Psixoloqlar deyirlər ki, bir orqanizmin uzun müddət stresi eyni gərginliklə yaşaması mümkün deyil. Ən gərgin hadisəyə verilən emosioanal reaksiya belə bir müddətdən sonra adaptasiya ilə əvəz olunur.
Bu gün Qarabağ itkisinə də zamanında ən ağır milli faciə kimi hiss etməyimizə, minlərlə qurban verməyimizə baxmayaraq, indi böyük dərd, milli iztirab kimi deyil, qarşımızda duran hansısa problem kimi baxırıq. Artıq bu ölkənin gəncliyi üçün Qarabağ bu günün deyil, tarixləşmiş bir problem kimi görünür. İndi Qarabağla bağlı hakimiyyətin 20 ildə gəlib çıxmayan “lazımının ” xəbərdarlıqlarına da kimsə inanmır və bu gedişlə bir qarış torpağın geri alınacağına ümid də yoxdur.
Əvəzində isə 20 il ərzində təkrarlanan Qarabağı qaytarmaq vədinin nəticəsi olaraq bu gün işğal olunmuş torpaqlarımızla bizim aramıza 300 milyona başa gələn qalın divar çəkilir. Yüz illər boyu vətən həsrəti ilə Arazdan boylanıb Güneyə nisgilli şeirlər həsr edən insanlarımız üçün yeni poetik mövzular yaradılır. İndi də divardan ermənilərin əlində olan Qarabağa baxıb həsrət nəğmələri, şeirləri ilə ritorikaya güc verəcəyik. Qarabağ beləcə siyasətin, milli davanın məqsədi olmaqdan çıxıb ədəbiyyatın mövzusuna çevriləcək. Bir zamanlar Dərbəndin, Borçalının, Zəngəzurun, Göyçənin, Təbrizin yoxluğuna necə alışıb bu gün onları uzaq keçmişin xatirəsi kimi yalnız tarix kitablarından xatırlayırıqsa, indi də bizi Qarabağdan ayıran yolu eyni səbr və təmkinlə gedirik. Əslində bizim üçün torpaq itirmək, itirdiyimizlə barışmaq yenilik deyil. Əgər Dərbənd, Borçalı, Göyçə dərdini yaşamış olsa idik, bu gün növbəti qurbanla kiçilməzdik, əksinə, etnik sərhəd və böyüklüyümüzü ərazi sərhədlərimizdən daha böyük coğrafiyada hakim edib “Böyük Azərbaycan” arzusunun tarixi sərhədlərində söz sahibi olardıq. Bu səbəbdən də etnik sərhədlərimizlə ərazi sərhədlərimizi fərqləndirə bilməmişik,özümüzü kiçik görüb, böyük hədəflər uğrunda millət olaraq səfərbər ola bilməmişik. Bu kiçiklik, milli iddiasızlıq bizi öz içimizdə o qədər kiçildib ki, özümüz öz içimizdə şimalımızı bir, cənubumuzu isə başqa bir etnik qrupun ərazisi kimi adlandırmışıq. Bu ölkənin, dövlətin varlıq səbəbi kimi etnik dominatlığımızın fərqində olmamışıq, bu dövlətin məsuliyyətinin və təminatının Azərbaycan türklərinə aid olduğuna diqqət yetirməmişik. Ö üzdəndir ki, milli dövlətimizdə PKK -çılar belə özünə sığınacaq tapa bilib. Dövlətin ən strateji, mühüm postları və qurumları yad elementlərin ixtiyarına keçib. Amma unutmayaq ki, milli məzmununu itirən bir dövlət heç zaman milli maraqları qoruya bilməz, milli hədəflər qarşıya qoya bilməz.
Bu günün reallığı ondadır ki, adına Azərbaycan dövləti dediyimiz qurum milli deyil, etnik təməli yoxdur, ancaq əvəzində kriminaldır, korrupsiyalaşıb, bir çox hallarda milli mənafelərimizin təhdididir. Müasir milli dövlətlər dövlət millətçiliyi modelinə əsaslanır. Yəni bir xalq o zaman millət hesab olunur ki, o qurduğu dövlət vasitəsilə öz milli iradəsini ifadə edir. Hər dəfə bu ölkədə seçkilərin saxtalaşdırılması qarşısında bizim milli iradəmizin tapdanması qarşısında susmağımızla, bunu qəbul etməyimizlə Qarabağ itkisini qəbullanmağımız arasında heç bir fərq yoxdur. Çünki bir dəstə korrupsionerə qarşı milli iradəni meydanda müdafiə edə bilməyən xalqın hərb meydanında milli sərhədlərini qoruya biləcəyi gözlənilən deyil. Bu vətən yolunda canını fəda etmiş mübariz insanlarımız hər zaman olub və onlar hər birimiz üçün müqəddəslik zirvəsinə yüksəlmiş sayılırlar. Ancaq bu gün dövlət irədəsi olmadan insanların fərdi qəhrəmanlıqları ilə nə Qarabağın işğalını aradan qaldırmaq mümkündür, nə də ki, ölkənin qarşısında duran təhdidləri.
Qəribədir ki, bizdə siyasi proseslər sanki ideoloji vakuumda cərəyan edir. İdeologiyanın səfərbəredici və yönləndirici imkanları nəzərə alınmır. Bu üzdən də dəyişikliklər uğrunda mübarizədə kütləvi səhnələr hələ ki alınmır. Məhz bizim kimi əzilmiş, milli maraqları və ərazisi təcavüzə uğramış ölkələrdə millətçilik xalqı həyəcanlandırmağın və ayağa qaldırmağın ən təsirli yoludur. Əks təqdirdə, Qarabağın işğalda qalması daxili siyasi mübarizədə rejimə qarşı mübarizəni sitmullaşdıran faktor ola bilməyəcək.
Yazı “Yeni Müsavat” qəzetindən götürülüb.
Millətçi olmamağın faciəsi
•