AXCP sədri Əli Kərimli
Hətta Azərbaycan hakimiyyəti də məcbur olub etiraf etdi ki, onun dəvətilə Qarabağda yerləşmiş Rusiya “sülhməramlıları” Laçın koridoru vasitəsilə Qarabağa silah daşıyırlar. Əlavə silahlar Qarabağa Rusiyanın Ermənistandakı (Gümrüdəki) hərbi bazasından daşınır. Deməli, İlham Əliyevin hər fürsətdə təşəkkür etdiyi Rusiya “sülhmərsmlıları” Qarabağda sülh yox, hansısa təxribat hazırlayırlar.
Rusiya prezidentinin Moskvadan Xankəndinə xüsusi missiya ilə ezam etdiyi “canişini” milyarder Ruben Vardanyan isə Qarabağda qondarma hökumətin başçısı təyin olundu. Rusiya Qarabağdakı nəzarətini daha da sərtləşdirdi.
Bir neçə gün öncə isə Putin Qarabağ probleminin həll olunmadığını, Qarabağın hazırda məhz onun nəzarətində olduğunu göstərmək üçün Xankəndində 10 minlərlə insanın mitinqini də təşkil etmişdi. Mitinq iştirakçılarının “Azərbaycanın tərkibində olmaq istəmirik” açıqlaması isə Rusiya prezidentinin Azərbaycana əzələ nümayiş etdirməsi idi.
Paşinyanın dediyinə görə, Soçi görüşündə Putin təklif edib ki, Qarabağın statusunun müzakirəsini sonraya saxlayaq. Deməli, Putin açıq bəyan edir ki, Qarabağın statusu müzakirə olunmalıdır, ancaq indi yox, sonra edərik. Valdaydakı çıxışında da bunu demək istəmişdi.
Bəs İlham Əliyev deyirdi, Qarabağ problemi bitdi və tarixdə qaldı? Bəs İlham Əliyev deyirdi, Putin Azərbaycanın müttəfiqidir? Təəssüf ki, Qarabağ hələ də Bakıdan idarə olunmur. Qarabağdakı separatçıları Moskva idarə edir və Qarabağda Rusiyanın, Ermənistanın və separatçı rejimin silahlı orduları fəaliyyət göstərir. İlham Əliyevin “Qarabağ problemi yoxdur” deməsilə bu acı gerçək dəyişmir. İlham Əliyevin bizə “müttəfiq” kimi sırımaq istədiyi Putin isə Qarabağ üzərində Azərbaycanın suverenliyinin təmin olunmasına ən çox mane olan şəxsdir.