Dinməz zəmi sanıb xalqı ayaqlarının altında tapdamağın, onun balalarını istədiyi kimi qurban verməyin necə böyük cinayət olduğunu hələ də yaxşı anlamayanlar bu pisliklərin gerçək miqyasını da başa düşmürlər. Ordunu rüşvət yuvasına döndərib, əsgəri əsgərə qənim edib, sonra da “bizim hərbi büdcəmiz Ermənistanın dövlət büdcəsindən” çoxdur deyənlər necə mənfur bir rolda olduqlarını görmürlər. Hələ də görmürlər. Dərk etmirlər ki, qazandıqları böyük sərvətlər boşdan deyil, məhz başqalarının üzərindəki zülmün hesabına toplanılır. Başqalarının həyatı və qanı bahasına əldə edilir…
Əliniz qana batır. Həm də öz xalqınızın övladlarının qanına.
Elə bilməyin, əliniz təkcə döyülərək öldürülən 3 ayın əsgərinin qanına batır. Elə bilməyin təkcə ölən əsgərlərin ölümünə görə məsuliyyət daşıyırsınız. Əsla elə deyil.
Məsələn, əsgərlikdən evə salamat dönüb, vətənə də üz döndərib Rusiya bazarlarına çörək qazanmağa gedən, orada soyuğa, zillətə dözməyənlərin, cinayətə qurban olanların, yaxud cinayət törədənlərin də günahkarı sizsiniz. Sizin pula həris idarəçiliyiniz, özbaşınalığınız, məsuliyyətsizliyiniz pislikləri ilə sərhəd tanımır.
Təkcə oğullar yox, elə atalar da ölür. Sadə bir misal, ata övladını oxutdurmaq, yəni sizlərin rüşvətxor təhsil sistemini yemləmək üçün qazandığını xərcləyir, vaxtında müalicə ala bilmir, həyatını itirir. Elə ziyanverici bir durum yaratmısınız ki, təhsiliniz də can alır. Səhiyyənizdən də daha danışmağa dəymir. Bir qatil də odur, bir də onun əlilə canlar alırsınız.
Bu uzun illərdə çəkmədiyimiz nümunə qalmadı. Bu ölkədə hansı əməllərdən çıxdığınızı biz sadalamaqdan yorulduq, siz isə bu əməlləri törətməkdən yorulmursunuz…
Guya mitinqdə xəsarət alan polisi necə bəh-bəhlə ağırladığınız, xəstəxanada onlara baş çəkdiyiniz, gül apardığınız… Onlara medal və pul mükafatı verdiyinizi də gördük biz. Amma Ilham Əliyev necə ali baş komandandır ki, bir dəfə də olsun oğlu ölüb üstünə qayıdan ananın – əsgər anasının önünə getmədi?! Niyə müəmmalı şəkildə ölən bir əsgər haqda bir kəlmə danışmadı bu illərdə? Maşınların şüşələrinə qara pərdə vuranlardan da söhbət açdı, amma əsgər ölümləri ilə evlərə, ailələrə, ürəklərə asılan qara pərdələrdən danışmadı.
Indi isə mən sizə heç unutmadığım, tez-tez xatırladığım və xatırlatdığım bir hadisə haqda danışım. Üç il qabaq Sumqayıtda bir hərbi hissədə xidmət edən əsgər – Teymur Isaxan oğlu Mirzəli oradakı problemləri ilə bağlı atasına zəng edir. Atasına deyir ki, xidmət etdiyi hərbi hissəyə gəlsin, çünki burada onu yaman incidirlər. Atası hərbi hissəyə gəlir, oğlunu sakitləşdirir ki, yuxarılara yazacaq, problemi həll edəcək. Təki sakit olsun. Oğlu isə ağlayır, atasını dilə tutur ki, bəs ona çox çətindir, ona zülm edirlər, bu səbəbdən hərbi hissədən qaçmaq istəyir. Ata da oğluna etiraz edir. Axı oğlu qaçsa, fərari sayılacaq, həbs ediləcək. Onda neyləyəcəklər?! Ata oğlundan çox xahiş edir ki, səbr etsin, qaçmağı isə ağlına gətirməsin.
Sonra da ata oğlunu ağlaya-ağlaya qoyaraq, şikayət etməyə gedir. Ora-bura ərizə yazır, gözləyir ki, cavab gələcək. Amma problemə əncam çəkiləcəyini gözlədiyi bir vaxtda ona xəbər gəlir ki, oğlu artıq intihar edib.
Bu xalq yenə də əsgər gedəcək, yenə də fərari olmaqdan utanacaq. Ölümlərə, öldürülmələrə, intihara məcbur edilmələrə baxmayaraq. Amma siz yenə də baş verən cinayətlərin mahiyyət və miqyasının fərqində deyilsiniz. Əliniz yenə də qana batır.

Əliniz qana batır
•