Rusiyada neft çənləri yanır, dron zərbələri barədə xəbərlər verilir

TASS fövqəladə hallar xidmətlərinə istinadla xəbər verib ki, dizel yanacağı ilə dolu çənə düşən yanğın 4000 kvadratmetr sahəyə qədər artıb

Rusiyanın Bryansk vilayətinin Surajsk rayonununda noyabrın 30-da neft məhsulları çənlərində yanğın baş verib.

Bu vilayət Ukrayna ilə həmsərhəddir. Bu barədə regionun qubernatoru Aleksandr Boqomaz məlumat verib.

O bildirib ki, yanğın 1800 kvadratmetr sahəyə yayılıb. Qubernator yanğının səbəbləri barədə heç nə deməyib.

Bu da xəbər verilir ki, hadisə yerinə yanğınsöndürən qatar və Rusiya Fövqəladə Hallar Nazirliyinin aeromobil qrupu göndərilib.

İtki və xəsarət alanlar barədə məlumat verilmir.

Noyabrın 30-da TASS fövqəladə hallar xidmətlərinə istinadla xəbər verib ki, dizel yanacağı ilə dolu çənə düşən yanğın 4000 kvadratmetr sahəyə qədər artıb. Yanğını hələ də lokallaşdılrmaq mümkün olmayıb.

112 adlı teleqram kanalı xəbər verir ki, çənlərdə yanğın drondan atılan mərmi zərbəsi nəticəsində baş verib.

Bryansk vilayətinin Surajsk rayonu Ukrayna sərhədindən kifayət qədər aralıda yerləşir.

Azadlıq radiosu