Çölü bəzək məhkəmələr…

Ənnağı Hacıbəyli

Mən Avrasiya Əməkdaşlıq Fonduna qarşı iddia qaldıranda Yasamal Rayon Məhkəməsi Inşaatçılar prospektindəki köhnə yerində qərar tutmuşdu. Iş elə gətirdi ki, proses uzandı və son bir ayda məhkəmə iclasları məhkəmənin Badamdar qəsəbəsindəki yeni binasında keçirildi. Bura birinci dəfə idi gəlirdim və nəhayət ki, Azərbaycan məhkəmələrinin də normal şəraitinə sevindim. Ancaq bu sevinc uzun sürmədi. Hakimin işə münasibəti, məhkəmə binasında baş verənlər, nəhayət, çıxarılan qərar bir daha sübut etdi ki, məhkəmələrin çölünün bəzənməsi hələ heç nə demək deyil.
Əslində Ali Məhkəmənin möhtəşəm binasında keçirilən məhkəmə prosesləri bunu artıq sübut eləmişdi. Nəinki seçkilər və başqa siyasi işlərlə bağlı qərarlar, hətta vətəndaşların və təşkilatların mülkiyyət və başqa hüquqları ilə bağlı məhkəmə prosesləri göstərmişdi ki, hakim kimi yüksək ada layiq olmayanları qızıl saraylarda oturtsan da mahiyyət dəyişməyəcək – ədalət mühakiməsini həyata keçirmək hər yetənin işi deyil. Bunun üçün ədalət barədə normal təsəvvürlər, şəxsiyyət, şərəf və ləyaqət barədə, heç olmasa, elementar təsəvvürlərin olmalıdır.
Bu məsələyə qayıdacağıq. Ancaq bir məsələni qeyd edim. Yasamal məhkəməsinin inventarlarına münasibət insan hüquqlarına münasibətdən qat-qat ciddidir. Məhkəmənin divarlarına, dəmir-dümürünə yaxınlaşmaq mümkün deyil. Dərhal nəzarətçi adamın başının üstünü alır. Hətta mənə xəbərdarlıq olundu ku, aşağı yıxıla bilərəm, bu isə üç maddə ilə cinayət işinin başlanmasına səbəb ola bilər – dövlət əmlakının məhv edilməsi, bədənə xəsarət, başqa şəxsə zərər vurulması…

Mühakimə

Ölkədə ədalət mühakiməsinin olmamasının səbəbləri çoxdur və bu səbəblər çoxlarına bəllidir. Bu dəfəki məhkəmə prosesi ilə bağlı bir daha əmin oldum ki, yaxamızı kənara çəkməyə haqqımız yoxdur. Bu durumun günahkarlarından biri də bizik – vəkillər və vətəndaşlar.
Bizim iddiamıza hakim Tahir Ismayılov baxırdı. 5 ay davam edən məhkəmə prosesində ona yaxın iclas olmuşdu və onların heç biri vaxtında başlamamışdı. Dekabrın 26-da keçirilməli olan məhkəmə iclası isə hamının – vəkillərin də, tərəflərin də əsəblərini sona qədər gərmişdi. Iyirmiyə yaxın adam 3 saata yaxın müddətdə hakimi gözləyirdi. Əsəbləri tarıma çəkilmiş vətəndaşları öncə sakitləşdirməyə çalışan vəkillər sonda deyinməyə başladılar:
– Bu adam həmişə belədir.
– Görəsən bu hakim heç olmasa bir dəfə məhkəmə iclasını vaxtında başlayacaqmı?
– Bu adamın işi Allaha qalıb.
Əslində Allahdan qabaq ən azı iki instansiya var idi. Vəkillərə yaxınlaşıb dedim ki, gedək məhkəmənin sədrinə şikayət edək, Məhkəmə-Hüquq Şurasına şikayət yazaq. Belə olmaz axı. Biz nəyə görə bu hörmətsizliyə dözməliyik?!
Təbii ki, heç kim “hakimlə münasibətləri korlamaq istəmədi”. Vəkillərdən biri cavab verdi ki, sədr məzuniyyətdədir və onu məhz Tahir müəllim əvəz edir. Dairə qapanmışdı. Biz ədalət mühakiməsinin mühasirəsində idik.
Ancaq sonradan bəlli oldu ki, mühasirəyə əlavə qüvvələr cəlb edilib. Sən demə, sədr əvəzinin 3 saat ərzində məhkəmə iclas zalına gəlməməsinin səbəbi Ədliyyə Nazirliyinin nümayəndələrinin binada texniki təchizatı yoxlamasıdır. Məhkəmələrdə işin təşkilinə məsul olan nazirlik işi elə təşkil eləmişdi ki, insanlar saatlarla prosesin başlamasını gözləyirdilər.
Adamları qıcıqlandıran həm də o idi ki, bu müddətdə kimsə zalı açıb hansısa izahat, elan, məlumat vermirdi. Məhkəmə zalının qarşısında qoyulmuş 5-6 skamyada növbə ilə oturan adamların narahatlığı və əzabları kimsənin vecinə deyildi.

