Administrasiya rəhbəri ilə bağlı istefa tələbi blokda ciddi fikir ayrılığına səbəb olub
“Qarabağ” blokunun Ramiz Mehdiyevin istefasını tələb edən bəyanatı ilə bağlı fikir ayrılığı yaranıb. Bloka daxil olan partiyalardan birinin – ADP-nin sədri Sərdar Cəlaloğlu bəyanatın onun iştirakı olmadan qəbul edildiyini və orada yer alan bəzi məqamlarla razılaşmadığını deyir:
“Biz ayrı-ayrı məmurların istefasını gündəmə gətirməklə faktiki olaraq əsas hədəfdən yayınırıq. Bizim əsas hədəfimiz bütövlükdə bu korrupsioner rejimi dəyişmək olmalıdır. Yoxsa ayrı-ayrı məmurların üstünə getməklə nə əldə edə bilərik?”.
S.Cəlaloğlu məsələnin müzakirəsi ilə bağlı iclasda iştirak etdiyini, qərarın isə o olmadan qəbul edildiyini deyir: “Müzakirə zamanı da bildirmişdim ki, məsələnin bu cür qoyulması düzgün deyil. Bizim bədxahlarımız bundan istifadə edə bilər. Necə demişdim elə də oldu. Qərarın qəbulu zamanı mən burada olmamışam. Bir ay əvvəl Ingiltərəyə getmişdim, dünən gəlmişəm. Qərar mənsiz qəbul olunub, xəbərim olmayıb. Mən demirəm ki, dostlarımız böyük bir səhvə yol verib, xəyanət edib. Sadəcə olaraq bu addım yersiz intriqalara və söz-söhbətlərə səbəb olub”.
S.Cəlaloğlu məhkəmə olmadan kiminsə cinayətkar adlandırılmasına da qarşı olduğunu deyib.
Məsələ ilə bağlı Qarabağ blokuna daxil olan başqa bir partiyanın – Ümid Partiyasının sədri Iqbal Ağazadəyə də müraciət etdik. I.Ağazadə S.Cəlaloğlunun iradlarından xəbərdar olduğunu bildirdi: “Söhbət, idarəetmədən, ölkədəki problemlərdən gedirsə, günahkar sistemdir və bütövlükdə sistem dəyişməlidir. Amma söhbət, konkret məlum videolardan və onun obyektiv araşdırılmasından gedirsə, Qarabağ bloku bununla bağlı mövqeyini konkret ifadə edib. Biz kiməsə cinayətkar deməmişik. Demişik ki, cinayət işinin obyektiv aparılması üçün bu addımları atmaq lazımdır”.
I.Ağazadə S.Cəlaloğlunun bəyanatın qəbulu zamanı həqiqətən ölkədə olmadığını, lakin məlum qərarın Qarabağ blokunda yekdilliklə qəbul edildiyini əlavə edib.
Qeyd edək ki, həmin bəyanatda Qarabağ bloku Elşad Abdullayevin ÿvideolarına istinad edərək Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevin tutduğu mövqelərdən istefa verməli olduğunu bildirmişdi: “Hesab edirik ki, istintaqın tərəfsiz, təzyiqsiz, qərəzsiz, obyektiv aparılması üçünÿ Ramiz Mehdiyevin tutduğu mövqelərdən istefa verməsi daha düzgün yanaşmadır. Biz Qarabağ bloku olaraq bunu tələb edirik. Həm hüquq-mühafizə orqanları, həm də prezident tərəfindən yaradılan müstəqil istintaq komisiyasının işinin bu addımdan sonra daha səmərəli və maneəsiz olacağına ümid edirik”.
Gültəkin


