İran etirazlarında öldürülən 43 uşaqdan birinin 9 yaşı vardı

Osloda yerləşən İran İnsan Haqları təşkilatının məlumatına görə, hadisələr zamanı ölkə boyu azı 342 nəfər öldürülüb, təqribən 14 min insansa həbs edilib

İranın cənub-qərbindən olan 9 yaşlı Kian Pirfələk böyüyəndə robototexnika mühəndisi olmaq istəyirdi. Ancaq o, noyabrın 16-da Xuzestan əyalətinin İzeh şəhərində etiraz nümayişləri zamanı hökumət qüvvələri tərəfindən öldürülüb.

Dövlət mediası Pirfələyin “terrorçu hücumu” nəticəsində öldürüldüyünü deyir. Xəbərdə motosikletli silahlıların yeddi nəfəri, o cümlədən hökumətin altı təhlükəsizlik əməkdaşını öldürdüyü bildirildi.

Ancaq Pirfələyin anası hökumət qüvvələrinin dönə-dönə onların maşınını atəşə tutduğunu, oğlunu öldürdüyünü, ərini isə yaraladığını deyir.

Sosial mediada paylaşılan videoda uşağın anası Zeynəb Molaeirad noyabrın 18-də oğlunun yasına gələn yüzlərlə insana müraciət edərək belə deyir: “Mənim sözlərimə qulaq asın. Onların terrorçu olduğunu deməyin, onlar yalan deyirlər”.

“Bunu necə edə bildiniz?”

Bundan bir gün öncə isə Molaeirad “Instagram”da hökuməti günahlandırırdı: “Sizə lənət olsun! Bunu necə edə bildiniz? Onun cəmi 9 yaşı var idi. İyrənc İslam respublikası”, – o yazmışdı.

Pirfələk sentyabrda baş qaldıran etirazlar zamanı hökumətin amansız hücumu nəticəsində öldürülən azı 43 uşaqdan biridir. Osloda yerləşən İran İnsan Haqları təşkilatının məlumatına görə, hadisələr zamanı ölkə boyu azı 342 nəfər öldürülüb, təqribən 14 min insansa həbs edilib.

Son günlərdə Xuzestan əyalətində daha iki oğlanın – 14 yaşlı Sepehr Mağsudi və 14 yaşlı Artin Rəhmaninin öldürüldüyü bildirilir.

Hökumətin məcburi baş örtüsü qaydasına etiraz kimi başlayan hadisələr böyüyərək İranın 1979-cu ildən bəri hakimiyyətdə olan dini istəblişmentinə qarşı ən böyük hərəkatlardan birinə çevrilib.

Azadlıq radiosu