Müsabiqə

Avrasiya Əməkdaşlıq Fondu ilə əvvəlki əməkdaşlıq təcrübəsindən bəlli idi ki, bu təşkilatın müsabiqələrində iştirak etmək mənasızdır. Fondun öz müştəriləri var və oradan qrant almaq hər təşkilatın işi deyil. Üstəlik, o qədər də yaxşı reputasiyası olmayan təşkilatla işləmək istəməzdik. Ancaq təşkilatın yenilənməsi barədə informasiyalar, müsabiqə mövzularının fəaliyyətimizlə uyğunluğu, bizim müsabiqədə iştiraka təkidlə dəvət olunmağımız müəyyən ümidlər yaradırdı və biz layihə ilə Fonda müraciət etmək qərarına gəldik.
Nəticələr özünü çox gözlətmədi. Biz heç bir əsaslandırması olmayan rədd cavabı aldıq və bu bizi xeyli təəccübləndirdi. Qapalı müsabiqəyə dəvət olunmuş 30 təşkilatdan 10-u qalib sayılmalı idi. Təbii ki, hamı qalib ola bilməzdi. Ancaq təəccüblənməyimizə də əsas var idi. Biz hakimliyə və vəkilliyə namizədlər üçün treninq-kursların keçirilməsi, apelyasiya məhkəmələrinin yerləşdiyi şəhərlərdə hakimlər, vəkillər və vətəndaşlar üçün Avropa Məhkəməsinin prosedurları ilə bağlı məsləhətlər verilməsi, imtahan testlərinin hazırlanması və çapından ibarət layihə hazırlayıb Fonda təqdim etmişdik. Bu, Fondun “Hüququn Üstünlüyü və Demokratiyanın Təşviqi” Proqramı çərçivəsində elan etdiyi müsabiqənin mövzusuna (“Məhkəmə və qanunvericilik islahatı”) tam uyğun idi, layihə müsabiqənin qiymətləndirmə kriteriyalarına uyğun tərtib edilmişdi, bu sahədə zəngin təcrübəmiz var, layihənin səmərəliliyi heç bir şübhə doğurmurdu, layihənin icrasi ilə bağlı heç bir ciddi risk yox idi.
Imtinanın səbəbləri bəlli olmadığından Fondun rəhbərliyinə sorğu verib cavab istədik. Fondun Icraçı Direktoru Nailə Həşimova cavab verəcəklərini bildirsə də, bir neçə gündən sonra sorğunu Moskvaya, auditora göndərdiyini bildirdi. Guya Fondun prosedurları belə tələb edirdi. Biz müsabiqə komissiyasının qərarı barədə izahat istədiyimizi və bunun auditora dəxli olmadığını bildirsək də, “prosedur” bəhanəsi dəyişmədi.
Nəhayət, iyulun 31-də auditor bizə cavab verdi ki, “layihəmizə baxılarkən Fondun prosedurlarının pozuntusu aşkar edilməyib. Oktyabrın 15-25-də Bakıda olarkən şikayət araşdırılacaq və bizə cavab veriləcək”. Araşdırmadan 3 ay öncə belə cavab verilməsi (görünür, auditorun ekstrasenslik qabiliyyəti də var) Fondun və onun auditorunun fəaliyyəti barədə yetərincə məlumat verdiyindən məhkəməyə müraciət etmək qərarına gəldik.

