ABŞ-la müharibənin arxasında hakimiyyət dayanır

Fuad Qəhrəmanlı: «Hökumətin razılığı olmadan rəsmi KIV-lərdə belə bir məqalə dərc edilə bilməz»

«Bu cür cavablarla Amerikanı mövqeyindən çəkindirmək mümkün deyil»

“Washington Post”da Ilham Əliyevi “müsəlman diktator” adlandıran son məqalədən sonra Azərbaycanın rəsmi qəzetləri yenidən antiAmerika təbliğatına başlayıblar. Məsələn, “Azərbaycan” qəzeti son saylarının birində “ABŞ-ın xarici siyasəti dünya nizamında ciddi fəsadlar törədir” başlıqlı məqalə dərc edib. Amerikanın dünya ölkələri ilə bağlı siyasətini kəskin tənqid edən məqalədə Azərbaycanın Qərbin diktəsi ilə getmədiyi və müstəqil siyasət apardığı iddia olunur: “Azərbaycanın öz maraqlarını müdafiə etməsi və buna uyğun müstəqil siyasət aparması belə qüvvələri qıcıqlandırır. Bəzən isə təkcə Cənubi Qafqaz regionunda yox, həm də postsovet məkanında yer alan ölkələrin perspektivi ilə bağlı ambisioz planların reallaşması yolunda maneəyə çevrilir”. Məqalədə o da qeyd olunur ki, Azərbaycan postsovet məkanında ABŞ-la yola getməyən ölkələr arasında bəlkə də birincidir. Belə vəziyyət isə özünü fövqəldövlət hesab edən ABŞ-ın maraqlarına uyğun gəlmir.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlının sözlərinə görə, Qərb mətbuatında yer alan hər belə yazıdan sonra Azərbaycanın rəsmi qəzetlərində obyektiv reallığı əks etdirməyən materiallar dərc olunur: “Azərbaycan hakimiyyəti ölkənin beynəlxalq imicinə zərbə vuran əməllərindən çəkinmək, korrupsiyaya, antidemokratik mahiyyətinə son qoymaq əvəzinə bu cür ucuz vasitələrə əl atır. Halbuki rəsmi qəzetlərdə dərc edilənlər hətta daxili auditoriyaya da çatmır. Azərbaycanda bu qəzetləri oxuyan yoxdur. Bunlar  daxili ictimai rəyə ünvanlana bilməyən yazılardır. Sadəcə olaraq hökumət bu yolla öz mövqeyinin nədən ibarət olduğunu nümayiş etdirməyə çalışır ki, biz bu cür tənqidləri qəbul etmək fikrində deyilik. Həm də bu yolla mesaj verirlər ki, Azərbaycan hökuməti mürtəce siyasi kursunu davam etdirəcək”.
F.Qəhrəmanlının sözlərinə görə, bu mövqeyi Azərbaycanın müstəqil daxili siyasət yürütməsi kimi təqdim etmək olduqca gülüncdür: “Demokratiya, insan haqları və seçki məsələləri artıq qloballaşıb. Bunlar heç bir ölkənin daxili məsələsi deyil, bəşəri problemlərdir. Azərbaycanın bu sahədə islahatlar aparması ölkənin beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəlikdir. Hakimiyyətin antidemokratik mahiyyəti, korrupsiyaya bulaşması tənqid olunanda mütləq tənqid edən tərəf qərəzlilikdə ittiham olunur. Bu yolla hökumət özünə bəraət qazandırmaq istəyir. Amma bu cür cavablarla qarşı tərəfi mövqeyindən çəkindirmək mümkün deyil. Birincisi, bu tənqidləri səsləndirənlərin sayı o qədər çoxdur ki, onların hamısına qarşı savaş açmaq mümkün deyil. Indi təkcə Qərbin yox, bütövlükdə Qərbin Azərbaycanla bağlı mövqeyi belədir. Ikincisi də, Azərbaycan hakimiyyəti bu cür cavablarla özünün islaholmazlığını göstərir. Rəsmi KIV-də aparılan bu əks-təbliğat əslində əks-effekt verir”.
F.Qəhrəmanlı deyir ki, “Azərbaycan” qəzetində dərc edilən bu məqalə birbaşa hakimiyyətin mövqeyini ifadə edir: “Hökumətin razılığı və ya sifarişi olmadan rəsmi KIV-lərdə xarici siyasətlə, xüsusi çəkisi olan dövlətlərlə bağlı hər hansı məqalə dərc edilə bilməz. Bu məqalə də özfəaliyyət deyil, hakimiyyətin sifarişidir. Hakimiyyət bu yolla öz aləmində onu tənqid edənlərə cavab verir”.

Gültəkin