Şöbə müdiri Ramiz Mehdiyevin istefa verə biləcəyinə işarə vurdu
Prezident Administrasiyasının (PA) ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov “Mediaforum” saytına müsahibəsində maraqlı fikirlər səsləndirib. Bu fikirlər müxtəlif mülahizələrə səbəb olub. Əvvəlcə ondan başlayaq ki, şöbə müdiri müsahibənin birinci hissəsində hakimiyyət daxilində hər hansı dəyişiklik olmayacağını qəti şəkildə bildirir.
Əli Həsənov PA rəhbəri Ramiz Mehdiyevin komandasının fəal üzvlərindən hesab edilir. Elə bu səbəbdən də administrasiyada kifayət qədər nüfuzlu post hesab edilən ictimai-siyasi şöbənin müdiri vəzifəsində çalışsa da, o deyil, digər şöbə müdirləri Ramiz Mehdiyevə müavin gətirildi. Biz əvvəl gündən yazmışdıq ki, Ilham Əliyevin sözügedən təyinatları PA rəhbərinin mövqelərini gücləndirmək yox, onu nəzarətə götürmək daşıyır. Müavinlik postuna daha çox Əli Həsənov layiq olsa da (əlbəttə ki, tutduğu vəzifəyə görə) ölkə başçısı Ramiz Mehdiyevi qəbul etməyən, ona qarşı əks qruplaşmaya yaxın olan şəxsləri irəli çəkdi.
Qayıdaq, Əli Həsənovun “hakimiyyə daxilində dəyişiklik olmayacaq” fikrinə. Bu, Ramiz Mehdiyevin rəqiblərinə mesajı kimi dəyərləndirilə bilər. Çünki hazırda Elşad Abdullayevin yaratdığı fırtınaya görə məhz PA rəhbərinin istefası gündəmdədir. Əli Həsənovun birmənalı fikir səsləndirməsindən belə anlaşılır ki, Ramiz Mehdiyev təslim olmaq niyyətində deyil.
Lakin maraqlıdır ki, şöbə müdiri müsahibənin ikinci hissəsində Ramiz Mehdiyevin istefa verib-verməyəcəyi
barədə bir qədər ehtiyatlı danışıb. Şöbə müdiri PA bu barədə deyib: “Heç kim bir başqa dövlət məmuru haqda bununla bağlı nəsə deyə bilməz. Mən heç özüm haqqında da deyə bilmərəm ki, bir aydan sonra hakimiyyətdə tutduğum indiki postda qalacam, yoxsa qalmayacam”.
Əli Həsənov özü də bilmədən təmsil olunduğu komandanın hakimiyyət daxilində gedən savaşdan qalib çıxmaya da biləcəyini etiraf edir. Bu daxili narahatçılıqdan irəli gələn qeyri-ixtiyari etiraf Ramiz Mehdiyevin mövqelərinin xeyli zəiflədilməsi ilə bağlı ola bilər.
Şöbə müdiri müsahibəsində Elşad Abdullayevin yaratdığı fırtınadan hakimiyyət daxilindəki müəyyən qrupların faydanlamaq cəhdlərini də gizlətməyib: “Elşad Abdullayevin kiməsə, hansısa adama müraciət etməsinə gəlincə, hesab edirəm ki, həmin müraciətlərin də çoxu şişirdilmiş, xüsusi kombinasiyaya salınmış bir sistemdir…
…Elşad Abdullayev olayının mahiyyətindən, məqsədindən, baş vermə üsullarından, yollarından asılı olmayaraq hər bir qüvvə – siyasi partiyalar, ictimai qurumlar, hakimiyyətdə təmsil olunan, yaxud hakimiyyətə iddialı olan qüvvələr bundan öz məqsədləri üçün istifadə etməyə çalışır. O ki qaldı bu məsələlərin necə baş verməsinə, həmin proseslərin arxasında kimlərin dayanmasına, bunların tək Elşadın əməli olması, yoxsa onun arxasında kimlərinsə dayanması kimi mülahizələrə, nəzərə almaq lazımdır ki, Azərbaycan cəmiyyətində nə qədər insan varsa, bir o qədər də mülahizə, fikir, rəy var. Əlbəttə ki, mənim də istər şəxsi, istərsə də hakimiyyət təmsilçisi kimi mülahizələrim var. Amma bu mülahizələri istintaqın getdiyi, proseslərin cərəyan etdiyi vaxtda açıqlayıb proseslərə mənfi, yaxud müsbət təsir etmək fikrində deyiləm”.
Əli Həsənov həmçinin mesaj verir ki, bu məsələ, xüsusilə Ramiz Mehdiyevin adı hallandırılan “mandat alveri” dramatik həddə çatdırılmamalıdır. Ramiz Mehdiyevin sözçüsü bundan əvvəl olduğu kimi yenə də, prosesləri bütüövlükdə hakimiyyətin xeyrinə yönəltməyi təklif edir: “Əsas odur ki, Elşad Abdullayev Azərbaycan hakimiyyətinə, onun nümayəndələrinə rüşvət verib müxtəlif məqsədlərinə nail ola bilməyib”.
Lakin Ramiz Mehdiyev və komandasının prosesi bu sayaq yönəltmək istəyi ilk cəhddən alınmadığı kimi bundan sonra da çətin alına. Çünki proseslər artıq Əli Həsənovun yuxarıda etiraf etdiyi kimi hətta özünün bir aydan sonra taleyini necə olacağını müəyyənləşdirə bilməmək həddinə çatıb.
Namiq Cəfərli