Serbiya prezidenti İlham Əliyevi niyə tərifləyir?

ADR sədri , iqtisadçı alim Qubad İbadoğlu

İlham Əliyevin Belqrada səfəri başa çatdı. Səfər çərçivəsində Azərbaycan və Serbiya prezidentləri mətbuata bəyanatlarla çıxış etdilər. Öncə Serbiya Prezidenti Aleksandar Vuçiçin çıxışında diqqəti çəkən iki məqamı təqdim edirəm.

  1. “Bu gün Belqradda ölkəmizin əsl dostunu, Azərbaycan Prezidenti cənab İlham Əliyevi qəbul etməkdən çox şadam. Bu gün səhərdən etibarən bizim çox yaxşı müzakirəmiz oldu. Təəssüf ki, ümumi vəziyyətə görə o, ölkəmizdə daha uzun müddət ərzində qala bilmir, lakin inanıram ki, qısa müddətdən sonra əlimizə yenə də onu Serbiyada qəbul etmək fürsəti düşəcək. Burada, Belqradda daha bir görüşü səbirsizliklə gözləyirəm. O zaman mən Azərbaycan Prezidentindən ölkəmizdə daha çox qalmağı xahiş edəcəyəm, çünki ölkəmizdə ən azı bir gecə qalmasanız bizim xətrimizə dəyər. İnanırıq ki, qonaqpərvərliyimizi nümayiş etdirə bilərik. İnanırıq ki, özünüzü Avropada heç yerdə olmadığı kimi Serbiyada evinizdəki kimi hiss edəcəksiniz.”
  2. “Mən Prezident Əliyevə dedim ki, bütün şəffaf protokol məsələlərinə görə bəzi sənədlər imzalanmalı olsa da, onun sözü bizim üçün yetərlidir. Çünki biz onun sözünə hər hansı imzadan daha çox inanırıq. O, nəyi deyirsə, mənim üçün kifayətdir, bilirəm ki, bu, belə də olacaq. Bu, bizim üçün həqiqətən də vacibdir.”
    Sizcə, Viviçin Əliyevlə isti münasibətinin səbəbi nədir? Bu sualı cavablandırmağa çalışacam. Amma nədən Əliyev ümumi vəziyyətə görə Serbiyada daha uzun müddət ərzində qala bilməməsi sualının cavabını sizin öhdənizə buraxıram.
    Prezidentlər arasında sıcaq münasibətlərin əsas səbəbi Azərbaycan prezidentinin şəxsi göstərişi ilə Serbiyaya verilən 300 milyon avroluq borc da axtarmaq lazımdır. Belə ki, 2012-ci ildə Serbiya və Monteneqro arasında XI avtomobil magistralının Preljina-Ljiq hissəsinin tikintisi üçün Serbiya Azərbaycan hökumətindən ilk 3 ili güzəşt dövrü olmaqla 15 il müddətinə illik 4%-lə 300 milyon avro kredit alıb. Tikinti işlərini Azərbaycanın “Azvirt” tikinti şirkəti həyata keçirib. Baxın, Azərbaycan vətəndaşlarına və biznesinə verilən kreditlərin faiz dərəcələri bundan dəfələrlə yüksəkdir.
    Bununla yanaşı, Azərbaycan Serbiyaya müxtəlif mədəniyyət layihələri üçün bir neçə milyonluq qrantlar ayırıb. Məsələn, tarixi 16-cı əsrə aid Belqraddakı Bayraklı məscidinin bərpasına 1,14 milyon, «Müqəddəs Petka» kilsəsinin təmirinə 647 619 avro ayırıb. Bundan başqa, Belqraddakı «Taşmaydan parkı»nda Heydər Əliyevin abidəsi qoyulub. Bu parkın təmirinə 325 300 avro xərclənib.
    Nəhayət, Kosovo ilə bağlı müzakirələrdə Azərbaycan Serbiyanın mövqeyini dəstəkləyib, Kosovonun müstəqilliyini tanımayıb.
    Göründüyü kimi Serbiya prezidenti Aleksandr Vuçiç ölkələrarası əməkdaşlıqda xalqın marağını, Azərbaycan prezidenti İlham Əliyev isə hakimiyyətin mənafeyini önə çəkib.