İcra başçısının keçmiş müavini: ‘Bildim ki, pula görə çağırırlar, hazırlıqlı getmişdim…’

10 il Kəlbəcərin icra başçısının müavini işləmiş Novruz Çıraqov etiraf edib ki, şöbə müdiri olduğu 4 il ərzində nazirlikdən iki dəfə yoxlama gəlib. Vəzifədə qalmaqdan ötrü hər ikisində də pul verib

10 il Kəlbəcərin icra başçısının müavini işləmiş Novruz Çıraqovu keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov haqqında cinayət işinə görə dindiriblər. Çünki o, icra başçısının müavini vəzifəsindən azad ediləndən bir müddət sonra Dövlət Sosial Müdafiə Fondunun Kəlbəcər şöbəsinin müdiri təyin edilib.

O, etiraf edib ki, şöbə müdiri olduğu 4 il ərzində (2016-2020) nazirlikdən iki dəfə yoxlama gəlib. Vəzifədə qalmaqdan ötrü hər ikisində də pul verib.

“Bildim ki, pula görədir, bu dəfə 10 min verdim”

“35 il dövlət qulluğunda işləmişəm. Yoxlama gəldi, təftişdən sonra məni nazirliyə çağırdılər. Bilirdim ki, nəyə görə çağırıblar, hazırlıqlı getdim. İstədilər, 8 min manat verdim. Qorxdum ki, işdən çıxararlar. İkinci dəfə 2018-ci ilin yanvarında yenə yoxlamadan sonra çağırdılar. Bildim ki, pula görədir, bu dəfə 10 min verdim…” – Çıraqov oktyabrın 24-də sabiq nazirin məhkəməsində dindirilərkən danışıb.

O, 4 il ərzində vəzifədə qalmaqdan ötrü 18 min manat pul verdiyini deyir, amma bunu kəlbəcərlilərin qonaqpərvərliyi kimi təqdim edir:

“Biz kəlbəcərlilərin qonaqpərvərliyi var, biz qonaqpərvərliyimizi edirik…”

Dövlət Sosial Müdafiə Fondunun Ağdam şöbəsinin müdiri işləmiş Əvəz Sadıqov da rəhbərlik etdiyi şöbədə yoxlamalar nəticəsində üzə çıxan nöqsanlara görə 10 min manat pul verdiyini iddia edir. Onun sözlərinə görə, bilirdi ki, pul verilməsə, işdən çıxarılacaq. Amma pul veriləndən sonra sadəcə, töhmətlə qurtulub.

Bundan öncəki korrupsiya işlərində də bəzi məmurların vəzifədə qalmaq, yaxud vəzifəni “almaq” üçün rüşvət verdiklərini dilə gətirdikləri hallar olub. Ancaq bununla bağlı hansısa hüquqi addımın atıldığı bəlli deyil.

“DTX-ya çağıranda bildim ki, 16 min manat mənimsəmə olub”

Keçmiş nazirlə bağlı cinayət işində paytaxtın Nərimanov rayonunun icra başçısının müavini olmuş İlqar Mirzəyevin də adı keçir.

Onun sürücüsü Qurban Kazımovun adına açılan “Şirvan-S” şirkəti vasitəsilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində evlərin tikintisi zamanı yeyinti olduğu iddia edilir. Kazımov isə deyir ki, şirkətin fəaliyyətindən xəbəri olmayıb. Şirkəti isə onun adına sürücüsü olduğu məmurun oğlu Nicat Mirzəyev açıb.

Kazımovun sözlərinə görə, Nicat Mirzəyev özü polis orqanlarında vəzifədə çalışırdı:

“Nicat Mirzəyev gəlib mənə dedi ki, tikinti işlərilə məşğuldur, adıma şirkət təsis eləmək istəyir. Mən də razılaşdım. Həmin şirkət vasitəsilə evlər tikilib. Nicat xəstəliyə tutulub, vəfat elədi. Məni Səlim Müslümovun işinə görə DTX-ya çağıranda bildim ki, 16 min manat mənimsəmə olub. Gəlib İlqar müəllimə dedim, pulu verdi, aparıb ödədim”.

Azadlıq radiosu