Məhkəmə

Artıq məhkəmə barədə təsəvvürünüz var, hörmətli oxucu. Ancaq rəzalət bunlarla bitmir. Məhkəmə təkidli tələblərimizdən sonra, nəhayət, cavabdehin rəhbərini və müsabiqə komissiyası üzvlərindən birini – qrant-menecer Zümrüd Ismayılovanı məhkəməyə gətirə bildi. Nailə xanım bütün suallardan yayınmağa çalışdı və hər şeyi “daxili prosedur qaydaları” ilə izah etdi. Bu qaydaları kimin, nə vaxt, hansı qərarla təsdiq etdiyini deyə bilməyən icraçı direktor bu qaydaları məhkəməyə təqdim etməkdən imtina etdi və dedi ki, bu qaydalar gizlidir və heç kimə göstərilə bilməz. QHT-nin başlıca fəaliyyət prinsiplərindən birinin şəffaflıq olduğunu, məhz müsabiqənin prosedur qaydalarının pozulmasından məhkəməyə şikayət verildiyini və bu qaydaları görmədən məhkəmənin qərar qəbul etmək imkanının olmadığını desək də, hakim həmin qaydaların məhkəməyə təqdim edilməsini tələb etmək əvəzinə cavabdehi müdafiə etdi: “Ənnağı müəllim, cavab vermir də, deyir ki, qaydalar gizlidir”. “Möhtərəm hakim, Siz görmədiyiniz qaydaların pozulub-pozulmadığını necə müəyyən edəcəksiniz” sualı isə hakimə heç nə demədi…
Cavabdeh təşkilatın – QHT-nin vətəndaş cəmiyyəti, onun fəaliyyət prinsiplərinə, donor-resipiyent münasibətləri probleminə münasibəti müsabiqə komissiyasının üzvlərindən birinin – Zümrüd Ismayılovanın məhkəməyə verdiyi ifadədə daha çılpaq şəkildə özünü göstərdi. Onun çıxışından bir hissə: “Layihə özü başdan-başa problemdir elə. Hansını deyim ki… Burda hələ ən əsas onu qeyd edim ki, hakim korpusu ilə bağlı problemlər qeyd olunub və yazılıb ki, məhkəmə sahəsində rüşvətxorluqla bağlı hallar çoxdur. Kadrlar yaxşı hazırlanmır, nəzəri bilikləri kifayət qədər deyil. Bu nə deməkdir? Heç mən bu sözləri qəbul etmirəm. Bu layihə deyil. Elə bil ”Azadlıq” qəzetinə məqalə yazıb. Bir də ki, əgər mən hakim olsaydım və ya məhkəmə sistemi işçisi olsaydım, bu layihəni görsəydim, elə mən özüm bunları məhkəməyə verərdim ki, görüm bu nə sözlərdir ki, hakimlərin ünvanına deyirlər. Bu nə dərəcədə düzgündür ki? Bu ölkədə mən inanmıram ki, hansısa hakim imtahandan başqa yolla keçsin və ya kimsə rüşvət alsın. Mənim atam da neçə ildir ki, vəkil işləyir, amma mən hələ bir dəfə də olsun eşitməmişəm ki, bu cür neqativ hallar baş verdiyinin şahidi olsun və desin. Bu nə deməkdir ki? Sizin yazdıqlarınız bütün hakimlərin savadını da şübhə altında qoyur. Bu düzdür, sizcə?”.
Təbii ki, bu çıxış planlaşdırılmış çıxış idi. Ancaq vətəndaş cəmiyyəti təşkilatı nümayəndəsinin, hakimi provokasiyaya hesablanmış həddən artıq mürtəce çıxışı hətta Nailə xanımı da narahat etdi və o, sonradan bu çıxışa görə dəfələrlə üzr istədi. Lakin bu üzrxahlıq da planlaşdırılmış üzrxahlığa oxşayırdı və aqressiv işçinin humanist rəhbəri təəssüratı yaradılmasına xidmət edirdi.   
