Nazir müavinindən gülməli açıqlama

İqtisadçı ekspert Rövşən Ağayev

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini bu gün bildirib ki, qeyri-formal məşğulluqla mübarizə tədbirləri çərçivəsində əmək müqavilələrinin sayı 400 min artıb.
Bu statistika uzun müddətdir səsləndirilir və xüsusən də 2017-ci ildə təsdiqlənən qeyri-formal məşğulluqla mübarizə üzrə Tədbirlər Planının icrasının, özəl sektorun (iqtisadiyyatın q-neft seqmenti üzrə) 2019-cu ildən əmək haqqına görə gəlir vergisindən azad edilməsinin nəticə verdiyini nümayiş etdirmək üçün istifadə edilir.
O zaman belə bir suala da aydınlıq gətirmək lazımdır: əmək müqavilələrinin sayı 400 min artıbsa, son 4 ildə muzdla işləyənlərin sayı niyə cəmi 150 min nəfər artıb? Hələ o başqa məsələ ki, bu 150 min nəfərlik artımın da hamısını mübarizə və güzəşt tətdbirlərinin nəticəsi kimi təqdim etmək məntili görünməz. Çünki ondan əvvəlki 5 ildə də elə muzdlu işçilərin sayı Plansız və güzəştsiz 150 min nəfər artmışdı.
Nazir müavinin başqa bir məlumatı bu olub ki, həmin dövrdə əmək haqqı fondu da 2.2 dəfə artıb. Amma nə məsələdirsə, dəfələrlə bu rəqəmi səsləndirsələr də, istinad dövrünün başlanğıcında və hazırda əmək haqqı fondunun mütləq ifadədə nə qədər olduğunu demirlər.
Halbuki milli hesablar statistikası 2018-2021-ci illər üzrə iqtisadiyyatda formalaşn əmək haqqı fondunun təxminən 50% və ya 7 mlrd. manat artaraq 15 mlrd. manatdan 22 mlrd. manata çatdığını göstərir.
Bir də maraqlıdır ki, heç bir rəsmi sənəddə Azərbaycanda qeyri-formal məşğulluğun payı və metləq ifadədə sayı ilə bağlı heç bir rəqəm səsləndirilmir. Mübarizə proqramı elan edirsən, amma heç bir baza və hədəf göstəricisi də bəyam eləmirsən? Gülməlidir, deyilmi?