniblər. Aksiyada iştirak etdiklərinə görə, AXCP sədrinin müşaviri Məmməd İbrahim, AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı, AXCP fəalı Vüsal Bayramov, NİDA İH üzvü Turqut Qəmbər, Həmid İsayev 500, Azər Kazımzadə,
Zakir Rəhmanov, Sübhi Həsənov 400, AXCP Ali Məclisinin üzvü Babək Həsənov, AXCP fəali Renat Nəcəfov, Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı, NİDA üzvü Rəşad Həsənov, “Azad gənclik” təşkilatının rəhbəri Ülvi Həsənli 600, AXCP fəalı Arif Balayev 450, Eltac Əlisoy isə 300 AZN
Cərimələniblər.
Son aksiyada iştirak edən 15 fəalın cərimələnməsinə münasibət bildirən AXCP sədrinin müavini Gözəl Bayramlı bildirdi ki, aksiyalarda saxlanılan vətəndaşlara qarşı bu cür münasibətin sərgilənməsi hakimiyyətin növbəti yanlışıdır. Cərimələnən şəxslərin ordudakı özbaşnalığa qarşı etiraz edərək aksiyaya çıxdıqlarını vurğulayan G.Bayramlı bildirdi ki, hakimiyyətin bu özbaşnalığı, qanunlara etinasız münasibəti ilə sabah hər kəs qarşılaşa bilər: «Baş verənlər bütövlükdə Azərbaycan cəmiyyətinin problemidir. Onu görə çağrış etmək istəyirəm ki, bu gün Azərbaycanda demokratiyanın bərqərar olunması üçün mübarizə aparan insanların üzləşdikləri hakimiyyətin sərt cəza tədbirinə qarşı onlara yardım edilsin. Hakimiyyət bu addımı qəsdən atıb. Cəmiyyətin müqavimətini qırmaq üçün öndə olan insanları bu cür cərimələyib. Cəmiyyəti bu insanların arxasında durmağa səsləyirəm. Düşünürəm ki, bu istiqamətdə yardım etmək üçün bir kampaniya başlatmağa ehtiyac var. Buna görə bank hesabı da açıla bilər. İmkanı olanda, olmayanda bu hesaba pul köçürməlidir ki, cərimələnən şəxslər arxalarında toplumun dəstəyin hiss etsinlər. Çünki onlar cəmiyyətin bütövlükdə problemləri üçün mitinqə çıxıblar. Düşünrəm ki, cəmiyyət bizim bu çağrışımıza səs verəcək. Bu istiqamətdə biz bir neçə dəfə müraciət etmiş və xalqı arxamızda görmüşük».
G.Bayramlının fikrincə, bu dəstək kampaniyası ilə hakimiyyətə nümayiş etdirilməlidir ki, cərimələnənlər arxasız deyil və toplum onun hüquqları uğrunda mübarizə aparanları dəstəkləyir.

İnformasiya şöbəsi