9yanvar-esgerolumu2

Əsgər atasından Ceyhun Qubatovun anasına çağırış

«Bu qaniçənlərin şirin vədlərinə inanmayın, mənim də oğlumu öldürüblər, amma təqsirkarlar cəzasız qalıb»

“Bu qaniçənlər min bir əziyyətlə böyütdüyümüz övladlarımızı aparıb hərbi xidmətdə öldürürlər. Biz uşaq böyütmüşük ki, hansı məmurun harınlığı ucbatından onu itirək?!”. Bu sözləri “Azadlıq”a oğlu hərbi xidmətdə ölən Abasət Əliyev bildirib.
Dünən Fəvvarələr Meydanında əsgər ölümlərinə etiraz olaraq keçirilən aksiyaya qatılan Abasət Əliyev deyib ki, iki ildən artıqdır, oğlunun ölümü ilə bağlı müxtəlif instansiyalara müraciət edir, lakin heç bir nəticə yoxdur: “Mən düz iki ildir ki, ölkə başçısı Ilham Əliyevə və digər səlahiyyətli şəxslərlə müraciət ünvanlayıram. Şikayət yazmaqdan barmaqlarım döyənək bağlayıb. Hətta mətbuat vasitəsilə, daha dəqiqi ”Azadlıq” qəzeti vasitəsi dəfələrlə müraciətlər etmişəm. Amma oğlumun ölümünü araşdıran yoxdur. Çünki bunları əsgər maraqlandırmır. Bunlar yalnız ölkəni necə talayıb varlanmaq barədə düşünürlər. Mənim oğlum hərbi xidmətdə olarkən xəstələnib və baxımsızlıq üzündən dünyasını dəyişib. Şikayətlərimdən sonra gözdən pərdə asmaq üçün hərbi hissənin feldşerini həbs etdilər və ona şərti cəza verdilər. Halbuki oğlumun ölümündə əsas təqsirkarlar hərbi hissənin rəhbərliyi idi. Mən dəfələrlə onların məsuliyyətə cəlb olunmasını tələb etmişəm, xeyri olmayıb. Oğlumun ölümünü araşdıran Kəngərli rayon Prokuorluğu bu adamları açıq-aşkar himayə edərək məsuliyyətdən yayındırıb. Prokuror Müşfiq Həsənov mənə deyir ki, bir əsgərə görə zabitləri həbs edə bilmərik. Bu qədər qansızlıq olarmı? Ona görə də mən hesab edirəm ki, övladları hərbi xidmətdə ölən əsgər valideynləri mütəmadi olaraq aksiyalar keçirməlidir”.
Abasət Əliyev Daşkəsəndəki “N” saylı hərbi hissədə döyülərək öldürülən əsgər Ceyhun Qubatovun anasına da çağırış edib: “Mən o əsgərin şəkillərinə baxanda ürəyim ağrıdı. Açıq-aşkar görünür ki, uşağı döyüb öldürüblər. Mən onun anasının nəzərinə çatdırmaq ki, bu qansızların şirin vədlərinə inanmasın. Öz başıma gələn hadisədən bilirəm ki, günahkarlar məsuliyyətdən kənarda qalacaq. Ona görə də Ceyhun Qubatovun anası onu, ümumiyyətlə biz əsgər valideynləri müdafiə edən qeyrətli gənclərimizə arxalanmalı və mübarizəsini davam etdirməlidir”.
Xatırladaq ki, Naxçıvan sakini Abasət Əliyevin oğlu Məhəmməd Əliyev 2010-cu ildə xidmət etdiyi hərbi hissənin rəhbərliyinin məsuliyyətsizliyi üzündən dünyasını dəyişib. Bu barədə dəfələrlə “Azadlıq” qəzeti və digər KIV-lərdə yazılıb.