Rayondakı həbslərlə bağlı ilginc təfərrüatlar
Şəkinin icra başçısının müavini Eldəniz Qəhrəmanov və baş memar Yusif Abdurrəhmanovun həbsilə bağlı maraqlı məlumatlar əldə etmişik. Əvvəlcə xatırladaq ki, Eldəniz Qəhrəmanovla Yusif Abdurrəhmanov Şəkidə sahibkar Hikmət Səlimovun intiharından sonra həbs ediliblər. Hikmət Səlimov mağazası söküldüyünə görə özünü Kiş çayına ataraq intihar etmişdi. Eldəniz Qəhrəmanov və Yusif Abdurrəhmanov isə onun obyektini qanunsuz olaraq sökməkdə təqsirləndirilirlər.
Dünən “Azadlıq”a daxil olan məlumatlarda isə deyilir ki, bu həbslər Şəki Rayon Icra Hakimiyyətilə rayonun hüquq-mühafizə orqanlarının, xüsusilə prokurorluğun münasibətlərində qarşıdurmanın olması ilə bağlıdır. Məlumatda deyilir ki, Şəkinin prokuroru Ağarəhim Rəhimovla icra başçısı Murad Cabbarlı arasında konflikt var. Bu konfliktin səbəbi tərəflərin biznes maraqlarının toqquşması ilə bağlıdır. Məlumatda deyilir ki, prokuror məhz bu səbəbdən Şəkidəki həbslərdə fəallıq göstərir. Bildirilir ki, Ağarəhim Rəhimov hətta Murad Cabbarlını da həbs etməyə çalışır.
Yeri gəlmişkən, “Yeni Müsavat” qəzeti də məlumat yayıb ki, Şəki prokurorunun sabiq icra başçısı Nazim Ibrahimovla münasibətləri dostluq səviyyəsində olsa da, yeni icra başçısı ilə düşmən kimidir. Buna da səbəb yeni icra başçısının prokurorun Şəkidə yerləşən “Asfalt zavod”unun (zavod rəsmi sənədlərdə prokurorun adına deyil) işinə əngəl yaratmasıdır. Icra başçısı rayonda yol təmirləri və çəkilişlərində prokurora məxsus olduğu bildirilən zavodun məhsullarından istifadə edilməsinə icazə vermir. Eyni zamanda, A.Rəhimovun N.Ibrahimovla Şəkidə ortaq biznesləri də var və bu ortaqlıq da hazırkı icra başçısı tərəfindən “dəstəklənmir”. Şəkidə sahibkarın özünü öldürməsi ilə nəticələnən hadisələr də prokuror üçün göydəndüşmə olub və o, sonuncu olaydan istifadə edib icra hakimiyyətinin əməkdaşlarını tutdurub.
Məlumatda, həmçinin deyilir ki, Eldəniz Qəhrəmanovla Yusif Abdurrəhmanov şəhərin abadlaşdırması üzrə komissiyanın üzvü olub. Həmin komissiyanın sədri isə icra başçısının 1-ci müavini Həsən Məmmədovdur. Həsən Məmmədov həm də ədliyyə naziri Fikrət Məmmədovun qardaşıdır. Deməli, o, dövlət başçısı Ilham Əliyevin xalası oğludur. Görünür, bu baxımdan Həsən Məmmədov komissiyanın sədri olsa da, ona toxunulmayıb. Amma onun və icra başçısı Murad Cabbarlının göstərişlərini yerinə yetirən şəxslər həbs edilib. Məlumata görə, həbs edilən Eldəniz Qəhrəmanov həm də Yeni Azərbaycan Partiyasının Şəki Şəhər təşkilatının sədr müavinidir.
İnformasiya şöbəsi