AXCP sədri Əli Kərimli
Fransa Senatının Azərbaycana qarşı sanksiyalara çağıran qətnamə qəbul etməsi, erməni separatçılarının xeyrinə bir çox tələblər irəli sürməsi ölkəmiz üçün çox neqativ hadisədir. Kiçiltmək, əhəmiyyətsizləşdirmək lazım deyil.
Fransa Senatının qətnaməsi əlbəttə ki, obyektivlikdən uzaqdır, Azərbaycana münasibətdə qərəzlidir, Ermənistanın saxta arqumentləri əsasında qəbul edilib. Belə bir obyektivlikdən uzaq və qərəzli qətnamənin qəbul edilməsində şübhəsiz ki, Fransada yaşayan erməni diasporasının rolu və Fransanın Ermənistana daha xoş münasibətinin təsiri var.
Ancaq bütün bunlara baxmayaraq, Fransa ilə münasibətlərin bu həddə gərginləşməsinə görə İlham Əliyev hakimiyyətinin də məsuliyyəti var.
Erməni təəssübkeşliyi məgər Fransada bugünlərdə yaranıb? Əliyevlər Fransanı Minsk qrupuna dəvət edəndə böyük erməni diasporasının bu ölkənin siyasətinə təsirini bilmirdilər? Bəs İlham Əliyevin həyat yoldaşı Mehriban Əliyeva Fransa ordeni ilə təltif olunanda, Azərbaycanın milyonları Fransa muzeylərinin təmirinə xərclənəndə bu ölkə ermənipərəst deyildi? Nəyə görə son illərə qədər Azərbaycan – Ermənistan münaqişəsinə münasibətdə tarazlığı qorumağa ən azı çalışan rəsmi Paris gəlib oldu Ermənistanın birmənalı dostu? Necə oldu ki, uzun illər ərzində Azərbaycanla münasibətləri heç də pis olmayan Fransanın Azərbaycanla münasibətləri bu qədər pisləşdi?
Xarici siyasətin, diplomatiyanın borcu dövlətlərlə münasibətləri qoruyub inkişaf etdirmək, düşməni belə dosta çevirmək deyilmi? Bunu başa düşmək çətindirmi ki, “filankəs qələt edir”, “filan ölkə ermənipərəstdir, onu yerində oturdarıq” ritorikası bizə dost qazandırmır, əksinə, Ermənistanın dostlarını artırır? Aydın deyilmi ki, korrupsiya və repressiya çempionu, üstəlik də Rusiyanın müttəfiqi olmaqla müasir dünyada dost, tərəfdar qazanmaq mümkün deyil? Aydın deyilmi ki, Şimaldan, Cənubdan, Şərqdən və Qərbdən gələn anti – Azərbaycan ritorikası, dörd bir tərəfimizin erməni dostu olması İlham Əliyevin xarici siyasətinin iflasıdır?