Frankofoniya sammitində hansı ölkələr Azərbaycanı dəstəkləyib

Ermənistan ötən həftəsonu Tunisdə keçirilən Frankofoniya sammitinin qətnaməsinin elə təqdim olunduğu formada qəbul edildiyini deyir, Azərbaycan Prezidenti İlham Əliyevin dediklərini rədd edir.

Xarici İşlər Nazirliyinin sözçüsü Vaan Unanyan AzadlıqRadiosunun erməni xidmətinə (Azatutyun) deyib ki, Azərbaycan Prezidentinin açıqlamaları həqiqətə uyğun deyil.

“Əgər Azərbaycan istədiyinə nail olsaydı…”

PrezidentƏliyev noyabrın 21-də demişdi ki, Frankofoniya sammitinin Ermənistanla həmrəylik ifadə edən qətnaməsindən “bəzi anti-Azərbaycan müddəalar çıxarılıb”.

“Bütün bu sənədlər Nazirlər konfransında təqdim olunduğu kimi, yəni, layihə sammitdə bütünlükdə qəbul edilib. Əgər Azərbaycan istədiyinə nail olsaydı, hər şey onların istədiyi kimi getsəydi, onda bu qədər bəyanat verməzdilər”, – Vaan Unanyan söyləyib.

Azatutyun sammitdə qəbul edilən “Böhran vəziyyətləri, onların qarşısının alınması və sülhün möhkəmləndirilməsi” qətnamə layihəsini gördüyünü, ancaq sənədin bu gün – noyabrın 23-də rəsmən yayılacağını yazır. Unanyan məhz həmin sənədin sammitdə qəbul olunduğunu bildirib.

Sənəd layihəsində nə deyilir?

Azatutyun-un məlumatına görə, layihədə təşkilatın 50-dən çox üzvü Frankofoniya üzvü olan Ermənistanla həmrəylik bildirir. Eyni zamanda Ermənistanla Azərbaycan arasında son hərbi eskalasiyadan, bu qarşıdurma nəticəsində beynəlxalq hüququn, ərazi bütövlüyünü və humanitar hüququn pozulmasından narahatlıq ifadə olunur. Qurum üzvləri həmçinin Ermənistanla Azərbaycanın Qarabağ münaqişəsinin dinc və ədalətli tənzimlənməsi yönündə cəhdlərini alqışlayıblar.

Azatutyun qeyd edir ki, Albaniya, Rumıniya və Moldova qətnamə layihəsində Ermənistan- Azərbaycan və Qarabağ münaqişəsilə bağlı müddəalara düzəlişlər təklif ediblər. Unanyanın sözlərinə görə, bu ölkələr layihənin həmin formada qəbuluna mane olmağa çalışıblar, ancaq qətnamə elə təqdim olunduğu formada da qəbul olunub. Düzəlişlər irəli sürən ölkələr veto prosesi başlada bilərdilər, amma bunu etməyiblər, XİN sözçüsü belə deyir.

“Albaniya Rumıniya və Moldovanın dəstəyilə bu müddəalar üzrə müzakirəni bərpa etməyə cəhd göstərib. Ancaq Xarici işlər naziri Ararat Mirzoyanın rəhbərliyi ilə Ermənistan nümayəndə heyətinin nazir forumunda apardığı iş, Frankofoniyada Ermənistanla həmrəylik bu müzakirənin baş tutmamasıyla nəticələndi. Yəni, Azərbaycanın təsiriylə bu təşəbbüslə çıxış edən ölkələr istədiklərinə nail olmadılar”, – XİN sözçüsü deyib.

Azadlıq radiosu