“Məni Eldar Mahmudovun qapısına göndərirlər ki, get ora, ziyanı ödəyəcək”

Həbsdə olan keçmiş MTN vəzifəliləri arasında qalmaqal yaranıb. Onlar bir-birini ittiham edir. Bu hal dekabrın 5-də Bakı Apellyasiya Məhkəməsində keçmiş MTN generalı Mövlam Şıxəliyev və onun tabeliyində çalışmış üç polkovnikin – Vüsal ƏləkbərovYasin Məmmədov və Sahib Ələkbərovun işinə baxılarkən müşahidə olunub.

Məhkəmədə məlum olub ki, uzun illər MTN-in İstintaq Baş İdarəsinə rəhbərlik etmiş, iki ilə yaxındır həbsdə olan general Şıxəliyevin özü ilə yanaşı, ailə üzvləri də apellyasiya şikayəti verib. Onlar hökmün əmlak müsadirəsi ilə bağlı hissəsindən şikayətçidir, çünki müsadirə olunan əmlakların bir hissəsi onların adınadır.

Məhkəmə iclasında təqsirləndirilən generalla keçmiş işçiləri arasında ilk toqquşma hakimə etiraz məsələsində müşahidə olunub. General Şıxəliyev və vəkili deyib ki, məhkəmə prosesinə sədrlik edən hakim İlqar Murquzov bu işə obyektiv baxıb ədalətli qərar verə bilməz. Çünki özü də vaxtilə Baş Prokurorluğun işçisi olub, hazırda da oğlu Baş Prokurorluğun Dövlət ittihamını müdafiə idarəsində çalışır.

Digər təqsirləndirilən sabiq MTN-çilər Şıxəliyevin etirazına münasibət bildirərkən onu müdafiə etməyib. Üstəlik, hakim İlqar Murquzovun ünvanına müsbət fikirlər səsləndiriblər.

Protestlə bağlı qalmaqal

Onların arasında daha bir qalmaqal prokurorun protestinə görə yaranıb. Təqsirləndirilən və zərərçəkmiş tərəflə yanaşı, prokurorluq da apellyasiya protesti verib. Prokurorluq həm cəza məsələsindən, həm də istintaq dövründə üzərinə həbs qoyulan əmlakların hamısının müsadirə olunmamasından narazı qalıb.

Dekabrın 5-də Bakı Apellyasiya Məhkəməsində general Şıxəliyev və vəkili bildirib ki, qanunla protestin bir nüsxəsi də onlara da verilməlidir, tanış olmalıdırlar. Lakin onlar bu sənədi almayıblar. Protestin onlara təqdim edilməsi üçün vəkil məhkəmənin təxirə salınmasını istəyib. Bu isə digər təqsirləndirilən polkovnik Yasin Məmmədovun etirazına səbəb olub. Hətta o, açıq şəkildə keçmiş rəhbərini və onun vəkilini yalan danışmaqda suçlayıb.

“Mən bütün sənədləri alanda bunun sübutu olaraq imza atıram. İmzam varsa, göstərin. Yoxdursa, bizə protesti təqdim edin”, – Şıxəliyev cavab verib.

Zərərçəkmişin dedikləri

Məhkəmədə zərərçəkmişlərdən Hüseyn Səfərov iddia edib ki, onu keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun qapısına göndərirlər. Deyirlər ki, sabiq nazir zərərçəkmişlərə dəymiş ziyanı ödəyəcək – vaxtilə MTN-də onlardan alınmış pulları geri qaytaracaq. Onun sözlərinə görə, üçüncü cəhddən sonra Mahmudovla görüşə bilsə də, ortada nəticə yoxdur: “Çıxın, cənab prezidentə deyin ki, xəyanət etmisiniz. Yoxsa burada bir-birinizi ittiham edirsiniz. Mənə xəbər göndərib, yalan deyirsiniz ki, etiraf edəcəyik. Mən də gedib zərərçəkənlərə deyib onların yanında yalançı çıxıram. Məni Mövlam Şıxəliyev aldadır. Məni Eldar Mahmudovun qapısına göndərirlər ki, get ora, ziyanı ödəyəcək. Üçüncü dəfə gedəndən sonra məcbur olub, özü qəbul elədi. Bu məsələni də məhkəmədə açacağam…”.

Sabiq MTN-çilərin məhkəməsi dekabrın 12-də davam edəcək.

Azadlıq radiosu