O fotodakı nədir – rəzillikmi, məntiqəuyğunluqmu?

Dünən sosial şəbəkələrdə yayılan bir foto günün mövzusu oldu.
O fotoda Qazaxda bayramlardan birindən sonra bayraqlarla necə rəftar edildiyi əks olunub.
Bir qalaq Azərbaycan bayrağını əski parçaları kimi bir-birinin üstünə yığaraq buldozerin xortumuna doldurub harasa daşıyırlar. Yəni ən hündür bayraq dirəyimizdən sonra ən böyük bayraq buldozerimiz də oldu.
Ən təəccüblüsü isə bilirsinizmi, nədir? O fotodakı mənzərə əvvəlcə sosial şəbəkələrdə, ardınca da bəzi saytlardan keçən xəbərlərdə rəzalət, rüsvayçılıq kimi təqdim edildi.
Rəzillikdirmi? Deyil.
Rüsvayçılıqdırmı? O da deyil.
Bəs nədir?
Sadəcə, məntiqəuyğunluqdur.
Günlər əvvəl Ilham Əliyevin Azərbaycan bayrağının memarı olan, o bayrağı ilk dəfə dalğalandıran insanları cinayətdə suçlayanda onun məmurlarının da durub bayraqla paşa könülləri istədiyi kimi davranacağını hər kəs bilməli idi.

Yardımlı sualları

Bir neçə gün əvvəl Ilham Əliyevin tətilə çıxdığı xəbəri yayıldı, əlbəttə, həmişəki kimi qeyri-rəsmi şəkildə.
Çoxları onun istirahət üçün hara getdiyinə dair təxminlər irəli sürməyə başladı. Işin bu tərəfi şəxsən mənə heç maraqlı deyil. Istefaya getməyəndən sonra hara getdiyinin nə anlamı qalır ki?
Üstəlik, mən heç onu da bilmirəm ki, Azərbaycanda onun oturduğu post onsuz da ilin 365 günü adama istirahət və əyləncədən, zənginlikdən başqa heç nə vəd etmir, xüsusi  tətil günlərinə nə ehtiyac var?
Bəs bu mövzuya nədən qələm bulamaq ehtiyacı hiss etdim?
Sadə səbəbdən: dünən möhtərəmin Yardımlı rayonuna 2 milyon manat ayırdığı barədə sərəncam imzaladığına dair xəbər gəldi. Möhtərəm belə sərəncamları bir qayda olaraq hansısa rayona gedib-gələndən sonra imzalayır. Bəs indi bu nədir? Ənənənin qırılmasımı? Ya da ola bilərmi ki, Ilham Əliyev istirahət üçün heç ölkədən kənara da getməyibmiş, elə Yardımlıda imiş? Bu 2 milyon manatı da ordan qayıtdıqdan sonra ənənənin davamı olaraq imzalayıb?
Yox, möhtərəm istirahətini Dubayda, Davosda, Mayamidə keçirib 2 milyonu Yardımlıya ayırıbsa, burda bir haqsızlıq yoxdurmu?
Şəxsən mən 2013-ü ancaq bu cür suallara cavab axtarışında keçirmək fikrindəyəm.
Yoxsa hər seçki ilinin ənənəvi sualları məndə gülüşdən və ikrahdan başqa heç nə yaratmır artıq.
Bilmirdim, yeni öyrəndim:
Bir: Çingiz Aytmatovun əsərlərinə Avropadakı marağın məşhur kommunist şair Luis Araqonun “Cəmilə” povestini “dünyanın ən yaxşı eşq hekayəti” adlandırmasından sonra yarandığını yeni öyrəndim.
Iki: “SSRI-nin xiffətini çəkməyənin qəlbi yoxdur, SSRI-nin bərpa edilməsini istəyənin isə ağlı” sözlərini bir çoxlarının dilindən eşidib qələmindən oxumuşdum. Amma o sözlərin Putinə aid olduğunu yeni öyrəndim.
Üç: Umberto Ekonun “Qızılgülün adı” romanının hələ uzaq 1986-cı ildə ekranlaşdırıldığını yeni öyrəndim. Yeri gəlmişkən: Italya, Almaniya və Fransa müştərək istehsalı olan eyniadlı film romanın özü qədər şöhrət qazanmasa da, tamaşaçılar onu yaxşı qarşılayıbmış, üstəlik, rahib rolunda Şon Konnerinin çəkilməsi tamaşaçıları ayrıca məmnun edibmiş. Həm keçən əsrin ən çox səs gətirən bir romanının ekrana necə yansıdığını görmək, həm də Şon Konnerini bir də Umberto Eko vəsiləsi ilə izləmək üçün o filmə baxmaq çox maraqlı olardı.    
Dörd: Con Steynbekin uzun illər ABŞ-da yasaqlarla üzləşən “Qəzəb salxımları” romanı əsasında çəkilən eyni adlı filmin 1940-cı ildə Stalinin SSRI-də də qadağan etdiyini yeni öyrəndim. ABŞ-da “Amerikadakı sosial bərabərsizliyi və yoxsulluğu ifşa etməsi” səbəbindən qadağalara məruz qalan bir romanın ekran variantının SSRI-də yasaqlanma səbəbi isə çox ilgincdir: filmdə Amerikadakı yoxsulluğun ifşası Stalini hər nə qədər məmnun etsə də, orada ən kasıb amerikalının belə, altında avtomobil olması onu bir o qədər qəzəbləndiribmiş!