Rövşanə Əliyeva Elşad Abdullayevi ittiham etdi

«Elşad Abdullayev Sevinci çərlədib öldürtdü, indi də məni bu həddə gətirmək istəyir»

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevin son videosundakı Rövşanə Əliyeva məsələ ilə bağlı “Təzadlar”a açıqlama verib. Rövşanə Əliyeva bildirib ki, o, ABU-ya işə düzəlmək istəyib və bu məqsədlə bir neçə ay adıçəkilən universitetə gedib. Elşad Abdullayevi bu zaman tanıyıb: “Onun qəbuluna düşmək mümkünsüz bir məsələ olub. Amma o, məni bacısı Səbirə və qardaşı E.Abdullayev vasitəsilə qəbul edib.
Məlum videoda da onun qardaşı E.Abdullayev və mənə onun özünün və bütün universitetin Səbirə kimi tanıdığı bacısı iştirak edib. Təzə videosundan da görünür və bir daha təsdiqlənir ki, mən E.Abdullayevlə heç bir halda pul alış-verişi məsələsinə qarışmamışam, qarışa da bilməzdim. Amma çox təəssüf edirəm ki, o, qardaşının tapılması üçün özünün dediyi kimi, böyük-böyük kişilərə pullar verib, sonra aldanıb, onlar qalıb bir kənarda, düşüb mən körpə uşağı olan qadının üstünə. Bunu ona bağışlamaq olarmı? Mənim ən böyük günahım budur ki, ona bir qadın kimi yazığım gəlib və qardaşının tapılması üçün təsəlli verməyə çalışmışam. Bu görüşlərdə və təsəllilərimdə də məqsədim, təkrar edirəm, bu olub. Özü də təsdiqləyir ki, bunlar hansısa pul təmənnasına görə deyil, sadəcə, sənədlərimi almışdılar və məni ABU-da işə götürməli idilər. Bunu da etməyiblər, hələ də sənədlərim orda qalıb. O ki qaldı onun Səbirə adlı bacısının olmamasına, mən ABU-ya gedib-gəldiyim müddətlərdə Səbirəni onun bacısı kimi tanımışam, yəni özü və qardaşı, bütün universitet belə tanıyıb, o cümlədən də mən. Biz- Səbirə və Eldənizlə birlikdə Mahirin tapılması üçün dəfələrlə ocaqlara, pirlərə getmişik, qurbanlar kəsmişik. Səbirə Allaha dualar edəndə qardaş-bacı istəkləri ilə edib. Yad adam o cür dualar edib Allaha yalvarardımı? Və bizim Səbirə ilə münasibətlərimizdən də bilirəm ki, onların iki bacısı olub və biri də Səbirə idi. Məlum videodakı görüşdə də mən, Elşad, Səbirə və Eldəniz, 4 nəfər olmuşuq. Mənim bundan artıq deməyə sözüm yoxdur. Elşad mənim ailə işlərimə bu videoları ilə qarışır, şəxsi həyatımla oynayır, məni ölüm həddinə çatdırıb. Sevinc Babayevanı çərlədib öldürtdü, indi də məni bu həddə gətirmək istəyir”.