Dövlət Təhlükəsizliyi Xidməti sosial şəbəkələrdə Naxçıvanla bağlı “təxribat xarakterli” məlumatların yayıldığını bildirib.
Məlumatda deyiilir ki, son vaxtlar bir sıra sosial şəbəkələrdə “uydurma təşkilat olan İranın Naxçıvan Xalq Hərəkatı adından guya Azərbaycan hakimiyyətinin təqsiri üzündən” Naxçıvan əhalisinin “təhlükəsizlik, elm, ərzaq məsələlərində ciddi çətinliklərlə üzləşməsi, onların könüllü şəkildə İran İslam Respublikasının tərkibinə qatılmaq istəməsi, bununla bağlı İran silahlı qüvvələrinin Naxçıvan ərazisində yerləşdirilməsi barədə yerli əhali adından İran hökumətinə ünvanlanmış saxta müraciət yayımlanıb”.
Daha əvvəl sosial şəbəkələrdə “İranın Naxçıvani Xalq Hərəkatının” “İransevər Naxçıvan xalqı” adından İran rəsmilərinə müraciəti yayılıb. Müraciətdə İran hökuməti və rəhbərlərindən “Naxçıvanın İran İslam Respublikasının bayrağı altına qəbul edilməsi” və Naxçıvanda “İran hərbi qüvvələrinin yerləşdirilməsi” xahiş olunub.
Naxçıvanla bağlı məlumatların yayılması Azərbaycan və İran arasında münasibətlərdə gərginləşmənin müşahidə edildiyi dövrə təsadüf edir.
DTX belə halların “ciddi şəkildə araşdırıldığını və müvafiq tədbirlərin görüldüyü” qeyd edib.
DTX Azərbaycana qarşı “düşmən mövqedə dayanan məlum dairələr tərəfindən” bu kimi məlumatların yayımlanmasıın “qəbuledilməz” adlandırıb və baş verənlərin Azərbaycana qarşı “məqsədyönlü şəkildə” həyata keçirildiyini deyir.
DTX qeyd edib ki, Azərbaycan dövləti və onun siyasi rəhbərliyi “ölkənin bütün ərazisində, o cümlədən onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasında əhalinin təhlükəsiz və firavan yaşamasının təminatçısıdır.”