Müsabiqə iştirakçılarından birinin – Media Hüququ Institunun Fonda məktubundan: “Hüquqi məzmunlu müsabiqənin nəticəsi, seçilən layihə və təşkilatların siyahısı ilə tanış olduq. Ilk müşahidəm AƏF-in yenə də demək olar ki, eyni tərəfdaşları seçməsi oldu… Eyni zamanda AƏF-in daimi tərəşdaşının bizim layihənin ideyası ilə üst-üstə düşən layihəsinə dəstək verilməsi haqda bilgilərimiz var”.
Məhkəmə prosesində sonuncu cümlə ilə bağlı sual da cavabsız qaldı. Çünki ona cavab artıq bəlli idi – bir neçə il öncə 28 QHT-nin imzaladığı müraciətdə bəzi fondlar, o sıradan AƏF  məmur QHT-lərini maliyyələşdirməkdə, müstəqil QHT-lərə ögey münasibətdə, qrantların korrupsiya mənbəyinə çevrilməsində, vəsaitlərdən səmərəli istifadə olunmamasında və başqa neqativ hallarda suçlu sayılmışdı.
Qalib təşkilatların layihələri barədə AƏF-in saytında yerləşdirilmiş məlumatla adi tanışlıq da göstərir ki, AƏF əvvəlki fəaliyyət prinsiplərinə sadiqdir. Qərarlar qəbul edilməsində qadınların iştirak payını artırmaq üçün eyni zamanda iki QHT-yə, özü də eyni rayonlarda (Masallı, Lənkəran) işləmək üçün vəsait ayrılıb. Daha bir QHT “Dövlət orqanları tərəfindən əhaliyə göstərilən pullu xidmətlərin idarəetmə, şəffaflıq və keyfiyyətinin artırılması” üçün vəsait alıb. Saytın məlumatına görə, seminarlar keçirilməsi və təkliflər hazırlanması “əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin, şəffaflığının artırılması, qanunvericilik normalarına uyğunluğun bərqərar olması ilə nəticələnəcək”. Hansı qanunvericiliyin dövlət orqanlarına pullu xidmət göstərilməsinə icazə verdiyi, seminar yolu ilə onun keyfiyyətinin necə artırılacağı qaranlıq qalır.
Bizim layihəni yenilikçi olmamaqda, test kitabları buraxmaqla namizədləri imtahana hazırlamağın mümkün olmamasında ittiham edən fond nümayəndələri nədən seminar yolu ilə yuxarıda göstərilən nəticələrin əldə ediləcəyinə qeyd-şərtsiz inanmışdılar? Onlarda bu inam necə formalaşdırılmışdı?
Bir təəssürat da maraqlı idi. Yarım ildən artıq müddətdə davam edən bu prosesdə fond nümayəndələrinə, hakimə çatmırdı ki, biz qrant davası eləmirik, məqsəd sağlam donor-QHT münasibətləri, sivil vətəndaş cəmiyyətinin formalaşdırılmasına yardımçı olmaqdır. Üstəlik, bu mübahisənin məqsədi həm də qanunvericilikdəki boşluğa diqqət çəkmək idi. Müsabiqələrin keçirilməsi qaydalarını nizama salmalı olan MM-in 55-ci fəsli məcəllənin ən keyfiyyətsiz normaları sayıla bilər. RF MM-in 57-ci fəslinin axtalanmış variantı olan bu normaların hər hansı mübahisəni həll etmək potensiyası yoxdur.

Son

Ədalət naminə deyim ki, Yasamal Məhkəmənin yeri düzgün müəyyən olunub. Şəhər qəbristanlığı, maşın bazarı, “Naftalan” Müalicə və Sağlamlıq Mərkəzi arasında yerləşən bu binanın xidmətindən istifadə edən vətəndaşların bu obyektlərin hamısına ehtiyacı var. Işi hakim Tahir Ismayılovun icraatında olan şəxslərin isə “Naftalan”dan geriyə – şəhər qəbiristanlığına qayıtmaq şansı daha çoxdur.