Sevinc Babayevanın qatilləri “tapıldı”

İlham Əliyevə «İlin cinayətkarı» adı verməklə beynəlxalq təşkilatlar əllərini hakim rejimə tuşladılar

Azərbaycanda gündəm Sevinc Babayevanın ölümü olmalıdır, yoxsa, sevinc babayevaları yaradıb sonra da öldürənlər? Bu sual onlarla Sevinc Babayevanın ölümü, Gülər Əhmədovanın varlığından da aktualdır.
Gözünüzə ağcaqanad dolursa, onu qovmaqla yaşamağı da seçə bilərsiniz. Amma bataqlığı qurutmaq haqda düşünmədiyiniz halda, sizinlə ağcaqanadlara quyruq bulayan canlılar arasında elə də ciddi bir fərq olmayacaq. Ona görə də son olaylarda xəstəliyin mənbəyini yaddan çıxarıb, onu yoluxduran canlılarla mübarizəyə girmək cəhdi, toplumu düz yoldan sapdırmağın hələ də çox asan olduğunu göstərir. Bu isə bizim üçün çox ciddi təhlükələr vəd edir. Beləliklə, biz  nə etməliyik?

Üçü birində, amma yüzlərlə…

Düşünək, Azərbaycanda bu gün də xalqın dərisini “soyan” universitet rektorları yoxdurmu? Qardaşı, oğlu, xanımı, qaçırılan varlı adamlar yoxdurmu? Əmlakı əlindən alınanlar yoxdurmu? Bu cinayətlərin vasitəçiləri yoxdurmu? Nə qədər sevinclər, gülərlər, elşadlar var bu ölkədə, bilirsinizmi?
Bilmirsiniz, amma təxmin edə bilərsiniz ki, yüzlərlə belə üçlüklər var. Cinayət üçbucaqları, pramidaları, siyasət çoxüzlüləri var. Ona görə də bu adamların adı ətrafında gündəm qaynatmaq qeyri-peşəkarlıqdır. Bundan sonra Elşad Abdullayev Ilham Əliyevə şəxsən pul verdiyi videonu açıqlasa, guya, sosial partlayış olacaq? Xeyr. Ona görə ki, bəzi qaranlıq əllər o videonun adını belə yazdıracaq – Elşad Abdullayev rüşvət verərkən… Əslində isə bütün indiki videoların başlığı belə olmalı idi: Ilham Əliyev rüşvət alarkən…
Hüquqşünaslar bu fikri mübahisələndirə bilərlər, amma baş verənlərdə hüququn rolu nə qədərdir, hüquq bu prosesi çözmək gücündədirmi? Düşünün ki, bu cinayəti təqib etmək istəyi yarandı, o halda, kim və hardan başlayacaq? Çətindir, çünki adını çəkdiyimiz adamların heç biri açar şəxs deyil. Onlar sadəcə, qapının çöl dəstəyidir, yəni, oyundan kənar oyunçular…

Kimdən yapışmalı?

Bütün bu prosesi gözünüzdən keçirin, onun tək nəticəsi Sevinc Babayevanın ölümü və ya Ramiz Mehdiyevin ifşası deyil. Nəticə odur ki, Ilham Əliyev dünyada ilin mütəşəkkil cinayətkarı və korrupsioneri seçilib. Siz bu nominasiyada qalib olmuş başqa bir dövlət başçısı tanıyırsınızmı? Indi gördünüzmü, sistem kimə işləyir? Dünyanın başqa yerlərindən bu qədər aydın görünən bir prosesin qəhrəmanını yaddan çıxarmaq, piyadaları qabağa verib gündəm yaratmaq həm utancverici, həm də xəyanət kimi bir şeydir. Ilham Əliyev bütün bu olanların ən böyük mükafatını almışkən, Sevinc Babayevanın oğluna istinad etmək, nə qədər peşəkarlığa yaxındır? O, anasını kimin öldürdüyünü bilirsə, deməli, vaxtında anasını kimin öldürə biləcəyini də bilirmiş… Bunu ondan soruşan oldumu? Əlbəttə ki, bu uşağı yönləndirənlərin məqsədi qarışqanın arxasında fili gizləməkdir ki, bu məsələdə kimsə uğurlu nəticə əldə edə bilməz. Hakimiyyət, onun yüksək eşelonu cavab verməlidir, bu sistemin baniləri cavab verməlidir, amma sorğulara yox, suallara.

İstintaq cinayəti…

Sevinc Babayevanın ölümü və ya Mahir Abdullayevin qaçırılmasıyla bağlı istintaqın məqsədi bu cinayərtləri açmaq deyil, bu cinayətkar sistemin başını qorumaqdır. Bunu görməmək korluq, görüb ifadə eləməmək rəzillikdir. “Sistemi kökündən dəyişmək istəyən” bir çoxları ümumiyyətlə, millətin kökünü qazımağa hesablanmış bu olaya münasibətdə kökaltında qaldılar. MTN, DIN və prokurorluğun bu ölkədə ən yüksək səviyyədə cinayətlərin təşkilatçısına çevrildiyini dilə gətirmək əvəzinə, sahibsiz bir ölü üzərində susmaq özü bir sosial istintaq cinayətidir. Millətin prosessual reysdən çıxdığının göstəricisidir. Vəzifə və səlahiyyətlərindən qorxaqca imtina etməsinin nəticəsidir. Hanı bu ölkənin qadın təşkilatları? Gülər və Sevinc qadın deyillərmi, onları öz çirkin oyunlarına alət edən sistemə niyə səsinizi çıxarmırsız? Bu olay sərxoş ərin köməksiz arvadını öldürməsindən az dəhşətlidir? Birinciyə müdaxilə edə bilməzsiz, amma buna müdaxilə etməyin yolları ortada deyilmi? Biz indi bir toplum olaraq, ləyaqətlə yaşamaq istəyiriksə, milyonlarla əl birdən bu cinayətkar sistemin liderlərinin yaxasından yapışmalıdır, biləyimiz qopsa da… Bunu etməyə hazırlaşmadıqca, heç bir kişinin öz qadınının, qızının üzünə baxmağa haqqı yoxdur. Çünki bu sistem artıq insanlara qadınları, qızları ilə tələ qurur, biz də bundan sığortalanmamışıq.