Dövlət şüurundan bir xeyli kasad olan Azərbaycan hakimiyyətinə xatırlatma!

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli

Vasif Talıbovu cəzalandırırsınız, öz işinizdir, özünüz şişirib bu hala gətirmisiniz, indi fəsadları ilə özünüz mübarizə aparın, buna heç etirazım yox.

Amma hər ehtimala xatırladım: Naxçıvanın muxtariyyət statusunu ləğv etməyi ağlınızın ucundan belə keçirməyin! Sadəcə, xəritəyə baxanda bunun nə qədər təhlükəli olduğunu anlamaq mümkündür.

Naxçıvanın beynəlxalq statusu 16 mart 1921-ci il Moskva, 13 oktyabr 1921-ci il Qars müqavilələri ilə tənzimlənir. Həmin müqavilələrə görə Naxçıvanın Azərbaycanın tərkibində muxtariyyət statusuna və onun heç vaxt üçüncü ölkəyə güzəşt edilməməsinə Türkiyə təminat verir.

Əslində, Nəriman Nərimanov Naxçıvanı “qardaş Ermənistana” bağışlamışdı, bu barədə onun məşhur açıqlaması var. Məhz Türkiyə, şəxsən Mustafa Kamal Atatürk prosesə müdaxilə edib qarşısını aldı və təminat üçün bu məsələni Moskva və Qars müqavilələri ilə sığortaladı.

Əgər bu gün Naxçıvan Azərbaycan torpağıdırsa, ermənilər oranı işğal edə və ya Naxçıvana qarşı ərazi iddiası qaldıra bilmirlərsə, bu məhz Türkiyənin Naxçıvan üzərində protektoratlığına görə baş verib. Bəzi sovet diplomatları Naxçıvanın statusunu hətta Lüksemburqun statusu ilə eyniləşdirirdilər.

Düşmən əhatəsində olan Naxçıvanımızın təhlükəsizliyi onun vaxtilə Atatürkün İran şahından qızıl pulla satın aldığı 11 km.-lik Türkiyə sərhəddi və Türkiyənin 3-cü dövlət iddia edəcəyi halda Naxçıvana hərbi müdaxilə hüququ ilə təmin olunur.

Vaxtilə Naxçıvana Ermənistan iddia edirdi, indi İran siyasilərindən tez-tez belə təhdidlər eşidirik. Amma Türkiyə protektoratı mövcud olduqca heç kim Türkiyəni qarşısına alıb buna cəhd edə bilməz.

Naxçıvanın muxtariyyət statusu yalnız onun Azərbaycanın sərhədləri daxilində təhlükəsizliyini təmin edir, daxili məsələlərə müdaxilə etmir. Azərbaycan Naxçıvanın daxili məsələlərinin həllində tam sərbəstdir.