Dövlətin qonşuluq siyasəti

İlham Hüseyn

Qonşularla normal münasibət hər bir dövlətin strateji xətti olmalıdır. Siyasətin hansı bucağından baxsaq görərik ki, dövlət maraqları da məhz bunu tələb edir. Amma dostu da, düşməni də yaxşı tanımalıyıq, dövlətin yaddaşı qısır olmamalıdır. “Amneziya” dövlət üçün təhlükəli xəstəlikdir. Elə siyasət yürütmək lazımdır ki, sabah qonşun qapını bağlayanda, dövlət çətin vəziyyətə düşməsin. Uzun illərin təcrübəsi göstərir ki, Rusiya etibarlı qonşu, müttəfiq deyil. Əlbəttə, arzu edirik ki, Rusiyada Putinizm məğlub olsun, demokratik hakimiyyət yaransın və xalqların öz müqəddəratını təyin etmə hüququna hörmətlə yanaşılsın. İndiki vəziyyətdə isə görürük ki, Putin Rusiyası qonşuların qanını içməklə məşğuldu, siyasi vampirliyi idarəçilik normasına çevirib. Dövlətin vəzifəsi “Rusiyada 2 milyon Azərbaycanlı çörək pulu qazanır” faktına sığınmaq deyil, Rusiya asılılığından qurtulmağın proqramını ortaya qoymaqdı. Əgər bu illər ərzində Azərbaycanda normal hökumət olsaydı, soydaşlarımız Rusiya çöllərində ömür çürütməzdi. Bu ölkədən oğurlanan milyardlarla nəinki 10 milyon, 20 milyon vətəndaşı da dolandırmaq olardı. Dövlət təfəkkürünün olmaması, vətənə obyekt kimi baxmağın nəticəsidir ki, ən pis qonşunu, ən yaxşı müttəfiq kimi özümüzə calaq etmişik. Əlbəttə, biz Rusiyaya kəllə ata bilmərik, amma qırmızı xəttlərimizin olduğunu və bunun uğrunda istənilən bədəli ödəməkdən çəkinməyəcəyimizin mesajını verməliyik. Asılısansa, bərabərhüquqlu ola bilməzsən. Bu ölkəni heç kimdən asılı vəziyyətə salmadan da güclü etmək olar. Qanun, ədalət, demokratiya, hüquq şimalda yoxdursa, qərbə üz tutmaq mütləqdir. Qonşularla münasibətləri diri saxlamaq, dövləti öldürmək bahasına olmamalıdır.
Ona görə də heç kim dövlət maraqlarını satmağı “balanslı siyasət”, “qonşuluq strategiyası” kimi gözümüzə soxmasın. Sənin bostanına daş atan qonşun varsa, daşdan qorunmaq üçün sipər təklif edən uzaq qonşunla müttəfiqlik ədalətli qərardı, zərurətdi, zəmanətdi. Və sən qonşunun haqsız olduğunu döyüşmədən də sübut edə bilərsən. Sənin haqlı olmağın, bədnam qonşunun “İsgəndər” raketindən daha güclü silahdı.