Ziya Əliyev qadınlara uşaqlara, qazilərə işgəncəyə görə rəis təyin edilir?
Sayğılı daxili işlər naziri!
Sizə körpə nəvələrimə stress, psixoloji travma yaşadaraq Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə aparılıb, işgəncəyə uğradılmağımdan, nəticədə 9 qabırğamın sındırılmasından, ağ ciyərimdə hematoma əmələ gəlməsindən, açıq-qapalı kəllə-beyin travması almağımdan “Hürriyyət” qəzeti və saytının araçılığı ilə müraciətimdən 3 aydan çox ara keçib. Eyni özbaşınalıqla bağlı yenidən basın yolu ilə Sizə üz tutmağımın kökündə DİN-in saytı ilə etdiyim müraciətlərin Sizə verilməməsi dayanır. Təsəvvür edin, 03.09.2022-ci ildə 10 nəfərdən çox yarımülki-yarıuniformalı polisin zoru ilə heç bir qanuni əsas olmadan qoluqandallı polis şöbəsinə aparılıb, işgəncə maşınından keçirilmişəm. Tibbi yardıma da qadağa qoyublar, yaralı durumda Nizami RPİ-nin işgəncə kamerasında saxlanmışam. Heç bir ittiham irəli sürmədən, heç bir cinayət işi olmadan barəmdə cinayət “axtarışına” çıxıblar. Müstəntiq Qalib Kərimli Xətai məhkəməsinin keçmiş hakimi Raziyə Ataşovanı işgəncə kamerasına gətirib üzümə durdurub ki, mənə heç bir icra sənədi verməyib. Deyəndə ki, həmin poçtla göndərdiyi sənəd evdədir, mənə bildirmədən evimdə “protokol qaydasında axtarış” aparıb, həmin sənədləri, qiymətli əşyaları, ən başlıcası oğluma məxsus həyat yoldaşımın dərs keçdiyi kompüteri götürüblər. 3 aydır hər gün 102-yə şikayət edib, kompüterin qaytarılmasını tələb edirəm, hələ də dərs vəsaiti geri qaytarılmayıb. Bir kompüterin geri qaytarılmasını təmin etmək belə çətindir?
Mənə qarşı qanunsuzluğun başında Nizami RPİ-nin rəisi Ziya Əliyev, 24-cü Polis Şöbəsinin rəisi Seymur Qarayev, onun artıq keçmiş müavini Natiq Hüseynov, sahə müvəkkili Elçin İslamov durur. Adını axırda yazdığım Elçin İslamov 3 dəfə məni evimdən, yatağımdan oğurladıb. Başa düşmək olmur, Elçin İslamov sahə müvəkkilidir, yoxsa residivist? 05.09.2022-ci ildə müstəntiq Qalib Kərimli, sahə müvəkkili Elçin İslamov və daha üç nəfər polis mənim yataq otağımda nə axtarır(dı)lar? Polis olanda insanlıq, kişilik yaddan çıxmalıdır? Təsəvvür edin, Nizami rayonunda bağlı qapı arxasında bir namərd cinayətkar ananı və iki məktəbli uşağını amansızlıqla öldürüb, qonşuların 102-yə zəngi ilə olay yerinə gələn polis içəri girməyib ki, mənzilə daxil olmağa qanun yol vermir(?) Amma 1-ci dərəcəli DİN-in Qarabağ qazisini işgəncə kamerasında qoluqandallı saxlayıb, 5 nəfər yataq otağında “cinayət” axtarıblar?! 24-cü Polis Şöbəsinin videokamera quraşdırılmayan növbətçi hissəsində on nəfərin qolları arxadan qandallı 66 yaşlı 1-ci dərəcəli Qarabağ qazisinə işgəncə verməsi hansı kişiliyə sığır? Hər şeyi qırağa qoyaq, polisin hüquq mühafizə orqanı olmasını da unudaq, kişi kişinin, insan insanın qollarını arxadan qandallayıb ölümünə döyər? Belə kişilik olar? Hələ bir “kişilik”lə də öyünmək olar?! Kişi uşaq, qadın yanında əlil, qoca olması bir yana, adama hücum çəkər?
