Teatr tarixini yaradan böyük insanlardan biri

Evin «səhnəsindən» başlanan teatr

Böyük bir tarixi dövrü əks etdirən Azərbaycan teatrının inkişafında ötən əsrdə yaşamış sənətsevər ziyalı nəslinin mühüm xidmətləri olmuşdur. Onlar çətin şərtlər altında, teatr binalarının, peşəkar aktyorların, uyğun səhnə əsərlərinin olmadığı bir şəraitdə milli teatr sənətinin formalaşması üçün əllərindən gələni etmiş, bu yolda əsl fədakarlıq nümunəsi göstərmişlər. Belə şəxslərdən biri də milli teatr sənətinin professional aktyorlarından sayılan Cahangir Zeynalovdur. Teatrşünaslar onu həm də realist aktyor məktəbinin banisi hesab edirlər.
Gənc yaşlarından Bakıda özfəaliyyət teatrının üzvləri ilə yaxın əlaqə yaradan C.Zeynalov həm bu tamaşalarda aktyor kimi çıxış etmiş, həm də onlara maddi dəstək vermişdir. Böyük sənət fədaisi o zaman indiki Şahmat klubunun yerində yerləşən evinin böyük bir zalını məşq üçün ayırmış, otağın baş hissəsində də səhnə düzəltdirmişdi. Tarixi mənbələrdə bununla bağlı çoxlu maraqlı faktlar var. O dövrdə zəmanəsinin görkəmli ziyalılarından olan Həbib bəy Mahmudbəyov Cahangir Zeynalovla birgə M.F.Axundovun əsərlərindən birini tamaşaya qoymaq istəyir. Onlar əsas heyəti müəyyənləşdirsələr də, epizodik rollarda oynamağa aktyor tapmırlar. Mahmud bəy epizodik rollara öz şagirdlərini cəlb etmək qərarına gəlir. Bu şagirdlər ilk məşqlərini Cahangir Zeynalovun evində edirlər.
Bundan başqa, həmin evin məşq zalında Hacıağa Abbasov, Mirzağa Əliyev, Məhəmməd bəy Əlvəndi, Hüseyn Ərəblinski, Mirmahmud Kazımovski kimi aktyorlar, Sultanməcid Qənizadə, Həbib bəy Mahmudbəyov, Bədəl bəy Bədəlbəyli sənət fədailəri neçə-neçə tamaşalar hazırlamışlar. Sənətkarın qızı, görkəmli gülüş ustası Nəsibə Zeynalova xatirələrində qeyd edir ki, atası çox gənc yaşlarından teatrla bağlı olub. Onun Bakıda fəaliyyət göstərən Lanskoy, Şorşteyn, Aqriptseva kimi aktyorların truppaları ilə yaxından əlaqəsi varmış, demək olar ki, şəhərə gələn qastrolçuların bir tamaşasını da buraxmazmış. O hətta evdən anasının paltarlarını “oğurlayıb” tamaşalardakı qadın rolları üçün aparırmış. Məhəllə cavanları da bu hərəkətinə görə ona “anasının paltarını geyinən Cahangir” deyə sataşırmışlar.
Ilk dəfə qız rolunda
Təsadüfi deyil ki, C.Zeynalov səhnəyə ilk dəfə 1885-ci ildə qız rolunda çıxıb. Bu uğurlu addımdan sonra o, Həbib bəy Mahmudbəyovla Sultanməcid Qənizadənin hazırladıqları tamaşalarda oynayıb. C.Zeynalovun sonrakı həyatı teatrla daha sıx bağlı olub. XIX əsrin sonlarında o, sənət dostu Nəcəfqulu Vəliyevlə birgə əsərlər tamaşaya qoyub. 1900-cü illərdə Müsəlman dram artistləri şirkətinin təşkilində Zeynalovun müstəsna rolu olub. “Nicat” (1906) və “Səfa” (1912), “Nəşri-maarif” mədəni-maarif cəmiyyətləri nəzdindəki teatr truppalarında da C.Zeynalov aktyorluq edər və tamaşalara quruluşlar verərdi.
Böyük ziyalı “Səfa”nın kitabxanasının təşkilinə önəmli dəstək vermiş, onun fonduna çoxlu kitab bağışlamışdı. O zaman Bakının qabaqcıl elm ocaqlarından sayılan “Səfa” məktəbində Səməd Mənsur, Abbasmirzə Şərifzadə, Cəfər Bünyadzadə ilə yanaşı, Cahangir Zeynalov da dərs deyirdi. O dəfələrlə “Səfa” teatr bölməsi idarə heyətinin rəhbərləri sırasına seçilmişdi. 1914-cü ildə C. Zeynalov sədr vəzifəsini, Mehdi bəy Hacınski isə müavinlik vəzifəsini tutmuşlar.
C.Zeynalovun teatr tamaşaları ilə bağlı rəylərini, sənət haqqında fikirlərini yazıya alması da, onun bu sənətdə təsadüfi adam olmadığını sübut edir. “Teatro dəftərçəsi” adlanan bu qeydlərini o, traktat şəklində yazıya köçürüb saxlayıb. Hazırda Azərbaycan Dövlət Teatr Muzeyində saxlanılan o dəftərçənin müəyyən vərəqləri itsə də, sənəd teatrla bağlı maraqlı tarixi mənbə olaraq qalır.
