Fransa Ermənistandakı Aİ qrupunun mandatının uzadılmasına çağırır

Fransanın xarici işlər naziri Katrin Kolonna dekabrın 6-da ölkənin Milli Məclisində keçirilən “hökumət saatı” zamanı Ermənistandakı Avropa İttifaqı missiyasının mandatının uzadılmasına çağırıb:

“İki ölkə arasında istər sərhəddə, istərsə də Dağlıq Qarabağda gərginlik qalmaqda davam edir və bu Rusiyanın regiona gətirmək istədiyi təhlükəsizlik qarantiyalarına etimadın olmadığını göstərir. Bu kontekstdə Fransa və Avropa İttifaqı lap əvvəldən olduğu kimi Ermənistana dəstəyə tam qoşulmuş olaraq qalırlar”.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun xatırladır ki, oktyabrın 6-da Praqada keçirilmiş dördtərəfli görüşün qərarına uyğun olaraq Ermənistana Aİ-nin müşahidə qrupunun göndərilməsinə dair qərar qəbul olunub.

Bu qrup oktyabrın 20-dən Ermənsitan ərazisində sərhəd boyunca yerləşdirilib.

Bunu Makron Əliyevə və Paşinyana da deyib

Katrin Kolonna iddia edib ki, insidentlər yenə də baş verir, amma bu missiya eskalasiya riskini azaldıb və zərurət olduqda sərhəddəki situasiyaya nəzarət edir.

Fransa naziri bildirib ki, missiyanın mandatı buna ehtiyac olduğu müddətdə uzadılmalıdır:

“Bugünlərdə Brüsseldə və Vaşinqtonda sərhədin delimitasiyası və sülh müqaviləsinə dair yeni görüşlər keçirilib. Biz hesab edirik ki, bu imkan əldən buraxılmamalıdır. Bunu respublika prezidenti (Emmanuel Makron-red) Azərbaycan prezidenti İlham Əliyevə də, baş nazir Nikol Paşinyana da deyib. Mən də bunu vaxtaşırı öz həmkarlarıma deyirəm. Biz bu iki ölkə arasında sülhün bərpa edilməsi üçün səylərimizi davam etdirəcəyik”.

Azadlıq radiosu