«Kür» Vətəndaş Cəmiyyəti Qərargahı «fövqəlnazir»in açıqlamalarını yalan çıxardı
“Fövqəladə Hallar Nazirliyi bu günə kimi Zaqatala, Qax və Balakəndə 2984 evin və 22 məktəbin tikilib istifadəyə verildiyini açıqlayıb, ancaq bu məlumat yerli mənbələrin və zəlzələdə ziyan çəkən sakinlərin, eləcə də o tikintilərdə çalışan şəxslərin söylədiyi rəqəmlərlə ziddiyyət təşkil edir”.
Bu sözləri “Media forum” saytına açıqlamasında “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyev deyib.
Oqtay Gülalıyev Fövqəladə Hallar Nazirliyinin yanvarın 7-də açıqladığı rəqəmlərin ciddi sual doğurduğunu vurğulayıb: “Necə ola bilər ki, zəlzələdən ötən 6 ayda, yəni 2012-ci il noyabrın sonlarına qədər bölgədə cəmi 682, son 40 gündə isə birdən-birə 1292 ev tikildi?”
Oqtay Gülalıyev həmçinin qeyd edib ki, son zamanlar havaların kəskin soyuması, sərt iqlimə məxsus bölgədə intensiv qar və yağış yağması iş tempini aşağı salıb: “Belə şəraitdə 40-45 günə o qədər ev necə tikilə bilər? Bu məsələlərə aydınlıq gətirmək üçün yaxın günlərdə zəlzələ bölgəsinə səfər edib monitorinqləri davam etdirmək niyyətindəyik”.
Oqtay Gülalıyev zəlzələ bölgəsindən “Kür” Vətəndaş Cəmiyyəti Qərargahına çoxlu müraciət daxil olduğunu söyləyib: “Biz bu insanlarla görüşmək, bölgədəki vəziyyəti öyrənmək, tikildiyi iddia edilən evlərə və məktəblərə baxış keçirmək istəyirik”.
Ötən il mayın 7-də Zaqatala rayonunda 12 ballıq cədvəl üzrə 7 bal gücündə zəlzələ baş verib. Zəlzələ Zaqatala, Qax və Balakən rayonlarında dağıntılar törədib.


