AzTV sədrinin bir neçə gündür işə çıxmamasıyla bağlı müxtəlif şayiələr yayılıb
Çərşənbə axşamı təxminən saat 22.30 radələrində AzTV sədri Arif Alışanov Dənizkənarı Bulvarda (Milli parkda) döyülüb. Axşam saatlarında parkda gəzişən sədrə iki nəfər yaxınlaşıb və qısa mübahisədən sonra yumruq hücumu başlanıb.
Hadisənin şahidi olmuş və özünü təhsil işçisi kimi təqdim edən mənbə olayın parkdakı Biznes mərkəzinə yaxın ərazidə baş verdiyini bildirib. O, hadisənin təfərrüatlarını belə açıqlayıb: “Əyləşdiyim skamyanın arxasından – nisbətən qaranlıq yerdən bir nəfərin telefonla danışa-danışa keçib getdiyini gördüm, Alışanovu tanıdım. Təxminən 10-15 metrdən sonra pilləkəndən qəflətən enən iki nəfər onun qarşısında peyda oldu. Onlardan hündür boylusunun ”sən hələ sağsan!?” deməyi ilə sədrə şapalaq ilişdirməsi bir oldu. Telefonu əlindən düşən Alışanov dönüb qaçmaq istədi, elə bu vaxt həmin adam onun başından güclü bir yumruq da vurdu, zərbədən müvazinətini saxlaya bilməyən AzTV sədri “Akif” deyə qışqırdı və üzü üstə yerə sərildi. Bundan sonra hər iki şəxs onu söyə-söyə təpikləməyə başldılar, amma uzaqdan kiminsə onlara tərəf qaça-qaça gəldiyini görüb aradan çıxdılar”.
Baş vermiş hadisə ilə bağlı Səbail Rayon Polis Idarəsi ilə əlaqə saxladıq, lakin quruma bu məzmunda hər hansı şikayət daxil olmadığını bildirdilər. AzTV-nin mətbuat xidmətindən bu məzmunda suallarla sədrin özünə müraciət etməyi məsləhət gördülər, sədrin qəbul otağından isə “onu heç kim döyə bilməz”(!) dedilər. Lakin bununla yanaşı teleşirkətdəki etibarlı mənbələrdən bəzi nüansları dəqiqləşdirə bildik. Məlum oldu ki, hazırda Alışanov işə çıxmır və televiziyada çoxlarını sevindirən “sədrin haradasa yıxılıb əzilməsi” barədə söhbətlər gəzir. Digər tərəfdən, mənbə bu faktı təsdiqləyir ki, yüksək şəkəri olan A.Alışanov vaxtaşırı qaranlıq saatlarda Botanika bağında və Milli parkda gəzişir. Onu bu gəzintilərdə AzTV-nin kadrlar şöbəsinin Yaqub adlı əməkdaşı və sədrin Sumqayıt polisində işləyən qardaşı Akif Alışanov müşayiət edir. Döyülmə hadisəsi baş verən gün “növbədə” Akif olsa da o, qardaşının hayına yetə bilməyib. Daha bir məlumatda bildirilir ki, A.Alışanov yaxınlarına bu hadisə ilə bağlı susmağı əmr edib.
Baş vermiş olayla bağlı zərərçəkən tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Azad Akifoğlu