Korpus komandiri ilə Səfər Əbiyev arasındakı ziddiyyətlər dərinləşir
General-leytenant Ceyhun Qubatovun dağdan yıxılaraq öldüyünü iddia edir
General-leytenant Rövşən Əkbərov komandanı olduğu Şəmkir hərbi birləşməsinə daxil olan Daşkəsəndə yerləşən “N” saylı hərbi hissənin əsgəri Ceyhun Qubatovun ölümündən danışıb. O, “Mediaforum” saytına müsahibəsində Ceyhun Qubatovun döyülərək öldürülməsi barədə deyilənləri təkzib edib: “Əsgəri döyməyiblər.
Döyülmə olsa, hansısa daxili orqanı partlamalıdır, başa vurulma olsa, beyin dağılmalıdır. Ölüm halı bunun nəticəsində ola bilər. Əsgərdə ürək çatışmazlığı olub. Dağa qalxıb. Ora dəniz səviyyəsindən 3000 metrdən də çox yüksəkdədir. Təzə əsgərdir, hündürlüyə qalxıb, gücü az olub. Bölük komandirinin günahı ondadır ki, əsgərlərə tapşırıq verib ki, oranı bir günə qalxsınlar. Amma briqada komandirinə, qərargah rəisinə, tabor komandirinə tapşırıq verilib ki, təzə əsgərləri hündürlüyə mərhələ-mərhələ qaldırsınlar. Bununla bağlı mənim də əmrim var…
…Onun gözünün altında olan yara dağa qalxanda bir neçə dəfə yıxılması nəticəsində yaranıb. Orada yıxılıb, üzü dəyib. Lap tutaq ki, onun üzünə, burnuna vurublar. Bundan insan ölmür, keçinmir ki. Düz deyil? Axı məntiq olmalıdır da. Gərək nəyləsə başından vurasan ki, beyni dağılsın, ya sinəsindən vurasan ki, qaraçiyəri dağılsın və bu da ölümə səbəb olsun”.
Rövşən Əkbərov deputat Qüdrət Həsənquliyevin hadisə ilə bağlı söylədiklərinə də münasibət bildirib. Məlumat üçün deyək ki, deputat baş vermiş hadisə ilə bağlı iki ehtimal sürüb: “Onun adı hər zaman ordu rəhbərliyinə gətirilə biləcək namizədlər sırasında hallandırılırdı. Düşünürəm ki, bəzi iqtidaryönlü kütləvi informasiya vasitələrinin də bu kampaniyaya qoşulması, Rövşən Əkbərovun dərhal cəzalandırılması bizi daha ciddi düşünməyə və nəticələr çıxarmağa sövq edir. Ola bilsin ki, müəyyən qüvvələr baş vermiş hadisədən yararlanaraq Azərbaycanın perspektivli kadrlarından birini ləkələmək istəyirlər. Yaxud hadisə məhz bu məqsədlə təşkil olunub. Hesab edirəm ki, hər iki ehtimal ciddi şəkildə araşdırılmalıdır”.
Maraqlıdır ki, general Qüdrət Həsənquliyevin irəli sürdüyü ehtimalların əsassız olub-olmadığını barədə birmənalı fikir bildirməyib. Rövşən Əkbərov sadəcə bunları deyib: “Rütbəsindən asılı olmayaraq əsil vətənpərvər zabit, o cümlədən general heç vaxt fikirləşməz ki, mən kiminsə yerinə keçməliyəm, yuxarı vəzifəyə getməliyəm…
…Mən intriqalara heç vaxt qarışmamışam. Heç vaxt da heç kimdən xahiş etməmişəm ki, mənim haqda nəsə söyləsin, etsin. Gedib kiminsə yerində oturmağı da heç vaxt fikirləşməmişəm. O böyük məsuliyyəti öz üzərimə götürməyə hələ hazır deyiləm”.
“Azadlıq”a daxil olan məlumatlara görə, Rövşən Əkbərovun deputatın irəli sürdüyü ehtimallar barədə birmənalı danışmaması təsadüfi deyil. Məsələ burasındadır ki, onunla Müdafiə Nazirliyinin arasında konflikt mövcuddur. Rövşən həm nazir Səfər Əbiyevlə, həm də baş qərargah rəisi Nəcməddin Sadıqovla yola getmir. Yeri gəlmişkən, bir neçə il əvvəl Bakıda keçirilən hərbi təlimlərin birində Rövşən Əkbərovla (Rövşən Əkbərov o zaman Bakı korpusunun komandanı idi) Nəcməddin Sadıqov arasında insident baş verməsi barədə məlumat yayılmışdı. O, zaman bu məlumat təkzib edilməmişdi.
Məlumatlara görə, Rövşən Əkbərov bir neçə dəfə Müdafiə Nazirliyi rəhbərliyindən Ilham Əliyevə şikayət edib. Qarşı tərəf də generalın fəaliyyətindəki nöqsanları vaxtaşırı ölkə başçısının diqqətinə çatdırıb.
Son hadisəyə gəlincə, Rövşən Əkbərovun cəzalandırılmasından hiddətləndiyi bildirilir. Korpus komandiri düşünür ki, rəqibləri fürsətdən istifadə edərək ona zərbə vurmaq istəyirlər. Bu baxımdan ehtimal etmək olar ki, Rövşən Əkbərovla Müdafiə Nazirliyi rəhbərliyi arasındakı ziddiyyətlər daha da alovlanacaq.
S.Novruz