Eldar Namazov Əli Həsənova cavab verdi
«Seçkilərin nəticəsi diplomatda gətirilən pulların miqdarı ilə müəyyənləşir»
Ziyalılar Forumunun nümayəndəsi Rüstəm Ibrahimbəyovun prezident seçkiləri ilə bağlı danışması və hakimiyyətə yeni adamın gələcəyini deməsi hakimiyyət dairələrinin narahatlığına səbəb olub. Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov mətbuata verdiyi açıqlamasında R.Ibrahimbəyovun siyasətçi kimi danışmasında naşılıq gördüyünü və prezident seçkilərinin nəticəsini yalnız Azərbaycan seçicisinin müəyyən etdiyini bildirib.
Ə.Həsənov həmçinin Rüstəm Ibrahimbəyovun kürəyinin arxasından Eldar Namazovun kölgəsinin göründüyünü deyib.
PA rəsmisinin açıqlamasına qarşı tərəfin də cavabı özünü çox gözlətməyib.
Əli Həsənovun dediklərinə münasibət bildirən Ziyalılar Forumunun nümayəndəsi, politoloq Eldar Namazov ölkədə yaranmış vəziyyətlə bağlı narahatlığı ifadə etmək üçün güclü siyasətçi, siyasi ekspert olmağa ehtiyac duyulmadığını deyir. Çünki hər bir Azərbaycan vətəndaşı, bu cəmiyyətdə yaşayan, baş verənləri öz gözləri ilə görən, bütün bu video qalmaqalları, jurnalist araşdırmalarının nəticələri ilə tanış olan və damarında Azərbaycan qanı axan, Azərbaycan millətinin, dövlətinin maraqlarını uca tutan hər bir sadə insan da ölkədə yaranmış vəziyyətə Rüstəm Ibrahimbəyovun verdiyi qiyməti verər.
E.Namazovun sözlərinə görə, Rüstəm Ibrahimbəyovun müsahibələrinin ardınca gedən şərhlərdən məlum olur ki, o Azərbaycan xalqının, cəmiyyətinin mövqeyini ifadə edir. hakimiyyətin buna reaksiyası isə təəssüf doğurur: “Bu qədər cinayətlər açılır, həm ölkə ictimaiyyətinə, həm beynəlxalq ictimaiyyətə insan haqlarının pozulması faktları məlum olur, korrupsiya, xalqın var-dövlətinin talan edilməsi faktları sübuta yetirilir. Ancaq yenə də hakimiyyət nümayəndələri Rüstəm Ibrahimbəyova və bu dəhşətli faktlara reaksiya verən, bunu özünə vətəndaş borcu hesab edən digər adamlara qarşı hücum kampaniyaları təşkil edirlər, çox ağılsız və abırsız ifadələr işlədirlər”.
E.Namazov Rüstəm Ibrahimbəyovu prezident seçkilərinin nəticəsini proqnozlaşdırmaqda ittiham edən Əli Həsənovun da Ilham Əliyevin prezidentliyi ilə bağlı proqnoz verdiyini xatırlatdı: “Bunlar deyir ki, nəyə görə Rüstəm Ibrahimbəyov prezident seçkilərində nəticələrini proqnozlaşdırır və ölkədə yeni prezidentin olacağını deyir. Bu sözləri deyən Prezident Administrasiyasının şöbə müdiri bir həftə əvvəl bəyanat vermişdi ki, Ilham Əliyev 2020-ci ilə qədər prezident olacaq. Onu Azərbaycan seçicilərinin rəyi maraqlandırmır? Deyirlər seçkilərin nəticələrini yalnız Azərbaycan seçiciləri müəyyən edəcək. Axı bu günə qədər Azərbaycanda keçirilən heç bir seçkini nə Azərbaycan cəmiyyəti, nə beynəlxalq ictimaiyyət şəffaf, demokratik, ədalətli seçki kimi qəbul edib. Son video qalmaqalda biz gördük ki, seçkilərin nəticəsi diplomatda gətirilən pulların miqdarı ilə müəyyənləşir. Bu adamlara məsləhət görərdim ki, Azərbaycan xalqını, dövlətini hansı ağır duruma saldıqlarını, hansı uçuruma, fəlakətə gətirib çıxardıqlarını görsünlər”.
Ə.Həsənovun “Rüstəm Ibrahimbəyovun arxasında Eldar Namazovun kölgəsi görünür” ifadəsinə toxunan E.Namazov hakimiyyət nümayəndələrinin artıq öz kölgələrindən də qorxduqlarını qeyd etdi: “Belə bir ifadə var, deyirlər insan qorxuya düşəndə artıq öz kölgəsindən də qorxur. Bunlar da öz kölgələrindən qorxur”.
Fizzə


