İqtisadçı ekspert Rövşən Ağayev
Təhsil naziri bu gün karyera inkişafı ilə bağlı keçirilən tədbirdə bildirib ki, uzun müddət Azərbaycanda gənclərin böyük əksəriyyətinin düşüncəsində həyatda uğurlu olmaq üçün vacib olan 3 əsas amil arasında təhsil olmayıb.
Bəs 3 əsas amil hansılar olub? Nazirin dediyinə görə bəxt, pul və qohum-tanışlıq.
Əslində çox obyektiv nəticədir – 30 illik siyasi idarəçilik nəyi stimullaşdırıbsa, o inkişaf edib, nə əkibsə, onu biçib.
Amma gənc nazirimiz 30 ilik itirilmiş zamana, itirilmiş ömürlərə, enerjiyə, əldən buraxılmış fürsətlərə rəğmən gələcək 30 il üçün nikbindir. Nikbinliyin səbəbi nəymiş? Cənclər arasında təhslilin önəmini artırmağa yönəlmiş önəmli addımlar atılır. Məsələn, hər il “Yüksəliş” müsabiqəsi keçirilir və bilikli gənclər yüksək maddi təminat və iş şəraitilə vəzifələrə aparılır. Nazir hesab edir ki, bu mexanizmlər uzunmüddətli vədədə meritokratik sistemin oturuşmasına, nəticədə gənclərin təhsilə olan həvəs və marağının artmasına səbəb olacaq.
Gerçəkdən də son illər hətta şəxsən tanıdığım xeyli gənclərimiz dövlət idarəçilyində uğurla irəliləyə bilirlər. Kənardan da idarəçilikdə gəncləşmə, xaricdə və daxildə yaxşı təhsil almış məzunların rahatlıqla idarəçilikdə iş tapa bilmələri aydın görünür.
Amma bir meritokratiya məsələsində nazirlə razılaşmayacam. Çünki meritokratiya yalnız bilik və bacarıqlara əsaslanan idarəçilik üsuludur. Azərbaycan reallığında isə bilik və bacarıqdan savayı sədaqət də çox önəmlidir (hətta 1-ci yerdədir). Ən bilikli və bacarıqlı şəxsin siyasi sistemə sədaqətindən kiçicik bir şübhə ona layiq olduğu heç bir işi tapmağa imkan verməz. Meritokratik sistemədə məmurlar üçün siyasi partiyalar, prezident qarışıq yüksək post tutan şəxslər gəldi-gedərdi – onlar yalnız təlimatla üzərinə düşən vəzifələri icra etməyə mükəlləfdirlər.
Qısası, işin içərisinə sədaqət qarışıdıqda, bunun adı nədirsə, meritokratiya olmur…