Bakının imkanlı tacirlərindən olan Məşədi Rzanın ailəsində böyüyən C.Zeynalov özü də atasının sənətini davam etdirmişdir. O, şəxsi qazancı ilə teatra və teatr sənətçilərinə böyük dəstək vermişdir. Eyni zamanda, Mirzağa Əliyev, Hacıağa Abbasov, Məmmədəli Vəlixanlı kimi aktyorların səhnəyə gəlişində onun böyük xidmətləri olmuşdur.
“Vikipedia”nın yazdığına görə, 1910-cu ilin 30 noyabr tarixində “Nicat” cəmiyyəti tərəfindən Tağıyev teatrında təntənəli bir yubiley tədbiri keçirilmişdir. Bu tədbir C.Zeynalovun səhnə fəaliyyətinin 25 illiyinə həsr olunmuşdur. Yubiley təntənəsində həmçinin M.F.Axundzadənin “Lənkəran xanının vəziri” komediyası oynanılmış, Mirzə Həbib rolunu C.Zeynalov özü ifa etmişdir. Bir maraqlı faktı da qeyd etmək yerinə düşər ki, C.Zeynalov teatr ictimaiyyəti tərəfindən belə möhtəşəm yubileyi keçirilən ilk Azərbaycan sənətçisi olub. C.Zeynalovun nüfuzuna və populyarlığına bir əsaslı sübut da Bakıda çıxan əsas mətbu orqanların onun yubiley tədbirinə xüsusi yer ayırmasıdır. Belə ki, həmin yubiley münasibəti ilə “Günəş”, “Kaspi”, “Nicat”, “Səda”, “Bakı”, “Bürhani-Tərəqqi”, “Qafqazskaya kopeyna”, “Səda”, “Tərcüman” qəzetləri, “Yeni Fyüzat”, “Molla Nəsrəddin” məcmuələri məqalə və təbriklər vermişdi.
Böyük teatr fədaisindən yadigar…
Kərbəla ziyarətindən sonra Kərbəlayı Cahangir deyə çağırılan böyük ziyalının vəfatı faciəli bir hadisə ilə bağlı olmuşdur. 1918-ci ilin 17 martında erməni cəlladlarının Bakıda törətdikləri vəhşiliklər zamanı C.Zeynalov həyat yoldaşı Hüsniyyə xanım və körpə qızı Nəsibə ilə Iranın Ənzəli şəhərinə, müvəqqəti orada yaşayan qayınatası Məşədi Əbdüldayan Hüseynovun yanına gedib. Oktyabrın əvvəllərində vəziyyət sakitləşəndə o, ailəsi ilə birgə “Ardahan” gəmisinə minib Bakıya qayıdarkən dənizdə fırtına qopub. Səkkiz gün dənizdə qalan gəmidə yatalaq xəstəliyi yaranıb. Həmin xəstəliyə tutulan Kərbəlayı Cahangir Bakıya çatandan sonra yaxın dostlarından, qohumlarından xəbərsiz dünyasını dəyişib.
Teatra qədəm qoyduğu ilk günlərdən səhnədə qadın aktrisaların olmaması probleminin şəxsən şahidi olan, bəzən o rolları özü ifa etmək məcburiyyətində qalan böyük sənət fədaisi yeganə qızı Nəsibənin böyüyüb Azərbaycanın ən ünlü gülüş ustası olacağını bilsəydi… O vəfat edəndə kiçik Nəsibənin üç yaşı vardı. Atasının arzularını gerçəkləşdirmək üçün çox çətin yollardan keçdi, kirpiyiylə od götürdü, illər boyu çalışıb-vuruşdu. Sonda fədakar atanın istedadlı övladı onun başlatdığı yolun ən layiqli davamçılarından biri kimi yetişdi. Azərbaycan teatr səhnəsində gülüşün simvoluna çevrildi Nəsibə Zeynalova…
C.Zeynalovun səhnədə oynadığı sonuncu rol “Ismailiyyə” zalında oynadığı Hacı Qara obrazı olmuşdu. Amma onun yaratdığı obrazlar qalareyası xeyli zəngin və rəngarəngdir. Bu obrazlara Mirzə Fətəli Axundzadənin “Hacı Qara”sında Hacı Qaranı, Nəcəf bəy Vəzirovun “Hacı Qəmbər”ində Hacı Qəmbəri, Əbdürrəhim bəy Haqverdiyevin “Ağa Məhəmməd şah Qacar” faciəsində Tavad Maqobeli, Nəriman Nərimanovun “Dilin bəlası”nda Şamdan bəy və Hacı Ibrahimi, Süleyman Sani Axundovun “Tamahkar”ında Hacı Muradı, Şəmsəddin Saminin “Dəmirçi Gavə”sində Qubad və Fərhadı, Vano Mçedaşvilinin “Qaçaq Kərəm”ində Çinovnik və Xanın katibini və onlarla belə rolu misal göstərmək olar.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir