Xersonlu Mixaylo: ‘Məlumatı ötürməyimdən 20 dəqiqə sonra hədəfi məhv etdilər’

Xersonlu Vladıslav Nedostup üçün doğma şəhərinin səkkiz aylıq işğalı artıq keçmişdə qalsa da, həmin zaman kəsiyi həyatını dəyişib. O hələ də bir az dolu, yumşaq xasiyyətli sosiologiya diplomlu adamdır. Ancaq həm də artıq başqa insanları – beş rusiyalı əsgəri öldürmüş biridir. Bütün bunları rusiyalıların geri çəkilməsindən sonra Xersonda bir barda danışır.

“Bir il əvvəl mənə desəydilər ki, partizan olub kimisə öldürəcəyəm, onlara gülərdim. Ancaq indi, buyurun”, – o deyir.

Köhnə maşın hissələri satmaqla məşğul olan 28 yaşlı Nedostupun Rusiya Ukraynaya fevralın 24-də hücum edənəcən heç bir hərbi təcrübəsi olmayıb.

Kalaşnikovu necə əldə edib

Müharibə başlayanda o da sovet ordusunda xidmət etmiş atası kimi yerli komissarlığa gedərək ərazi-müdafiə birliyinə yazılıb. Burada heç bir sənəd doldurmayan Nedostupa Kalaşnikov avtomatı və dörd “maqazin” veriblər. Onun sözlərinə görə, həmin vaxt şəhər “çox xaotik” durumda imiş.

Tezliklə Rusiya qüvvələri Krım yarımadasından şimal-qərbdə, Dnepr çayının mənsəbi yaxınlığında yerləşən liman şəhəri Xersona giriblər. Xerson rusların hücuma başladığı gündən bəri işğal edə bildikləri yeganə regional mərkəz idi, indi artıq onu da itiriblər.

Nedostupun xidmət etdiyi dəstə işğalçılarla toqquşmalarda iştirak etməyib, gizlənməyə məcbur olub. Onun komandiri və dəstənin daha iki üzvü sorğu-sual edilərək beş illik həbs olunublar. Onun özünü isə dəfələrlə telefonla hədələyiblər.

Nedostupun sözlərinə görə, onu ən çox narahat edən sorğu-sual ediləcəyi barədə hədələr yox, “rusların Xersonda özlərini evdəki kimi hiss etməsi” olub.

Azadlıq radiosu