YAP-da ikitirəlik dərinləşir

Mehdiyevçilər Əli Əsədovu qəbul etməməkdə isralıdır   

Hakim Yeni Azərbaycan Partiyasında (YAP) ikitirəlik yaranması barədə məlumat vermişdik. Bildirmişdik ki, ikitirəliyə səbəb hakim partiyanın kurasiya edilməsinin prezidentin iqtisadi məsələlər üzrə köməkçisi, eyni zamanda Prezident Administrasiyası (PA) rəhbərinin müavini Əli Əsədova tapşırılmasıdır. Bu addım YAP-ı PA rəhbəri Ramiz Mehdiyevin nəzarətindən çıxarılması üçün atılıb.
Lakin hakim partiyada PA rəhbərinə yaxın şəxslər yeni kuratoru qəbul etmək istəmirlər. Məsələn, partiyanın icra katibi Əli Əhmədov Əli Əsədovla işləmək niyyətində olsa da, onun müavini Siyavuş Novruzov Ramiz Mehdiyevə üz çevirmək istəmir.
Dünən əldə etdiyimiz məlumatlara görə, YAP-da ikitirəlik getdikcə dərinləşir. Bildirilir ki, artıq Mehdiyev tərəfdarları açıq şəkildə narazılığa başlayıblar. Onlar heç bir vəchlə Əli Əsədovla işləmək niyyətində olmadıqlarını bəyan ediblər. Məlumatlara görə, belə davam edəcəyi təqdirdə onsuz da ölü bir təşkilata çevrilən partiyada parçalana bilər.