ANS, döyüş kimin alnına yazılıb?

Ötən ilin axırlarında “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi KIV-də apardığı monitorinqin nəticələrinə, müxtəlif mənbələrdən əldə edilən məlumatlara əsasən 2012-ci ildə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkilərin statistikasını açıqladı. Bəlli oldu ki, bu rəqəm 97 nəfər təşkil edib, 91 nəfər yaralanıb (və ya xəsarət alıb). Dünyasını dəyişənlərin 16-ı erməni gülləsinə tuş gəlib, 3-ü minaya düşüb, 1-i əməliyyat zamanı, 77-i isə qeyri-döyüş hallarında vəfat edib. Bi açıqlamadan sonra mətbuatda əsgərin xidmət yoldaşını gülləməsi sorağı yayıldı.
Xırdalandan hərbi xidmətə çağırılan 18 yaşlı Ceyhun Qubatov 98-ci, 99-cu oldu, bilmirəm. Onun da adı ölüm statistikasına düşdü. Tək ananın tək balası Ceyhunun hərbiyə gedəndən sonra anası ilə çəkdirdiyi fotodan da görünür, gəncin üzündə problemlər var. Cılız, problemli gənci Səfər Əbiyevin “komanda”sı hərbiyə aparmamalıydı. Salamat apardılar, öldürüb qaytardılar. Ceyhunun ölümü öncə virtual aləmi bir-birinə qatdı. Bunacan da belə ölümlər baş vermişdi. Təcrübədə Murovda güllələnən yeddi əsgər, Pərviz Isgəndərov, Ismayıl Ibayev… vardı. Ailələri hələ də onların qatilini axtarır, anaları hələ də “balamı qaytarın”- deyir. Qəzetlərə çıxmaqdan, dövlət qurumlarının, hərbi prokurorluğun, vətəndaş cəmiyyəti təmsilçilərinin, insan hüquq və azadlıqlarının müdafiəçisi olan beynəlxalq təşkilatların, səfirliklərin qapısının ağzında gecələməkdən beziblər. Onların faciəsinə ictimaiyyətdən belə kəskin reaksiya, ciddi çağırışlar gəlməmişdi. Ceyhun Qubatovun ölümü paytaxt Bakını çalxaladı. Insanların səbr kasası doldu, daşdı. Əsgərin xidmət etdiyi Daşkəsəndə, keçmiş deputat Əhəd Abiyevin “əhatə dairəsi”ndə olan rayonda çoxları onun ölümündən xəbərsizdir. Bakıda yaşananlardan xəbərsizdir. Ölkə vətəndaşları olaylardan xəbərsizdir. Facebook dağılır, gənclər hiddətlənir, bəyanatlar verilir, müxalifət qəzetləri yazır, millətə xəbər yetmir. Məsələnin ictimailəşməsi bəs etmir. Çünki Azərbaycanda xəbərin bütün insanlara çatdırılmasının tək yolu var – televiziyalar. Televiziyalar susur. Susdurulur. Elə bil bu ölkənin Ictimai televiziyası heç yoxmuş. Elə bil Əliyevlərin təbliğatını aparan televiziyalar azmış, mütləq ITV bu məsələdə ön sıralarda olmalıymış. Əsgər ölümlərinə qarşı susqunluq Ictimaini biryolluq sıradan çıxartdı. Onun AzTV-nin yedəyində süründüyünü təsdiqlədi. Xalqın az-çox umacağı yer ANS, ITV-di. ITV belə getdi, ANS də elə. ANS bu dəfə haqlı cəzasını aldı. Gündəlik efirində nisbi açıqlığı, fəallığı ilə qalan televiziyalardan seçilən telekanal həmişə olduğu kimi kritik situasiyalarda əsas üzünü göstərdi. Ilk iki günü susdu, üçüncü gün internet televiziyalarının Ceyhun Qubatovun döyülərək öldürülməsi barədə iddiaların anasının dilindən səsləndirildiyini görüb çəkiliş həvəsinə düşdü. Ailənin qəzəbi, cəsarəti üzündən də yas mərasimindən qovuldu. Əsgər ocağından qovulmalarının üstünü vurmadan hər halda fakt fakt olaraq kiçik süjetlə çatdırıldı. Səhəri gün isə gənclərin etiraz aksiyalarından qorxuya düşənlərin tapşırığı ilə Ceyhunun anasının dilindən aksiya əleyhinə fikirlərə geniş yer ayırdı. Yaxşı-yaman ITV-dən fərqli olaraq ANS ocağa bir balaca köz atmışdı. Üfürüb alışdırmaq yerinə üfürüb söndürdü. Bu durum millətə Qarabağ, vətənpərvərlik, döyüş dərsi keçən ANS-ə dərs olmalıdır. ANS-in liderlik zamanı çoxdan ötüb. Bakıda, internetdən istifadənin geniş yayıldığı iri şəhərlərin əhalisi arasında ANS nüfuzunu itirib (ITV-nin heç nüfuzu olmayıb). Bunlar bəlli. Amma uğursuzluq zolağındaykən alınan zərbədən silkələnmək çağıdır. Hər zaman hər şeyi bağışlamaq olmur. Xalqın qəzəbiylə ANS-in adının AzTV-nin, ITV-nin sırasına yazılması günü də var. Belə getsə, bu yazıya lap az qalıb. Bizə beşinci (AzTV, Mədəniyyət, Idman, ITV) AzTV gərək deyil. Yazını tamamlayıb aksiyaya gedirəm. Axşam gözüm ANS-də, ITV-də olacaq. Görək kim AzTV adını doğruldacaq.

Sənubər Ismayılqızı

P.S. Bu arada, Gülər Əhmədovanın oğlunu da əsgər apardılar. Salamat qayıtsın. ANS-çi “Ilqar Mikayıloğlunun bacısı oğlu” (ifadə Gülər Əhmədovaya məxsudur), Gülər Əhmədovanın oğlu olmaq ona problem yaratmasın. Yoxsa ANS-in əlinə fürsət düşər.