“Al kanımızı içmekse vatan…”

Vatan çiftliklerinizse, 
kasalarınızın ve çek defterlerinizin içindekilerse vatan,
vatan, şose boylarında gebermekse açlıktan…
fabrikalarınızda al kanımızı içmekse vatan…
vatan, mızraklı ilmühalse, vatan, polis copuysa,
ödeneklerinizse, maaşlarınızsa vatan…
ben vatan hainiyim…
(Nazim Hikmət)
Ordudan qara xəbərlər gəlməkdə davam edir… Bilirsiniz, bu dəfə hərbi hissədəki poqonlu vecsizlərin qurbanı 18 yaşlı Ceyhun Qubadov olub. Bir ailənin tək övladı, bir ananın yeganə ümidi… Atasını çox kiçik yaşlarından itirmiş, yetimçiliklə böyümüş, hərbi xidmət yaşı çatan kimi əsgər getmiş bir gənc fidan… Bu torpağı qorumaq üçün əsgər paltarı geymiş, düşmən gülləsinə tuş deyil, öz xainlərimizin bəlasına gəlmiş bir ana quzusu… Bəli, onlar vətən anlayışını bu şeirdə bəhs edildiyi kimi pozuq gözlə görən əsl vətən xainləridir… Sinəsini bu vətənə atılan güllələrin qarşısına verən oğulları – ölkənin ümidini, inamını, işığını söndürən vətən xainləri!
Dostlarımız FB sosial şəbəkəsində Ceyhunun bədəni və üz-gözü qançır-qançır olmuş fotolarını yayıblar. Mən o fotoları paylaşa bilmədim, 18 yaşlı gəncin ölüm səbəbləri haqqında yazılanları işgəncəylə oxudum. Oxuduqca, ürəyim parçalandı, gözlərim dolub daşdı. Ceyhunun çarəsiz, naləsi ərşə dirənən anası gəlib durdu gözlərimin önündə. Mənim də bir oğlum var. O da əsgər gedəcək… Axı öz övladını başına buraxılmış, nə Allahdan və qanundan qorxusu olan bu qansızlara necə etibar edəsən?.. Bir ananın öz övladı üçün edə bilməyəcəyi fədakarlıq yoxdur. Bir ana övladının qatilini öz əlləriylə öldürmək dərəcəsində “qara-qara” düşünə bilər. Amma bizim analar susur, övladının yerdə qalan qanına içində ağlaya-ağlaya, sına-sına, çarəsizləşə-çarəsizləşə susur… Çarə susmaqdadırmı? Bilin ki, siz susduqca, cəzasızların ayağı yer alacaq, qudurğanlıq həddini aşıb gedəcək, hər gün bir ananın sinəsinə dağ çəkiləcək, bir evə od düşəcək…
Bu qədər əsgər ölümlərinin yeganə bir səbəbi var – özbaşınalıq. “Dəyərlər” saytının yaydığı məlumata görə, 2012-ci ildə Azərbaycan ordusunda 97 ölüm, 91 xəsarət hadisəsi qeydə alınıb. Hələ bu yalnız mətbuata məlum olan faktlardır. Ölən 97 əsgərdən 16-sı düşmən gülləsinin qurbanı olub, 3-ü minaya düşüb, 1-i əməliyyat zamanı şəhid olub, 77-si isə qeyri-müəyyən səbəblərdən dünyasını dəyişib…
O qeyri-müəyyən səbəbləri biz hamımız bilirik. Biz bilirik, bu gün Azərbaycan ordusunda cəzasızlıqdan qol-qanadı açıq olan harın komandirlər var ki, müdafiəsiz əsgəri telefon konturuna görə döyüb öldürə bilər. Biz bilirik, hərbi hissələrimizdə elə gizirlər var ki, hökm etdiyi alçaldıcı əmrləri yerinə yetirməkdən boyun qaçıran əsgəri “qəfil güllə”nin güdazına verəcək qədər qəddarlaşmış haldadır. Biz bilirik, hərbi xidməti əsgər üçün işgəncə laboratoriyası olaraq qəbul edəcək səviyyədə qaba düşüncəli nə qədər yüksək çinli məmurlarımız var! Belə olmasaydı, illərdir orduda baş verən bu özbaşınalıqlar bircə dəfə Milli Məclisin müzakirəsinə çıxarılardı. Bircə dəfə yüksək səviyyədə bu rəzalətin qiyməti verilər, nazir o yana qalsın, orta vəzifəli şəxslərin ikisi-üçü istefaya, komandirlərin biri həbsxanaya göndərilərdi…
Amma illərdir kimsənin nə istefaya, nə həbsə göndərildiyi var. Olmayacaq da. Biz susduqca, bu haqsızlığa boyun əydikcə, zalımların qarşısından qaçdıqca, nə “böyük” uşaqları əsgər gedəcək, nə qara xəbərləri gələn kasıb uşaqları üçün hesab sorulacaq. Biz susduqca, zülmün dəyirmanı işinə daha sürətlə davam edəcək. Analar, sizə səslənirəm, heç olmasa övladlarınız naminə susmayın…