Mən həmişə “sonra” haqqında düşünürəm. Bu çox vacibdir, daha çox da ona görə ki, sən özünü “indi”nin bütün çirkablarından qoruyasan. Fikirləşəsən ki, bundan sonra var və sən bulaşdığın çirkablara görə cavab verəcəksən.
Dəxli yoxdur kimin qarşısında – məhkəməninmi? Öz vicdanınmı? Uşaqlarınınmı? Sonadək ləyaqətini qoruyanlarınmı? Fərq etmir, əsas odur ki, “sonra” var və sən “dəyərdimi?” sualı ilə mütləq üzləşəcəksən.
“Yalan danışmağa, yaltaqlanmağa…
Həqiqəti malalamağa…
Zülmə züy tutmağa…
Doğrudan deyil, oğrudan yana olmağa dəyərdimi” sualına cavab verməli olacaqsan.
Bəli, bu, hələ sonra olacaq, amma mütləq olacaq.
Ona görə də “indi”ni ləyaqətlə, vicdanla, dürüstcə yaşamağa məhkum edirsən özünü.
“Sonra” haqqında düşünürsən və ölkənin sürükləndiyi pisliyə bulaşmamağa çalışırsan. O pisliyin içində deyil, qarşısında dayanmağa borclu sayırsan özünü.
Sizi bilmirəm, məndə həmişə belə olur. Həmişə düşünürəm: indi sussam, sonra susmayanların gözünün içinə necə baxaram? Utancdan ölüb yerə girmərəmmi?
***
Iki gündür məlum və məşum əsgər ölümü ilə bağlı müzakirələrə qoşulan, – özü də necə qoşulan! – rejimin əl-üzünü yumaq üçün min dərədən su gətirən adamlara baxıram. Ürəklərinin bir yerində onlar da bilirlər, gətirdikləri “arqumentlərin” nə qədər çürük olduğunu.
Kənardan necə iyrənc, idbar göründüklərini də yaxşı bilirlər.
O vəhşicə öldürən əsgər öz doğmalarından biri olsa, öz oğulları, öz qardaşları olsa, belə abdalca, həyasızca danışmazlar – onun da fərqindədirlər.
Neyləsinlər: “indi”nin şərtləri belədir. Rejimin süfrəsinin qırıntıları ilə doyururlar qarınlarını. Çörəkləri quyruq bulamaqdan, əl öpməkdən, köləlikdən çıxır. Onlara aldıqları maaşı, qonorarı, altlarına lüks maşınları, komfortlu ofisləri qara qaşlarına, qara gözlərinə aşiq olduqları üçün vermirlər.
Yalan danışmaq üçün…
Günəşi palçıqla suvamaq üçün…
Həqiqəti sırtından vurmaq üçün…
Rejimi sudan quru çıxarmaq üçün verirlər.
“Indi” başqa cür yaşaya bilmirlər.
Bəs “sonra?”.
Bu zülm epoxası bitdikdən… Bu istibdad xanimanı yıxıldıqdan sonra neyləyəcəklər?
O gün gəldiyində indi söylədiklərinin hesabını necə verəcəklər? Vicdanlarını necə rahatladacaqlar?
Sonunadək həqiqət uğrunda savaşan biri ilə qarşı-qarşıya gəldikdə bugünkü kimi yüksəkdən danışa biləcəklərmi? Onda da səsləri belə gur çıxacaqmı? Onda da indiki qədər adamın üzünə at kimi dayanıb bu gün söylədiklərinin doğru olduğunda inad edəcəklərmi?
Heç kimin ağlı Sovet illərinə getməsin. O illərdə yalan danışmağın bəlkə də bir bəraəti vardı. O illərdə həqiqəti indiki kimi ucadan və birbaşa söyləyə bilənlər yox idi deyə, bəlkə də yalançıları, yaltaqları başa düşmək olardı.
Axı indi vəziyyət fərqlidir. Yalanla həqiqətin, Xeyirlə Şərin sərhədləri çox açıqdır. Iki tərəfdən birini seçmək çox asandır. Bu gün zülmə züy tutanlar sonra öz seçimlərinə necə haqq qazandıracaqlar? Haqq qazandırmağa çalışanda da gözlərinə soxmağa kifayət qədər ləyaqətli, şərəfli, mübariz insan örnəkləri olacaq, göstərib deyəcəklər ki, bəs filankəs niyə əyilmədi, susmadı, bəhmənkəs niyə yalan danışmadı, yaltaqlanmadı, bax onda nə deyəcəklər?
***
Mən həmişə “sonra” haqqında düşünürəm.
Düşünürəm ki, mən də yalançı ola bilərdim, yaltaq ola bilərdim və bu gün haqq, ədalət, azadlıq uğrunda savaşan insanlar heç nə itirməzdilər.
Ha bir yalançı az, ha bir yalançı çox.
Ha bir yaltaq az, ha bir yaltaq çox.
Onlar onsuz da elə dəyərləri müdafiə edir, elə dəyərlərin davasını döyürlər ki, əvvəl-axır qalibdirlər. Gec-tez onların dəyərləri qalib gələcək, onların arzuları çiçək açacaq bu vətən torpaqları üzərində.
Sadəcə bir məsələ var:
Bəs mən onda onların gözlərinə necə baxardım?
Onların adları içində adımı görməyən övladlarıma nə cavab verərdim?
Kirli keçmişimin çiyinlərimi əzən yükünü necə atardım üzərimdən? Onun peşmanlığından necə azad olardım?
Bax, sonranın bu dəhşətli suallarıdır adamı ölkəni başına alıb gedən pisliyin bir parçası olmaqdan qoruyan. Yalanın əsgəri olmaqdan çəkindirən.
***
“Sonra”nı düşünməyən kafirdir!

Sonra…
•
•