Sahə müvəkkili Elçin İslamovun 1-ci dərəcəli Qarabağ qazisinə qarşı qərəzinin kökündə Qarabağ qazilərinin ticarət köşklərini dələduzluqla ələ keçirib 3 ay başqa şəxsə icarəyə verən Ərəstun adlı dələduzu rüşvət alıb ölkədən qaçırmasından beşillik şikayətlər dayanır. Təsəvvür edin, polis zərərçəkmiş Qarabağ qazilərini yox, dələduzu müdafiə edir. Nəyə görə? 5 il qabaq Nizami RPİ-nin rəis müavini dələduzluqla üzləşən Qarabağ qazilərini 24-cü Polis Şöbəsinə, oradan da ərazi üzrə sahə müvəkkili Elçin İslamova yönəldib. Elçin İslamov Ərəstunla dost olduğunu, Ərəstunun dəfələrlə polisə (mebellərlə) yardım etdiyini bildirib, izahata ehtiyac olmadığını, dəyən ziyanı ödətdirəcəyini əlavə edib. Amma rüşvət alıb dələduzu ölkədən qaçırıb. Qarabağ qazilərinin çoxillik şikayətlərinə Nizami RPİ rəsmi məktublarla cavab verib ki, Ərəstun adlı dələduz İnterpolun axtarışına verilib və ölkəyə gələn kimi tutulacaq. Bu “nağıl”la Qarabağ əlillərinin başını qatan Nizami RPİ , sonra “nağılı” dəyişib. Guya Nizami RPİ-nin istintaq şöbəsində dələduzluq əməlində cinayət tərkibinin olmamasına görə cinayət işi başlanılmasından imtina edilib. Bəs hanı bu qərar, niyə verilmir? Niyə tərəflərdən izahat alınmadan şifahi qərar qəbul edilib? Bu yazılı şikayət suallarına Elçin İslamov 1-ci dərəcəli Qarabağ qazisini gözdən salmaqla cavab verib. Hörmətli bir şəxsi “üzünə tutub” evimə gələn sahə müvəkkili niyə dələduzu bağışlamadığımızı soruşub(?). Fikir verirsiniz, polis dələduzu bağışlamadığımızı bizə irad tutur(?)! Deyəndə ki, qoy dələduz özü bağışlanmasını diləsin, polis niyə dələduza vəkillik edir, məhkəməyə müraciət etmək məsləhət görülüb. Biz də məsləhətə əməl edib Elçin İslamova qarşı xüsusi ittiham qaydasında Nizami məhkəməsinə müraciət etdik. Hakim Nəriman Mehdiyev 2 ildən sonra it-bata saldığı qərarından şikayətə də qadağa qoydu, Bakı Apellyasiya Məhkəməsi (Habil Məmmədov və b. ) qadağanı qüvvədə saxladı. Ali Məhkəmənin Cinayət Kollegiyası 11.08.2022 tarixli qərarla kassasiya şikayətini təmin etmədi. Sonuncu tarix (11.08.2022) Nizami RPİ-nin müstəntiqi Qalib Kərimlinin “axtarış qərarı” ilə üst-üstə düşür. Açıq–aşkar məhkəməyə müraciət etməyimə görə saxta cinayət işi ilə şantaj edilməyim göz qabağındadır. Bu şantajın cinayət məsuliyyətinə gətirdiyini baş prokurorluq bilməmiş olmaz, amma hələ də cinayəti ört-basdır edir.
“Polis haqqında” qanundan, digər hallardan yenə danışsam, uzun çəkər. Sizdən Bakı Şəhər Baş İdarəsinin təşkilat inspektoru Bəkir Sarıyevin bildirdiyi kimi, “davam edən istintaq işinin” məhkəməyə göndərilməsindən imtinanı bir qırağa qoyub, mənə məxsus olmayan, oğluma məxsus olan, həyat yoldaşımın dərs keçdiyi kompüterin qaytarılmasını təmin etməyinizi diləyirəm.
Sayğılarla,
Məğrur Bədəlsoy
P.S.Nizami RPİ-nin rəisi Ziya Əliyev 2017-ci ildə Naftalanın rəisi olanda Tərtər cinayətində zərərçəkmiş xanımın körpə uşaqlı evinə narkomanların hücumunu təşkil edib. Bu barədə DİN-in əməkdaşı xanım Sevinc İsgəndərli–Babazadə özü son iki ildə dəfələrlə bildirib. Ziya Əliyev keçmiş DİN əməkdaşlarına – əlillərə, qadınlara, uşaqlara belə münasibətinə görə rəis təyin edilir?